“Paşinyan Dağlıq Qarabağ məsələsində manipulyasiya edir” – POLİTOLOQ

3

Məhəmməd Əsədullazadə: "Rəsmi Bakı həm diplomatik, həm də hərbi təzyiq yolu ilə İrəvanı danışıqlar masası arxasında əyləşdirməlidir"

"Paşinyanın Dağlıq Qarabağdakı separatçı rejimə demokratik don geydirməsi onun növbəti dəfə sərsəmlədiyini göstərir"

"Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejimin birgə "Təhlükəsizlik Şuraları"nın iclasının keçirilməsi danışıqların pozulmasına xidmət edir"

Ermənistanın baş naziri Nikol Paşinyan bugünlərdə Azərbaycanın işğal altında olan ərazilərinə gəlib. Bu barədə düşmən ölkənin "1in.am" saytında yayımlanan və strateq.az-ın tərcümə etdiyi məqalədə deyilir ki, Xankəndi şəhərində Paşinyan və separatçı Dağlıq Qarabağ rejiminin rəhbəri Bako Saakyanın iştirakı ilə Ermənistan və separatçı rejimin "Təhlükəsizlik Şuraları"nın iclası keçirilib. Həmin yazıdan aydın şəkildə görünür ki, Nikol Paşinyan əsas rəqibi olan "Qarabağ klanı" qarşısında xal qazanmaq naminə növbəti dəfə sərsəmləyib.

Ermənistanın baş naziri ənənəsinə sadiq qalaraq bu dəfə də sərsəmlədi

Beləliklə, Nikol Paşinyan Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejimin "Təhlükəsizlik Şuraları"nın Xankəndində keçirilən birgə iclasında çıxış edərkən, Qarabağ tənzimləməsinin yeni mahiyyətini açıqlayıb. O qeyd edib ki, bu, Ermənistan və separatçı rejimin "Təhlükəsizlik Şuraları"nın 3-cü birgə iclasıdır: "Bu onu göstərir ki, iclasların belə formatda keçirilməsi bundan belə ənənəvi xarakter alır və məsələ ancaq birgə iclasların ənənə olmasında deyil. Bu, Ermənistan və Artsax (Dağlıq Qarabağın adı mətndə belə gedib – tərc.) hakimiyyətlərinin eyni müstəvidə olmaları üçün mütləq bir zərurətdir. Ermənistan və Artsaxın (Dağlıq Qarabağ-red.) qarşılıqlı əlaqəsi bizim ölkəmizin, vətənimizin, xalqımızın təhlükəsizliyinin mühüm tərkib hissəsidir". Paşinyanın sözlərinə görə, son zamanlar bu planda kifayət qədər effektli iş aparılıb, Ermənistan və qondarma rejimin hakimiyyətlərinin Dağlıq Qarabağ məsələsinin tənzimlənməsilə bağlı təsəvvürlərinin eyni olduğunun təsbit edilməsi mümkün olan zaman bu iş öz kulminasiya nöqtəsinə çatıb: "Bu, heç də o demək deyildir ki, Artsax (Dağlıq Qarabağ-red.) məsələsinin tənzimlənməsilə bağlı bütün detallar üzrə eyni təsəvvür mövcuddur. Bu, o deməkdir ki, strategiya, vektor planında biz, həqiqətən, eyni təsəvvürə malikik və eyni olan bu təsəvvürlərin bir neçə vacib sütunu vardır. Artsax Respublikasının (Dağlıq Qarabağdakı qondarma rejimin-red.) danışıqlar prosesinin tamdəyərli tərəfi olmasının və onunla danışıqlar aparılmadan Qarabağ məsələsinin tənzimlənməsinin mümkün olmadığının təsbit edilməsini onların ən vacib olanı hesab edirəm. Bu planda, bizim birgə apardığımız işin gedişində, mahiyyətcə, Qarabağ məsələsilə bağlı danışıqların yeni məzmununun, hələ tam olmasa da, formalaşmasını çox vacib hesab edirəm. Və hesab edirəm ki, bu məzmun, birincisi, Ermənistan və Artsaxın (Dağlıq Qarabağ-red.) maraqlarını daha əhatəli təmsil edir, ikincisi, məsələnin tənzimlənməsi üçün imkanların yaradılması nöqteyi-nəzərindən konstruktivdir".

Bu planda, baş nazir Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutmuş diskurs və müzakirələrin vacib olduğunu da qeyd edib. Şərti olaraq "Münhen prinsipləri" adlandırdığımız bu məzmun orada ətə və qana gəlib, dəqiq formullaşdırılıb. Onun sözlərinə görə, təsbit etmək lazımdır ki, demokratiya da təhlükəsizliyin təminatlarından biridir, Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejim onu möhkəmləndirməlidir. Tezliklə Dağlıq Qarabağdakı qondarma rejimin Azərbaycanın işğal olunmuş ərazilərində "parlament və prezident seçkiləri" keçirəcəyini xatırlatdan Nikol Paşinyan bəyan edib: "Düşünürəm ki, Artsaxın (Dağlıq Qarabağ-red.) mövcud olduğu bütün tarix ərzində keçirilən seçkilər demokratiya planında Artsax Respublikasında (Dağlıq Qarabağdakı qondarma rejimin-red.) və Azərbaycan Respublikasında tamamilə müxtəlif reallıqların olduğunu nümayiş etdirib. Bu, növbəti dəfə sübut edir ki, Artsax (Dağlıq Qarabağ-red.) və Azərbaycan heç vaxt eyni siyasi məkanda ola bilməz. Çünki artıq 3, 5, 10 il bundan əvvəl Artsaxda (Dağlıq Qarabağ-red.) demokratiyanın səviyyəsi qonşu ölkəyə nisbətən müqayisəolunmaz dərəcədə yüksək idi və bu fakt nəinki geridönməzdir, düşünürəm ki, Artsaxdakı (Dağlıq Qarabağ-red.) qarşıdan gələn prezident və parlament seçkilərində daha aydın və parlaq şəkildə üzə çıxacaqdır. Artsax (Dağlıq Qarabağ-red.) və Ermənistan hakimiyyətlərinin bu məsələ ilə bağlı təsəvvür və yanaşmalarının eyni olmasını son dərəcə vacib hesab edirəm".

"Nikol Paşinyan Cenevrədə "Yenilənmiş Madrid prinsipləri" üzrə aparılan danışıqlardan yayınmağa cəhd edir"

Картинки по запросу "Məhəmməd ƏsədullazaDƏ"

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan Cenevrədə "Yenilənmiş Madrid prinsipləri" üzrə aparılan danışıqlardan yayınmağa cəhd edir: "Bundan başqa, Paşinyanın Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra Azərbaycanın işğal olunmuş ərazilərinə gələrək, burada Ermənistan və Dağlıq Qarabağdakı qondarma rejimin birgə "Təhlükəsizlik Şuraları"nın iclasını keçirməsi birbaşa danışıqların pozulmasına xidmət edir. Fikrimcə, Nikol Paşinyan bununla daxili auditoriyaya, o cümlədən "Qarabağ klanı"na, separatçılara göstərmək istəyir ki, o, heç vaxt Dağlıq Qarabağı Azərbaycana güzəştə getməyəcək və bu, məsələdə prinsipialdır. Lakin pərdəarxası, konfidensial danışıqlarda, "Yenilənmiş Madrid prinsipləri" üzrə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Ermənistan-Azərbaycan arasında danışıqlar çərçivəsində bu məsələlər yoxdur. Belə ki, Ermənistan arxa fonda danışıqlara, eyni zamanda cəbhə boyunca atəşkəsə riayət olunmasına razılıq verib. Qeyd edim ki, Paşinyan İlham Əliyevlə görüşündə də şifahi şəkildə buna razılığını ifadə edib. Amma publika qarşısına çıxdıqda, Azərbaycanın işğal olunmuş ərazilərinə gəldikdə qeyri-konstruktiv və danışıqlar prosesinin əleyhinə olan bəyanatlar verir".

"Paşinyanın Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil tərəf kimi təqdim etməsi və Azərbaycanın tərkibində olmamasını bəyan etməsi yenidən tarixin təhrifidir"

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri hesab edir ki, Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərində səsləndirdiyi son bəyanatı, yəni Dağlıq Qarabağdakı separatçı rejimə demokratik don geydirməsi Nikol Paşinyanın növbəti dəfə sərsəmlədiyini göstərir: "Ümumiyyətlə, Paşinyanın Dağlıq Qarabağdakı qondarma rejimi müstəqil tərəf kimi təqdim etməsi və Azərbaycanın tərkibində olmamasını bəyan etməsi yenidən tarixin təhrifidir. Əgər Paşinyan keçmiş SSRİ-nin müvafiq qətnamələrinə fikir versə, onda görəcək ki, onun dedikləri tamamilə yanlışdır. Hesab edirəm ki, Paşinyan belə bir açıqlaması ilə bir daha başladılan danışıqlar prosesindən çıxacaq. Düşünürəm ki, rəsmi Bakı mütləq şəkildə Nikol Paşinyanın bu çıxışları ilə bağlı Minsk Qrupu həmsədrlərinə öz mövqeyini bildirməli və onların Ermənistandan bu şəkildə bəyanatlar verməsinə görə izahat verməsini tələb etməlidir. Çünki Ermənistanın bu şəkildə siyasət aparması aprel ayından sonra gözlənilən yeni danışıqlar raundunda ciddi nəticələrin əldə olunmasını indidən şübhə altına alır. Aydın şəkildə görünür ki, Paşinyan Dağlıq Qarabağ məsələsində manipulyasiya edir. Hesab edirəm ki, Azərbaycan Ermənistana belə bir güzəşti tanımamalıdır və həm diplomatik, həm də hərbi təqyiq yolu ilə rəsmi İrəvanı danışıqlar masası arxasında əyləşdirməlidir. Çünki Nikol Paşinyanın konfidensial danışıqlarda bir söz, publika qarşısında isə tamam başqa söz deməsi, yəni bu cür qeyri-konstruktiv bəyanatlar verməsi danışıqlar prosesində Azərbaycanın əleyhinə işləyir. Əslində, bu, Paşinyanın sələfiləri kimi apardığı siyasətin tərkib hissəsidir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org