“Paşinyanın kənar qüvvələri prosesə cəlb etmək cəhdləri nəticəsiz qalacaq”

84

Məhəmməd Əsədullazadə: “Azərbaycan Ermənistan ərazisindən atılan raketlərin yerləşdiyi mövqeləri vurduqdan, Qarabağı işğaldan azad etdikdən sonra düşmən ölkədə siyasi çaxnaşma olacaq, Paşinyan əleyhinə kütləvi etirazlar başlayacaq”

“Bu müharibə Azərbaycanın qələbəsinə, Ermənistanın isə daha da zəifləməsinə, iqtisadi və siyasi problemlərə, sonda isə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq”

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə, Mingəçevir, Bərdə, Xızı və Abşerona raket zərbələri endirilib. Bununla bağlı Azərbaycanın Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 5-də səhər saatlarında Azərbaycan Hava Hücumundan Müdafiə Qüvvələrinin Radiolokasiya sistemlərinin texniki vasitələri Ermənistanın Cermuk, Qafan və Berd rayonları ərazisində yerləşən start mövqelərindən Azərbaycan ərazisinə atılan raket buraxılışını qeydə alıb. Qeyd olunur ki, bütün cəbhə boyu sıxışdırılan düşmən artıq bir neçə gündür ki, Ermənistan ərazisindən Azərbaycan ərazisində əhalinin kompakt yaşadığı məntəqələrə, mülki infrastruktura sistematik raket zərbələri endirir. Eyni zamanda, Ermənistanın müdafiə nazirliyi Azərbaycan ərazisinin Ermənistandan atəşə tutulması faktını inkar edir və bunun işğal olunmuş ərazilərimizdən həyata keçirildiyini bildirir. Məlumatda o da deyilir ki, Ermənistanın bu cür məsuliyyətsiz və cinayətkar hərəkəti məqsədyönlü şəkildə Azərbaycanı cavab tədbirləri görməyə təhrik edir.

Yeri gəlmişkən, axar.az-a istinadən nəzərinizə çatdıraq ki, Qarabağda gedən döyüşlərdə böyük itkilərə məruz qalan Qarabağ separatçı-terrorçularının rəhbəri Araik Arutyunyan yenidən terrorçu mahiyyətini nümayiş etdirib. Belə ki, o, Azərbaycanın mülki əhalisini vurmağa davam edəcəklərini bəyan edib. Ermənistanın tarix elmləri namizədi, Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qriqori Ayvazyan isə “politik.am” saytına açıqlamasında İrəvanın bu təxribatla bağlı gizli planlarını açıqlayıb. “Ermənistana indi Rusiyanın yardımı hava-su kimi lazımdır. İrəvan buna nail olmaq üçün Azərbaycan mütləq Ermənistan ərazisinə zərbə endirməlidir” deyən Ayvazyanın sözlərinə görə, əgər Ermənistan dünyanın real ağrı hiss etməsini istəyirsə, Bakı, Sumqayıt, eləcə də Azərbaycandakı neft-qaz obyektlərinə raket zərbələri endirməlidir: “Müharibə dünya ictimayətinin maraqlarına toxunduqda, onlar fəal hərəkətlərlə cavab verəcəklər. Biz Gəncə zərbələri endirdik, indi Bakıya və Sumqayıta zərbələr endirmək lazımdır ki, Azərbaycan Ermənistanı vurmaq məcburiyyətində qalsın”.

“Ermənistan nəyin bahasına olursa-olsun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından yardım almağa çalışır”

Budur, aydın şəkildə görünür ki, Ermənistan rəhbərləyi nəyin bahasına olursa-olsun Rusiyanı da müharibəyə cəlb etmək niyyətindədir. Mövzu ilə bağlı “Hürriyyət”ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə də məhz bu qənaətdədir. O bildirdi ki, Azərbaycan Ordusunun Ermənistanın törətdiyi təxribatlara cavab olaraq, başladığı əks-hücum əməliyyatları uğurla davam edir: “Göründüyü kimi, ordumuzun əks-hücum əməliyyatlarında düşmənin canlı qüvvəsi, ağır texnikası və hərbi strateji obyektləri məhv edilir. Bunun da nəticəsində Ermənistan ordusunun müqaviməti qırılıb və işğal altındakı ərazilərimiz qarış-qarış, kənd-kənd azad edilir. Onu da qeyd etmək lazımdır ki, artıq Ermənistan rəhbərliyi panikadadır. Düşmən ölkənin baş naziri Nikol Paşinyan isə vəziyyətdən çıxış yolu kimi bir sıra ölkələrin rəhbərlərinə zəng edib, lakin onlardan heç bir dəstək almadı. Çünki Azərbaycanın əks-hücum əməliyyatları beynəlxalq hüquq müstəvisində və BMT-nin qətnamələri əsasında həyata keçirilir”. Ermənistanın nəyin bahasına olursa-olsun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım almağa çalışdığını vurğulayan politoloq hesab edir ki, Nikol Paşinyan xüsusilə Rusiyanın dəstəyini əldə etməyə can atır: “Lakin bu, mümkün deyil. Çünki Azərbaycan əks-hücum əməliyyatlarını öz torpaqlarında aparır və bu halda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistana yardım etməsi mümkün deyil. Lakin Ermənistan rəhbərliyi münaqişəni daha da geniş formata çıxarmağı və üçüncü qüvvələri bu prosesə cəlb etməyi planlaşdırır. Rusiyaya, konkret olaraq bu ölkənin prezidenti Vladimir Putinə edilən müraciətlər bunun bariz sübutudur. Paşinyanın Qarabağda Rusiya sülhməramlılarının olması məsələsini gündəmə gətirməsi də məhz buna hesablanıb. Ermənistan rəhbərliyi bu yolla atəşkəsin əldə olunmasına və düşdüyü çətin durumdan çıxmağa çalışır”.

“Ermənistan ərazisindən Gəncə, Mingəçevir, Bərdə, o cümlədən digər bölgələrimizə raket və artilleriya hücumu müharibənin genişlənməsinə hesablanıb”

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədrinin fikrincə, Ermənistan ərazisindən Gəncə, Mingəçevir, Bərdə, o cümlədən digər bölgələrimizə raket və artilleriya hücumu müharibənin genişlənməsinə hesablanıb: “Ermənistan rəhbərliyi bu yolla Azərbaycanı təxribata çəkməyi, yerli əhalini qorxutmağı planlaşdırır. Lakin düşmənin planı baş tutan deyil. Birmənalı şəkildə deyə bilərəm ki, Ermənistan Gəncəyə raket atmaqla Qərbin regionda enerji və geosiyasi maraqlarına zərbə vurdu. Çünki “Gəncə dəhlizi” ABŞ başda olmaqla, Qərbin enerji və nəqliyyat dəhlizidir. Odur ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələni Vaşinqton və Brüsselə bildirməlidir. Gəncəyə raket atılmasından sonra artıq Azərbaycanın Ermənistana heç bir kompromis yeri qoymayacaq. Ümumiyyətlə, Qarabağ ermənilərdən təmizlənməlidir və onlara heç bir muxtariyyət verilməməlidir. Ermənistanın terrorçu siyasi rəhbərliyi düşünür ki, Gəncəni vurmaqla, Azərbaycanı atəşkəsə məcbur edəcəklər, yaxud Azərbaycan Ermənistana cavab zərbəsi endirməklə Rusiyanı müharibəyə cəlb edəcəklər. Lakin unudurlar ki, ortada Türkiyə faktoru var. Bu səbəbdən də Rusiya bu münaqişədə yer almayacaq. Onu da qeyd edim ki, Ermənistan rəhbərliyi heç vaxt hesablamırdı ki, Azərbaycan ordusu Xankəndini vuracaq. Xankəndini vurduğu kimi Ermənistan ərazisindən ölkəmizə raket atılan yerləri də təhlükəsizliyimiz üçün vura bilərik. Bu, bizim hüququmuzdur. Odur ki, Azərbaycan özünü müdafiə hüququndan istifadə edib istənilən təhlükənin haradan gəlməsindən asılı olmayaraq, oranı vurmalıdır”.

“Azərbaycan Ermənistan ərazisindən atılan raketlərin yerləşdiyi mövqelərin zərərsizləşdirilməsi üçün zəruri tədbirlərə baş vura bilər”

Məhəmməd Əsədullazadə onu da əlavə etdi ki, Azərbaycan işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda mübarizəni sonadək aparacaq və Nikol Paşinyanın kənar qüvvələri prosesə cəlb etmə cəhdləri nəticəsiz qalacaq: “Bildiyiniz kimi, artıq Azərbaycanın Müdafiə Nazirliyi həmin raketlərin Ermənistanın hansı ərzisindən atıldığına dair məlumat verib. Düşünürəm ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünün təhlükəsizliyini təmin edəcək. Qeyd edim ki, həmin maddəyə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Odur ki, Azərbaycan Ermənistan ərazisindən atılan raketlərin yerləşdiyi mövqelərin zərərsizləşdirilməsi üçün zəruri tədbirlərə baş vura bilər. Düşünürəm ki, Azərbaycan bu hüquqdan istifadə edərsə, Rusiya, o cümlədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı münaqişəyə qarışmayacaq. Çünki həm Rusiya, həm də KTMT rəhbərliyi proseslərin Ermənistan tərəfindən qızışdırıldığını yaxşı anlayır. Belə ki, Nikol Paşinyan Gəncə, Mingəçevir, Bərdə və digər bölgələrimizə raket zərbələri endirməklə Rusiyanı da təxribata çəkməyə çalışır. Lakin Kreml rəhbərliyi bunu çox yaxşı başa düşür və buna görə də Ermənistanın təxribatına uymayacaq. Onu da bildirməliyəm ki, Ermənistanın intensiv raket atışları başlasa, Azərbaycan da adekvat addım atacaq. Düşünürəm ki, bu, an məsələsi ola bilər. Hazırda isə Azərbaycan maksimum təmkin nümayiş etdirir və düşmənin planlarını hesablayır”. Politoloqun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisindən ölkəmizə raket atılan yerləri vurduqdan, həmçinin Qarabağdakı digər ərazilərimizi də işğaldan azad etdikdən sonra düşmən ölkədə siyasi çaxnaşma olacaq, Paşinyan əleyhinə kütləvi etirazlar başlayacaq: “Bütün bunlar isə sonda Nikol Paşinyanın istefasıyla nəticələnəcək. Çünki artıq Ermənistan əhalisi də Azərbaycanın yetərincə güclü olduğunu və bu gün yaşananların Paşinyanın siyasi səhvinin nəticəsi olduğunu bilir. Odur ki, bu müharibə Azərbaycanın qələbəsinə, Ermənistanın isə daha da zəifləməsinə, siyasi çaxnaşmaya, daxili etirazlara, iqtisadi və siyasi problemlərə, sonda isə hakimiyyət dəyişikliyinə gətirib çıxaracaq”.

Vazeh BƏHRAMOĞLU