“Paşinyan növbəti dəfə Əliyevə məğlub oldu”

129

Zaur Məmmədov: “Bu kimi debatlar informasiya müharibəsində Azərbaycanın mövqeyini gücləndirir”

“Paşinyanın çox rabitəsiz, əlaqəsiz və dəlilsiz çıxışı, bir daha Ermənistanın apardığı siyasətin yalan olduğunun və bu müharibə dövründə də rəsmi İrəvanın yalan maşınının necə işlədiyinin bariz nümunəsidir”

Xəbər verdiyimiz kimi, sentyabrın 29-da “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan veriliş efirə gedib. Verilişdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan aparıcıların suallarını cavablandırıblar.

“Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”

Beləliklə, ölkə başçımız çıxışı zamanı bildirib ki, Azərbaycan işğalçı Ermənistanın hərbi təxribatına adekvat cavab verib və bununla da xalqımızın, torpağımızın müdafiəsi üçün əks-hücuma keçib. Hazırda şiddətli döyüşlərin getdiyini, Azərbaycan Ordusunun bir sıra yaşayış məntəqələrini işğaldan azad etdiyini, müxtəlif istiqamətlərdə strateji yüksəkliklərin tutulduğunu vurğulayan İlham Əliyev Türkiyənin regionda sabitləşdirici rol oynadığına da diqqət çəkib: “Türkiyə bizə qardaş ölkə və bizim müttəfiqimizdir. Ermənistanın Azərbaycana hücum etməsini dünya ictimaiyyətinin bildiyi ilk saatdan etibarən Türkiyə dövlət başçısı və digər rəhbərlər səviyyəsində birmənalı olaraq Azərbaycanı dəstəklədiyini, beynəlxalq hüququ dəstəklədiyini bildirib. Ona görə ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisini işğalda saxlamaqla beynəlxalq hüququ kobud şəkildə pozur. Türkiyənin rolu, əslində, məhz bundan ibarətdir, başqa heç bir rolu yoxdur. Türkiyə bizə mənəvi dəstək göstərir və biz Türkiyə rəhbərliyinə, Türkiyə Prezidentinə və türk xalqına bizimlə həmrəy olduğuna və bizi dəstəklədiklərinə görə təşəkkür edirik. Guya Türkiyənin münaqişə tərəfi kimi iştirak etməsi barədə erməni tərəfin yaydığı bütün şayiələr təxribat xarakteri daşıyır, indiki dildə desək bu, feyk-nyusdur. Türkiyənin münaqişədə iştirakı barədə heç bir sübut yoxdur və buna zərurət yoxdur. Azərbaycan Ordusu öz xalqının və öz ərazisinin müdafiəsini təmin etmək üçün kifayət qədər hazırlıqlıdır”. Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələrinin döyüş əməliyyatlarında heç bir şəkildə iştirak etmədiyini deyən prezident qeyd edib ki, bu gün müasir texnologiyaları nəzərə alsaq nəyisə gizlətmək çox çətindir: “Çünki obyektiv müşahidə formaları var, peyk müşahidələri var və ona görə də bunun növbəti təxribat olmasını yoxlamaq çox asandır. Erməni tərəfin bu cür yalan xəbərlər yaratmaqda məqsədi bizə aydındır. Əvvəla, öz ərazi bütövlüyünün bərpası vəzifəsini hazırda şərəflə yerinə yetirən Azərbaycan Ordusunun döyüş qabiliyyətini süni şəkildə azaltmaq, həmçinin belə təsəvvür yaratmaq ki, münaqişə genişlənir, ona üçüncü ölkələr qoşulur və beləliklə, öz təxribatına haqq qazandırmaq üçün mümkün qədər çox ölkə cəlb etməyə çalışmaq. Buna görə sizə məsuliyyətlə bəyan edirəm ki, Türkiyə münaqişə tərəfi deyil, münaqişədə heç bir şəkildə iştirak etmir və buna zərurət yoxdur”.

“Biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”

Azərbaycanın danışıqlarda həmişə konstruktivlik nümayiş etdirdiyini, vasitəçilik missiyası üçün cavabdeh olan Minsk Qrupunun həmsədrlərinin də bunu təsdiq edə biləcəklərini deyən ölkə başçısı münaqişənin yalnız iki tərəfinin olduğunu bəyan edib: “Bəzən münaqişədən söhbət gedəndə bütün tərəflər haqqında danışırlar. Bu, düzgün anlayış deyil. Bütün tərəflər yoxdur, yalnız iki tərəf var – Ermənistan və Azərbaycan. Lakin son illər ərzində, Ermənistandakı indiki hakimiyyətin törətdiyi Soros çevrilişindən sonra nələr baş verib? Ermənistanın baş naziri açıq-aşkar bəyan edir ki, “Qarabağ Ermənistandır və nöqtə”. Belə olan halda hansı danışıqlar prosesindən söhbət gedə bilər. Axı, ATƏT-in Minsk Qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərin mahiyyəti ondan ibarətdir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilər Azərbaycana verilməlidir. Lakin Ermənistanın baş naziri deyir ki, “Qarabağ Ermənistandır” və üstəlik, deyir ki, biz danışıqları Dağlıq Qarabağın oyuncaq rejimi ilə aparmalıyıq. Beləliklə, danışıqların artıq 20 ildən bəri mövcud olan formatını dəyişməyə çalışır. Deməli, Ermənistan bilərəkdən danışıqlar prosesini pozur, qəbuledilməz tələblər irəli sürür və əgər Minsk Qrupu son vaxtlar nizamlamaya kimin əngəl olması barədə daha fəal danışmağa başlayırsa, sentyabrın 27-də, bundan əvvəl isə iyulun 12-də olduğu kimi, təxribatlar törədirlər. Bizim dövlət sərhədindəki mövqelərimizə hücum edilib. Sonra avqustun 23-də Ermənistanın təxribat qrupu tutulub, bu qrupun başçısı təmas xəttində saxlanılıb. Bütün bunlar Azərbaycanı təqsirləndirmək, sonra üçüncü tərəfləri cəlb etmək və beləliklə, danışıqlar prosesini pozmaq üçün edilir. Ona görə ki, erməni tərəfi status-kvonu saxlamaq istəyir. ATƏT-in Minsk Qrupunun həmsədrləri isə Rusiya, Fransa və ABŞ-ın dövlət başçılarının şəxsində dəfələrlə bəyanatlar veriblər ki, status-kvo qəbuledilməzdir. Bu isə o deməkdir ki, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. Biz danışıqlara sadiqik, lakin Ermənistan tərəfindən tamamilə əks hərəkətlər görürük”. İlham Əliyev həmçinin, Ermənistan tərəfinin məlumatlarını təkzib edib və cəbhədə Suriyadan olan muzdluların olmadığını diqqətə çatdırıb. Prezident bunun növbəti feyk-nyus olduğunu bildirib: “Suriyadan heç bir muzdlu yoxdur. Bu barədə heç bir fakt, heç bir sübut yoxdur. Bunu erməni təbliğatı ortaya atıb və müxtəlif saytlarda, müxtəlif kütləvi informasiya vasitələrində dövr edir. Buna heç bir ehtiyac yoxdur. Azərbaycanın hazırlıqlı ordusu var, çox böyük səfərbərlik ehtiyatı var. Dünən (srağagün-red.) mən qismən səfərbərlik elan etmişəm. Biz 2 milyon əhalisi olan Ermənistana qarşı 10 milyon əhalidən 10 minlərlə ehtiyatda olanları orduya çağırırıq, bizim insan ehtiyatlarına ehtiyacımız yoxdur. Buna görə də biz özümüzü müdafiə etməyə və təcavüzkarı elə cəzalandırmağa qabilik ki, o, bir daha bizim tərəfə baxmağa cəsarət etməsin”.

“Nikol Paşinyan özünü və Ermənistanı rüsvay etdi”

Beləliklə, ölkə başçısının çıxışı ilə bağlı fikirlərini “Hürriyyət”lə bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov sözügedən verilişi başdan sonadək izlədiyini və Nikol Paşinyanın açıq-aşkar şəkildə İlham Əliyevə məğlub olduğunu bildirdi: “Ermənistanın baş naziri növbəti dəfə İlham Əliyevə məğlub oldu. Belə ki, Nikol Paşinyanın çox rabitəsiz, əlaqəsiz çıxışı eyni zamanda, cümlələr arasında məna bağlantılarının olmaması, Azərbaycan və Türkiyəni hər zaman olduğu kimi, yenə də ittiham etməsi, lakin buna dair faktların, dəlillərin olmaması bir daha Ermənistanın apardığı siyasətin yalan olduğunun və bu müharibə dövründə də rəsmi İrəvanın yalan maşınının necə işlədiyinin bariz nümunəsidir. Əslində, Nikol Paşinyan özünü və Ermənistanı rüsvay etdi. Çünki onun çıxışında toxunulan məqamlara prezident İlham Əliyev çox tutarlı dəlillərlə cavab verdi. Belə ki, prezident həm F-16-lar, həm Suriyadan guya hansısa muzdluların Azərbaycan ordusunda döyüşməsi, həm də Türkiyənin iştirakı ilə bağlı məsələlərə toxundu. O cümlədən, müharibənin səbəbkarının Ermənistan və onun baş naziri olduğunu sübut etdi. Prezident İlham Əliyevin çıxışı təsadüfi deyil ki, Rusiyanın müxtəlif telekanallarında yayımlanan verilişlərdə ekspertlər tərəfindən, hətta ermənipərəst ekspertlər tərəfindən yüksək qiymətləndirildi. MQİMO (Moskva Dövlət Beynəlxalq Əlaqələr Universiteti-red.) məktəbi xüsusilə onlar tərəfindən qeyd edildi. Bildirildi ki, İlham Əliyev çox strukturlu və əsaslı, soyuqqanlı şəkildə müharibə ilə bağlı Azərbaycanın mövqeyini ortaya qoydu”.

“Son günlər Ermənistanın Azərbaycana qarşı aparmış olduğu mifin əsas məqsədi Rusiyanı, KTMT-ni müharibəyə təhrik etməkdir, lakin bununla bağlı planlar iflasa uğradı”

Politoloq hesab edir ki, bu kimi debatlar informasiya müharibəsində Azərbaycanın mövqeyini gücləndirir: “Bunun əsas səbəbi isə prezident İlham Əliyevin yüksək dərəcədə ixtisaslaşması, onun dil bilikləri, diplomatik bacarıqları və faktları tutarlı əsaslarla ortaya qoymasıdır. Bütün bunlar çox vacib amillərdəndir. Bildiyiniz kimi, müharibə yalnız cəbhədə getmir. Müharibə eyni zamanda, arxa cəbhədə, dünyanın ayrı-ayrı media məkanlarında gedir. Artıq o da bəllidir ki, son günlər Ermənistanın Azərbaycana qarşı aparmış olduğu mifin əsas məqsədi Rusiyanı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) müharibəyə təhrik etməkdir. Lakin Ermənistanın bununla bağlı planları iflasa uğradı. Bu gün artıq görürük ki, Ermənistan və dünyanın ayrı-ayrı kütləvi informasiya vasitələri informasiya siyasətində bir qədər korrektə edib, başqa xəbərlər verməkdədirlər. Çünki Ermənistanın Türkiyəni Rusiya, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə üz-üzə qoymaq kimi siyasəti, yaxud da Azərbaycanın guya Ermənistan ərazisini bombalaması kimi cəfəngiyat, əsassız xəbərləri Rusiya tərəfindən birmənalı qarşılanmadı, bunların hamısının feyk-xəbər olduğu göstərildi. Beləliklə Nikol Paşinyan növbəti dəfə göstərdi ki, o “sarı media”nın jurnalist kimi hakimiyyəti də bu cür feyk-xəbərlərlə, feyk-piar çıxışlarla aparmaq istəyir. Lakin siyasi hakimiyyət heç də “sarı media”nın səhifələri deyil. Buna görə də o, növbəti dəfə erməni xalqını və dövlətini zərbə altına qoydu”.

Vazeh BƏHRAMOĞLU