“Paşinyanı gec-tez hakimiyyətdən devirəcəklər”

123

Nəzakət Məmmədova: “Vaxt gələcək Paşinyanın özünü də Azərbaycan və Türkiyə agenti kimi göstərəcəklər”

“Paşinyan öz arvadını müharibəyə göndərirsə, bu artıq onun və ermənilərin sonu deməkdir”

Müsahibimiz siyasi məsələlər üzrə ekspert Nəzakət Məmmədovadır. Ermənistanın baş naziri Nikol Paşinyanın sonunun Qəddafi, Səddam Hüseyn kimi diktatorların sonu ilə eyni olacağını deyən politoloqla müsahibəni oxucularımıza təqdim edirik:

– Moskvada və Vaşinqtonda əldə olunmuş humanitar atəşkəs razılaşmasına əməl etməyən Ermənistan Cenevrə razılaşmasına nə dərəcədə əməl edəcək?

– Bu əvvəlki görüşülərin davamıdır. Sentyabrın 27-dən sonra baş verən hadisələri diplomatik müstəvidə müzakirəsi məqsədi daşıyır. Bildiyimiz kimi, artıq üçüncü dəfədir ki atəşkəs elan olunub. Ola bilsin ki, bu dəfə ki görüşün də məqsədi atəşkəsin nəticələrini möhkəmləndirmək məqsədi daşıyır. Görüş ATƏT-in MİNSK Qurupunun həmsədrləri tərəfindən təşkil olunur. Onlar istəyirlər ki, Azərbaycan hərbi əməliyyatları dayandırsın. Əvvəlcə, humanitar atəşkəs adı altında, daha sonra bunu müddətsiz atəşkəsə çevirmək istəyirlər. Yəgin ki, məqsəd budur. Azərbaycanın irəliləməsinin qarşısını almağa çalışırlar. Sentyabrın 27-nə qədər olan status-kvo-nu bərpa etmək niyyətindədirlər. MİNSK Qurupunun da tamamilə ifşa olunduğunu görürük. Artıq, dövlət başçısı səviyyəsində ifşa olunurlar. Onların, 30 ildə heç bir iş görməmələri tamamilə ifşa olundu. Faktiki olaraq, Ermənistan tərəfdən çıxış ediblər. 1994-cü ildən imzalanmış atəşkəsi uzatmaq istəyiblər. Əslində neytral olmalıydılar. Amma, əksini gördük. Hər üç vasitəçi tərəfkeşlik edib. Bu gün də MİNSK Qurupu öz əməllərini davam etdirir. Onlar, danışıq adı altında hərbi əməliyyatlara mane olurlarsa,  demək burda Ermənistanın xilas planından söhbət gedir. Məqsəd Ermənistanın xeyrinə addımlar atmaqdır. Azərbaycanın hərbi uğurlarını isə görməzdən gəlirlər.

– Paşinyanı digəri Ermənistan rəhbərlərindən fərqləndirən xüsusi cəhəti varmı?…

– Deməzdim ki, Paşinyan tam fərqli siyasət yürüdür. Cəmiyyət olaraq, tamamilə Paşinyana yüklənməmiz də doğru deyil. Paşinyan kimdirki?!… Onun özünün özünə faydası yoxdur, bizə hansı zərəri vura bilər?! Paşinyan Ermənistan demək deyil. Dünya Erməniliyinin məkrli siyasət planlarında növbəti fiqurdur, hansını ki, istənilən an qurban verə bilərlər, habelə devirə, terror aktına məruz qoya bilərlər. Paşinyan Ermənistanda belə hakimiyyəti iki ildə tam şəkildə öz əlinə ala bilməyən uğursuz bir siyasətçidir. Bizdə bəzən belə təsəvvür yaranır ki, sanki, bütün fəlakətlərin səbəbkarı Paşinyandır. Mən, bununla razı deyiləm. Paşinyan da hər bir erməni kimi alçaqdır. O da digər ermənilər kimi Azərbaycana nifrət edir. Lakin o, təsəvvür edilən kimi cümlə fəlakətlərə bais ən böyük iblis deyil. Ən böyük iblislər diaspora içərisində və Qarabağ klanının içərisində kök atıblar, Paşinyan isə diasporanın korrupsioner, Rusiyapərəst Qarabağ klanına əks qütbdə qoyduğu məzlum jurnalist keçmişi olan bir şəxsdir.  Ermənistanın başında kim olarsa, ən azı Paşinyanlıq edəcək. Yəni, təlxəklik edib, ucuz şou göstərəcək. Onun Ermənistan cəmiyyətinə təqdim etməyə bundan başqa heç nəyi olmayıb və olmayacaq da. Qarabağ klanı müharibədəki əclaflıqları ilə öyünərək erməni cəmiyyətini sakitləşdirib onilliklərlə ölkəni talamışdılar. Paşinyanda isə bunların heç biri yoxdur, ona görə də bu cür bəyanatlarla kifayətlənməli olurdu. Eyni zamanda, ən əsas məsələ ondan ibarətdir ki, Rusiya Ermənistan və Azərbaycan arasında balansı saxlamağa çalışırdı: Qarabağ de-yurye Azərbaycan, de-fakto Ermənistana məxsus olsun, vəziyyət belə davam etsin. Rusiyanın bu balans siyasəti isə diasporanın səbrini daşırdı. Onlar buna dözmək fikrində deyildilər, onların planına görə Qarabağ tamamilə Azərbaycandan qoparılıb Ermənistana verilməli idi. Rusiya isə buna yol vermirdi və status kvonu Qarabağ klanının əli ilə qoruyub-saxlayırdı. Diaspora Paşinyanı hakimiyyətə gətirməklə Rusiyanın planını pozaraq, Qarabağı Ermənistana birləşdirməyə cəhd etdi. Paşinyanın “Qarabağ Ermənistandır” şüarı da bunun təzahürü idi. Üstəlik, danışıqların formatını dəyişmək və Qarabağın erməni icmasını danışıqlara tərəf kimi daxil etmək də buna hesablanmışdı. Paşinyan regionda Rusiyanın yaratdığı status-kvonu dəyişmək üçün gətirilmiş adamdır. Ona görə də, problem dünya erməniliyinin bu məkrli planlarını birdəfəlik məhv etməkdir ki, Azərbaycan bunun öhdəsindən uğurla gəlir. Təcrübə də göstərir ki, Ermənistan kimi bir ölkənin normal bir rəhbəri olmayıb, özünə layiq adam onlara başçılıq edib və edir. Problem həm də Ermənistan dövlətinin mahiyyətində, xalqın düşüncə tərzindədir.

– Bundan sonra Paşinyanın sonraki aqibəti necə ola bilər?

– Onu devirə də bilərlər. Əminəm ki, Paşinyan hər an bu qorxuyla yaşayır. O, çevriliş olmasından qorxur. Çünki özü hakimiyyətə çevrilişlə gəldi. İndi isə onu özünü hakimiyyətdən devirəcəklər. Hər kəs elədiyinin eynisiylə üzləşir. Bu demək olar ki, qanunauyğunluğdur. Qəddafi, Səddam Hüseyn kimi liderlər də eyniylə çevrilişlə hakimiyyətə gəlib və çevrilişlə devrilmişdilər. Əgər hansısa dövlətdə demokratik yolla seçilmək yoxdursa, dövlət uçuruma gedir. Bu cür dövlətlərdə devirmə prosesi ənənə halını almağa başlayır. Bundan heç kim qaça bilməz. İnanıram ki, Paşinyanı gec-tez devirəcəklər. Bəlkə də planlar gedir artıq. Artıq Paşinyan özü də geri çəkilib. Kadrlarını da bir-bir qurban verir. Milli Təhlükəsizlik Xidmətinin rəhbərini vəzifədən kənarlaşdırdı. Onu Azərbaycanın xeyrinə casusluq etmək də ittiham edirdilər. Vaxt gələcək Paşinyanın özünü də Azərbaycan və Türkiyə agenti kimi də göstərəcəklər. Əgər dövlətin təhlükəsizlik xidmətinin rəisini casusluqda ittiham edirlərsə, onu da asanlıqla ittiham edə bilərlər. Bu baxımdan Paşinyanın devrilməsi və hakimiyyətdən getməsi  ehtimalı çox böyükdür. Bu müharibənin aqibətindən də aslıdır. Artıq uduzub. Ona görə də Paşinyanın hakimiyyətdə qalması üçün heç bir əsası yoxdur. Bir tərəfdən Ermənistanda tüğyan edən koronavirus bəlası, digər tərəfdən isə müharibənin uğursuzluqları, Qarabağ klanıyla savaş və Putinin ona olan təzyiqləri onun devrilməsini tezləşdirir. Paşinyan hazırda hakimiyyətdə qalma çabaları göstərir. O bilir ki, bu müharibə onun aqibətini həll edəcək. 2016-cı ilin Aprel döyüşləri Sarksiyanı hakimiyyətdən uzaqlaşdırdığı kimi, Paşinyanı da son olan müharibə onun taleyini həll edəcək. Əgər, o öz arvadını müharibəyə göndərirsə, bu artıq onun sonu deməkdir. Paşinyan qeyri-peşəkar biridir. Ermənistanda isə qarşıdurma dəhşətli dərəcədə artacaq.

– Ermənistan-Azərbaycan münaqişəsi fonunda, bölgədə Rusiya-Türkiyə əməkdaşlığı mümkündürmü?

– Hər şey mümkündür. AmmaPutinin sözünə də inanmaq olmaz. Belə bir misal var. Sağı göstərib, sol vurur…O, Ərdoğana əl uzadaraq, jest etmiş oldu. Ümumiyyətlə, belə fikirlər publika qarşısında deyilməməlidir. Amma, reallıq budur ki, Rusiya Türkiyənin Qafqazda möhkəmlənməsini istəmir. O bölgəni özünün nüfuz dairəsi kimi sayır. Heç bir gücün, o cümlədən Türkiyənin Qafqazda möhkəmlənməyini istəmir. Bu səmimi əməkdaşlıq olmayacaq. Çünki, maraqlar tamamilə ziddir. Putin həm Ermənistanı, həm də Azərbaycanı dəstəkləyir. Bir növ balansı qoruyub saxlayır. Türkiyə isə birmənalı olaraq, Azərbaycanı dəstəkləyir. Prezident çıxışı zamanı məhv edilmiş hərbi sursatların adını sadalayır. Həmin silah növləri Rusiya istehsalıdır. Bu o deməkdir ki, Rusiya Ermənistana silah yardımı edir. Ona görə də Rusiyayla əməkdaşlıq mümkün deyil.

– Prezident çıxışı zamanı bildirdi ki, kənardan Azərbaycana qarşı aqressiya olarsa, hər an havaya F 16-lar qalxa bilər. Sizcə, İ.Əliyev hansı ölkələri nəzərdə tuturdu?

– Yəni Azərbaycanın təhlükəsizliyini təhdid edən istənilən ölkə ola bilər. Burda təbii ki, daha çox qonşu ölkələrdən söhbət gedir. Rusiya və İran daha çox ola bilər. Belə bir məumat da yayılıb ki, Rusiya sərhəd xəttinə qoşunlarını yığıb. Digər tərəfdən, Ermənistanın ərazisində Rusiya qoşunları var. Bu o deməkdir ki, Rusiya Ermənistanın hərbi müttəfiqidir. İran da Azərbaycan sərhədlərinə ağır artilleriya yığıb. Bu iki ölkə daha çox nəzərdə tutulur. Azərbaycana birbaşa hərbi müdaxilə edə bilən və birbaşa niyyəti olan iki ölkə var. Bu İran və Rusiyadır. F 16-ların Azərbaycanda olması birbaşa Türkiyənin razılığı ilə olub. Bu həm də Türkiyənin İrana və Rusiyaya birbaşa mesajıdır.

YƏHYA