Paşinyan hakimiyyəti DEVRİLƏ BİLƏR

78

Qabil Hüseynli: “Köçəryanın azadlığa çıxması onun tərəfdarlarının fəallaşmasına gətirib çıxaracaq”

İlqar Vəlizadə: “Köçəryanı sərbəst buraxmaq Rusiyaya jestdir”

Xəbər verildiyi kimi, iki gün öncə Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanın sərbəst buraxılması barədə qərar qəbul edib.

Qeyd edək ki, Köçəryanın sərbəst buraxılması üçün 2 milyard dram (41 527 ABŞ dolları) məbləğində girov qoyulub.

“Rusiyanın təzyiqi burada az rol oynamayıb”

Oxu.az - Qabil Hüseynli: Qəzaya uğrayan hərbi təyyarənin "qara ...

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın sərbəst buraxılması ilə bağlı fikirlərini bölüşən keçmiş dövlət katibi, politoloq Qabil Hüseynli “Hürriyyət”ə deyib ki, bu, çox gözlənilməz hadisə oldu: “Doğrudur, 2 milyon dram girov müqabilində Apellyasiya Məhkəməsi onu azadlığa buraxıb. Amma belə görünür ki, Rusiyanın təzyiqi də burada az rol oynamayıb. Rusiya Paşinyana olan münasibətində ciddi dönüş edib və Köçəryanı azadlığa buraxmaqla, Ermənistanda onsuz da güclənən siyasi böhranı dərinləşdimək istəyir. Mənim zənnimcə, Köçəryanın azadlığa çıxması onun tərəfdarlarının fəallaşmasına, xüsusi ilə də Sərkisyanla və “Qarabağ klanı” ilə birlikdə daha fəal işləməsinə gətirib çıxaracaq”.

“Artıq Paşinyan bu məsələləri ram etmək imkanında deyil”

Q.Hüseynlinin fikrincə, hazırda Paşinyanın durumu o qədər də qibtəedici deyil: “Paşinyan artıq ilk dəfədir ki, küçə çıxışlarına, keçirilən aksiyalara qarşı polis gücü tətbiq edir, insanlara qarşı zorakılıqdan istifadə edir. Beləliklə, bütün bunlar onu göstərir ki, hakimiyyətə etirazlar o səviyyəyə qalxıb ki, artıq Paşinyan bu məsələləri ram etmək imkanında deyil”.

 “Eks-prezidentin azadlığa çıxması ilə bu münasibətlər daha da güclənir”

“Bəli, Ermənistanda Rusiyayönümlü qüvvələr var. Bu qüvvələr “5-ci kolon” da adlandırıla bilər. Siyasi cəhətdən təşkil edilmiş və açıq Rusiyapərəst siyasət yürüdən, niyyətlərini gizlətməyən təşkilatlar birliyi kimi də bunları təqdim etmək olar. Eks-prezidentin azadlığa çıxması ilə bu münasibətlər daha da güclənir. Güman edirəm ki, proseslər üzü payıza doğru açıq müstəviyə keçəcək. Elə bu səbəbdən də çoxları payıza doğru Paşinyanın vəziyyətinin çox ağır olacağı, hətta istefaya gedə biləcəyi haqqında fikirlər söyləyirlər”,-deyə politoloq nəzərə çatdırıb.

“Paşinyan artıq zorakı metodlardan istifadə etməyə başlayıb”

Q.Hüseynli onu da vurğulayıb ki, Ermənistanda ciddi hakimiyyət böhranı, boşluğu var: “Bilirsiniz ki, Çarukyan fraksiya rəhbəri idi. O, parlamentdən çıxan kimi həbs edildi. Bu, bütövlükdə onu göstərir ki, Paşinyan artıq zorakı metodlardan istifadə etməyə başlayıbdır. Siyasətdə də, ölkə daxili münasibətlər də zorakılıq işə düşdüsə, bu, ehtirasları daha da gücləndirir və hakimiyyətin gözdən düşməsinə, nəticədə iflasına gətirib çıxarır”.

“Bunu gərginliyi yumşaldan bir  addım kimi qiymətləndirmək olar”

İlqar Vəlizadə: “Türkiyə milli maraqlarını təmin etmiş olacaq”

Politoloq İlqar Vəlizadə isə qeyd edib ki, Köçəryanın sərbəst buraxılması Ermənistanda vəziyyəti nisbətən dəyşə bilər: “Əlbəttə, inanmıram köklü dəyişsin. Bunu gərginliyi yumşaldan bir  addım kimi qiymətləndirmək olar. Çünki son vaxtlar Çarukyanla və digər məsələlərlə bağlı Ermənistanın daxilində Paşinyana qarşı tənqidlər artır. Üstəlik də Konstitusiya Məhkəməsi və Köçəryan ətrafında baş verən olaylar bu gərginliyi daha da artırır. Yenə deyirəm, indi bu addım nisbətən vəziyyəti yumşalda bilər. Yəni nisbətən Paşinyanın xeyrinə ola bilər. O, əleyhdarlarına deyə bilər ki, “baxın mən bu proseslərə müdaxilə etmirəm”. Yəni bu, onun arqumentlərini çoxaldır”.

“Rusiya tərəfindən bu addımın davamını istəyəcəklərmi?”

İ.Vəlizadə bu addımın Ermənistanda daxili siyasətdən çox, xarici siyasətdə təsirini görür: “Yəni Rusiya ilə bağlıdır. Eyni zamanda Rusiya ilə münasibətlər kifayət qədər gərginləşib və Köçəryan amili burada təsirli rol oynayır. Bu addımın atılması daxili yox, daha çox Rusiya ilə münasibətlərini yumşaltmağa səbəb ola bilər. İndi Ermənistan tərəfindən bu addım atılır, amma Rusiya tərəfindən bu addım nə dərəcədə qiymətləndiriləcək, onun davamını istəyəcəklərmi? Bu, Paşinyanın qabağına qoyulan bir şərtin nəticəsdirmi? Bunlar  müəyyən dərəcədə sual doğurur”.

“Düşünmürəm ki, Rusiya geriyə çəkiləcək, deyəcək “bəsdir””

“Rusiya Paşinyandan bu prosesin davamını istəyəcək” sualına İ. Vəlizadə belə cavab verib: “Bəli. Çünki indi Paşinyanın vəziyyəti elədir ki, ona təzyiq etmək daha rahatdır. Daxildə vəziyyət pisdir, hələ qazın qiymətləri ilə bağlı məsələlər tənzimlənməyib, sual altındadır.  Bu, Ermənistana qarşı artırılacaq, artırılmayacaq, bilinmir. Əlbəttə ki, belə bir vəziyyətdə Rusiya Ermənistana qazın qiymətini də artırsa, vəssalam, Paşinyan çıxılmaz vəziyyətdə qalır. Ona görə, bu gedişat Rusiyaya hesablanıb. Amma düşünmürəm ki, Rusiya geriyə çəkiləcək, deyəcək “bəsdir”. Yox. Yəqin ki, Ermənistandan daha təsirli addımlar, ciddi güzəştlər gözləyə bilər. Bu, nə güzəştlər ola bilər, bunu ondan sonrakı gedişatlar göstərəcək”.

“Ermənistanın daxili siyasətinə Amerikadakı erməni lobbisinin,  xüsusilə də Amerika Konqresinin təsiri çoxalıb”

“Bəli, Ermənistanda  qarşıdurma əlamətləri var. Çünki son illər ərzində Ermənistanın daxili siyasətinə Amerikadakı erməni lobbisinin,  xüsusilə də Amerika Konqresinin təsiri çoxalıb. Bu təsirin çoxalması ilə bağlı müxtəlif işarələr var. Xüsusilə də Amerikada erməni lobbisində yer almış,  yaxud Qərbdə təhsil alan  insanların Ermənistanda vəzifəyə gətirilməsi, müxtəlif  fondlarla çalışan insanların müxtəlif vəzifələrdə olması və onların həmin fondlarla münasibətlərini saxlaması, Paşinyanın Qərb ölkələrinə olan səfərləri, proqramları onu göstərir ki, təsiri doğrudan da var”,-deyə politoloq əlavə edib.

“Mən düşünürəm ki, bu jest olaraq Rusiyaya kifayət etməyəcək”

“Köçəryanın sərbəst buraxılması bu qarşıdurmanı gücləndirə bilərmi” sualını İlqar Vəlizadə belə cavablandırıb: “Köçəryan kimdir ki? Heç kəs. Köçəryanın arxasında nə var? Ancaq Rusiyanın təsiri var. Rusiyanın təsiri də dolayı təsirdir. Baxın, Paşinyanın əlində ordu, təhlükəsizlik sistemi var, hamısı onun əlindədir. Köçəryan da elə-belə buraxılmır, nəzarət altında buraxılacaq, ona məhdudiyyətlər qoyulacaq. Çox güman ki, o, ev dustağı olacaq. Boş-boşuna sərbəst buraxılıb, amma onu sərbəst buraxmağın özü jestdir. Ona görə, mən düşünürəm ki, bu jest olaraq Rusiyaya kifayət etməyəcək. Onlar başa düşürlər ki, bu, jestdir. Amma onlar üçün kifayət etmir. Lakin Amerika lobbisi doğrudan da təsirlidir və təsirini artırır. Məsələn, son illər, xüsusilə də keçən il ərzində Ermənistanda Qərbyönümlü investisiyaların payı artmağa başlayıb.  Bunlar iri miqyaslı investisiya deyil, ancaq hər halda Ermənistanın iqtisadiyyatı üçün təsirli investisiyadar. “Amulsar” qızıl yatağını yada salaq. Əsas investor kimdir? Amerika şikətidir. Bunların arxasında kimlər dayanır? Qərbdə olan Ermənistan lobbisinin maraqları. Amma Rusiyanın Ermənistanın siyasətində, iqtisadiyyatında olan təmsilçilərinin demək olar ki, real payları azalıb. Məsələn, Karapetyan qardaşları vaxtilə Rusiyada biznes quran iş adamlardır. Bütün kapitallarını Ermənistandan çıxarıblar. Digər Rusiyaya bağlı olan iş adamları da hamısı Ermənistandan kapitallarını çıxarıblar. Sadəcə olaraq Ermənistanda Rusiya monopolistləri qalıb. “Qazprom” şirkətinin, “Armqazprom” şirkəti Ermənitanda qalır. Rusiyanın Cənubi Qafqaz dəmiryolu şirkətinə bağlı olan şirkəti qalıb. Yəni iri infrastruktur oyunçuları qalıb. Amma yenə deyirəm, Rusiyanın biznesi xeyli zəifləyib. Bu da qarşıdurmanın əlamətləridir”.

“İndiki hakimiyyət çaşıb, bilmir, nə etsin”

İ.Vəlizadə onu da diqqətə çatdırıb ki, Paşinyan riskli addımlar atır: “Bu, onu göstərir ki, indiki hakimiyyət çaşıb, bilmir, nə etsin.  Bəli, bu sona tərəf atılan addımdır. Amma bu, heç də o demək deyil ki, onun sonu pis olacaq. Məsələn, elə xəstələr olur, deyirsən ki, əşi, bunun sonu gəlib, amma canı çəkilir, axı, sonu deyil, müxtəlif işlər baş verir. Ermənistanın siyasəti də elədir. Son özü də sonsuzdur. Elə pnemaniya prosesidir”.

Şamo EMİN, Hurriyyet.org