“Paşinyandan köklü heç bir dəyişiklik gözləmək olmaz” – İLQAR VƏLİZADƏ

    9

    “Ermənistan cəmiyyəti gec-tez başa düçəcək ki, vəziyyətdən çıxış yolu təkcə hakimiyyəti dəyişmək deyil…”

    Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətə gəldiyi günün sabahı işğal olunmuş Azərbaycan ərazilərinə gələrək yerli və xarici jurnalistlərin iştirakı ilə keçirdiyi mətbuat konfransında “Mən baş nazir kimi Qarabağ danışıqlarında ancaq Ermənistanı təmsil edəcəyəm, Dağlıq Qarabağı isə onun öz hakimiyyəti təmsil etməlidir” bəyanatı verməsi Ermənistanda etirazlara və müzakirələrə səbəb olub. Paşinyan bunu Dağlıq Qarabağın tərəf kimi danışıqlar masasına qayıtmasının vacibliyi haqda danışarkən deyib.

    Paşinyanın açıqlamasına etiraz edən Ermənistanın müdafiə naziri postundan təzəcə ayrılmış Vigen Sərkisyan onun Qarabağ məsələsində diplomatik səhvə və səriştəsizliyə yol verdiyini deyib: “Paşinyan Ermənistanı danışıqlarda tərəf kimi təqdim etməklə “böyük səhvə” yol verib. Çünki Azərbaycan neçə vaxtdır Ermənistanın münaqişədə tərəf olduğunu sübuta yetirməyə çalışırdı, amma buna nail olmurdu”.

    Sərkisyanın fikrincə, guya indiyə qədər Ermənistan danışıqlarda münaqişə tərəfi kimi yox, Dağlıq Qarabağın təhlükəsizliyinin qarantı və partnyoru kimi iştirak edirmiş. Vigen Sərkisyana görə, Paşinyanın baş nazir kimi danışıqlarda ancaq Ermənistanı təmsil edəcəyini deməsi həm də ona görə anlaşılan deyil ki, buradan çıxa biləcək məntiqi nəticəyə görə Ermənistan danışıqlarda Dağlıq Qarabağdan ayrı gündəmə malik olacaq. Hansı ki, indiyədək belə olmayıb.

    V.Sərkisyandan sonra isə keçmiş prezident Levon Ter-Petrosyan da məsələyə münasibət bildirib. O, Paşinyana haqq qazandırıb. Əksinə, keçmiş müdafiə nazirinin özünü Qarabağ məsələsində səriştəsizlikdə günahlandırıb. Ter-Petrosyan iddia edib ki, vaxtilə onun hakimiyyətinin “parlaq diplomatik uğurları” nəticəsində BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 4 qətnamənin heç birində Ermənistan münaqişə tərəfi kimi göstərilməyib, Azərbaycan ərazilərinin “yerli erməni qüvvələri tərəfindən işğal edildiyi” qətnamələrdə əksini tapıb.

    Vigen Sərkisyan Ter-Petrosyanı da cavabsız buraxmayıb. O, bildirib ki, onun Qarabağ məsələsində mövqeyi (münaqişənin mərhələli həll planına razılıq verməsi ) erməni xalqına məlumdur, eləcə də erməni xalqının bu mövqeyə münasibəti bəllidir. Hansı ki, Ter-Petrosyan həmin mövqeyinə görə istefa verməli olmuşdu.

    Daha sonra müzakirəyə digər keçmiş prezident Robert Köçəryan qoşulub. Köçəryanın ofisi yaydığı bəyanatda bildirib ki, 90-cı illərin sonlarına doğru Dağlıq Qarabağın danışıqlarda iştirakını dayandıran və Ermənistanın onun əvəzindən danışıqlar aparmasını razılaşdıran elə Ter-Petrosyan özü idi. Hansı ki, indi o Dağlıq Qarabağın danışıqlara qaytarılması haqda danışır və bunun baş verməməsini keçmiş hakimiyyətlərin səhvi adlandırır. Köçəryanın ofisi Ter-Petrosyanı “həyasızlıqda” da günahlandırıb. Ter-Petrosyan is Köçəryana cavab verməyib.

    Məsələ Paşinyanın təzəcə formalaşdırdığı koalisiyada etiraza səbəb olub. Paşinyanın kabinetində təmsil olunan daşnakların nümayəndəsi, “Daşnaksütun” İnqilabi Federasiyasının Ali orqanının üzvü, hərbi ekspert Artur Yegizaryan deyib ki, onlar Ermənistanın Qarabağ münaqişəsində tərəf olduğu barədə Nikol Paşinyanın dedikləri ilə razı deyillər. Amma onun Qarabağın danışıqlar masasına qayıtması barədə dediklərini dəstəkləyirlər.

    Yegizaryanın sözlərinə görə, əslində 2016-cı ilin aprel müharibəsindən bu yana danışıqlar yoxdur. Tərəflər arasında gərginlik artıb və situasiya çox dəyişib. “Biz əlimizdən gələni etməliyik ki, Dağlıq Qarabağ danışıqlar masasına qayıtsın”.

    Əslində, Paşinyanın “Mən baş nazir kimi Qarabağ danışıqlarında ancaq Ermənistanı təmsil edəcəyəm, Dağlıq Qarabağı isə onun öz hakimiyyəti təmsil etməlidir” bəyanatı Dağlıq Qarabağın danışıqlarda tərəf kmi iştirakını təmin etmək məqsədi güdür. Ermənistanın tərəf kimi təqdim edilməsinə erməni siyasilər etiraz etsələr də, danışıqlarda tərəf Ermənistan olmalıdır və Ermənistandır. Çünki Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbyacan torpaqları işğal olunub. Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirakı Azərbaycan tərəfindən heç vaxt qəbul edilmədildiyi halda, Paşinyanın bu fikirləri yenidən gündəmə gətiməsi isə həm də Ermənsitan siyasi səhnəsində Dağlıq Qarabağla bağlı ab-havanı dəqiqləşdirməyə yönəlik bir addımdır.

    “Ermənistan cəmiyyəti Qarabağ mövzusunda hər hansı yeniliyi qəbul etmir”

    Paşinyanın bəyanatının Ermənistanda etiraz doğurması və müzakirələrə səbəb olması ilə bağlı politoloq İlqar Vəlizadə “Hürriyyət”ə dedi ki, Ermənistan cəmiyyəti adətən Qarabağ mövzusunda mühafizakar mövqedə dayanır: “Yəni hər hansı yeniliyi qəbul etmir. Bunları belə öyrədiblər ki, burada heç nə dəyişilməyəcək, Dağlıq Qarabağla bağlı heç bir güzəştə gedilməyəcək. Ona görə də bu prosesin gedişatında da cəmiyyət dəyişiklik gözləmir və cəmiyyət arasında hər hansı dəyişiklik şübhə ilə qarşılanır. İllərlə danışıqlarda Qarabağı Ermənistan təmsil edib. Əslində, Dağlıq Qarabağ rejimi Ermənistandakı rejimin davamıdır. Ona görə, də Ermənistan danışıqlarda iştirak edib. Ermənistan siyasi elitası isə həm Dağlıq Qarabağı, həm də Ermənistanı təmsil edib. Bu fikir illərlə bu cür formalaşıb. Bu sxemada hansısa dəyişiklik edilməsi Ermənistan cəmiyyəti tərəfindən müəyyən pərakəndəliyə yol verilməsi kimi qarşılanır. Ona görə də bunların reaksiyası bu cür olur”.

    “Paşinyandan köklü heç bir dəyişiklik gözləmək olmaz”

    Vəlzadə hesab edir ki, Paşinyan fikirlərinə müəyyən düşəlişlər edəcək: “Çünki danışıqlar prosesinin məntiqi bunu tələb edir. Paşinyan danışıqlar prosesini aparmaq niyyətindədirsə, o niyyətlə radikal fikirlərdən imtina etməlidir və daha konstruktiv fikirlər bildirməlidir ki, nədənsə danışmağa imkan olsun. Amma Paşinyandan köklü heç bir dəyişilik gözləmək olmaz. Çünki bu insan radikaldır, daxili siyasətində müəyyən radikal mövqelərdən çıxış edərək hakimiyyətə gəlib. Bu hadisələr göstərir ki, burada korrektə edib. Amma Ermənistan hakimiyyəti üçün Qarabağ məsələsi elə bir münaqişədir ki, ondan hamı istifadə edərək populizmdən əl çəkmir və öz daxili siyasi reytinqlərini qaldırmağa nail olurlar. Ancaq düşünmürəm ki, Paşinyanın timsalında fərqli bir siyasət görə bilərik”.

    “Əlbəttə ki, ermənilər peşman olacaqlar”

    “Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dumada keçirilən mətbuat konfransında deyib ki, ermənilər Paşinyanı hakimiyyətə gətirdikləri üçün peşman olacaqlar. Siz necə düşünürsünüz” sualına İlqar Vəlziadə belə cavab verdi: “Əlbəttə ki, ermənilər peşman olacaqlar. Ümumiyyətlə, Ermənistanın siyasi sistemi elə qurulub ki, o cəmiyyəti idarə etmək üçün köklü dəyişikliklər baş verməlidir, xüsusilə də xarici siyasətdə dəyişiliklərə keçilməlidir. Hakimiyyət bunu təklif etmirsə, deməli, o köhnə mühitdə işləməyə məcbur olacaq. Cəmiyyətə, insanlar nə lazımdır? İnsanlara yaxşı yemək, içmək, firavan yaşamaq, iş yerləri lazımdır. Tutaq ki, Paşinyan 1-2 olqarxı tutub türməyə atdı və yaxud kimisə hakimiyyətən kənarlaşdırdı, yenə də vəziyyət onunla dəyişilmir. Bu ölkənin 80 faiz sərhədləri bağlıdır. Cənubda İrandır, hansı ki , sanksiyaların təsiri altındadır. Şimalda Gürcüstanla Azərbaycanla, daha çox Türkiyə ilə sərhədləri var. Belə halda Ermənsitanın bir dənə çıxış yolu var, o da Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulmasıdır. Bunu təklif etməyən hakimiyyət üçün dəyişiklik mümkün deyil. Onu təklif edən yanız bir nəfər var, o da Levon Ter-Petrosyandır, digərləri bunu təklif etmirlər. Ona görə, onları da eyni aqibət göləzyir, bu ölkədə heç nə dəyişilməyəcək. Ancaq geci-tezi cəmiyyət başa düçəcək ki, vəziyyətdən çıxış yolu təkcə hakimiyyəti dəyişmək deyil, daha köklü dəyişiliklərə ehtiyac var”.

    “Petrosyan müəyyən reytinq qazanmaq üçün belə addım atıb”

    “Ancaq Levon Ter-Petrosyan bildirib ki, BMT Təhlükəsizlik Şurasında qəbul edilmiş 4 qətnamənin heç birində Ermənistan münaqişə tərəfi kimi göstərilməyib” dedikdə isə politoloq bildirdi ki, Levon Ter-Petrosyan köhnə siyasətçidir, başa düşür ki, hazırda ictimai rəylə hesablaşmalıdır: “Petrosyan Paşinyanın dediklərini eşitmək istəmir. O, müəyyən reytinq qazanmaq üçün belə addım atıb, deyə bilər. Amma bunu danmaq olmaz ki, Petrosyan yeganə siyasətçidir ki, Azərbaycana torpaqların qaytarılması ilə bağlı təklif edib. O fikrindən geri çəkilib demir ki, səhv etmişəm. O indi müəyyən taktiki gedişlərlə Paşinyana dəstək verir ki, sabah növbədənkənar parlament seçkiləri olacaq, onda sçkilərədə iştirak etsin, xallar qazansın”.

    Şamo EMİN, Hurriyyet.org