Paşinyan hakimiyyətini qoruya biləcək?

306

Və yaxud müharibədən sonra Ermənistanın aqibəti necə ola bilər?

Könül Nurullayeva: “Paşinyan yeni mərhələnin başlayacağına ümid etsə də, bunun Ermənistan rəhbərliyi üçün sağlam və uğurlu mərhələ olmayacağı dəqiqdir”

Məhəmməd Əsədullazadə: “Ermənistanda belə bir cəmiyyətin  və siyasi rəhbərliyin olması ölkənin imicinə zərbə vuracaq”

İkinci Qarabağ müharibəsindən əvvəl Ermənistanın ictimai, siyasi və iqtisadi vəziyyəti ağır idi. Erməni əhalisinin Qarabağdan çıxarılmasından sonra düşmən ölkədə sosial və siyasi vəziyyət daha da ağırlaşıb. Noyabrın 11-dən Yerevanda etiraz aksiyası başlayıb. Ermənistan müxalifəti 2020-ci il noyabrın 10-da Qarabağ üzrə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli razılaşmaya etiraz aksiyası keçirir. Noyabrın 10-da isə etirazçılar parlamentin və hökumətin binasına soxularaq dağıdıcılıq ediblər. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq.

Bəs, Paşinyan hakimiyyətini qoruyub-saxlaya biləcəkmi və Ermənistanın bundan sonraki aqibəti necə ola bilər?

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, Milli Məclisin deputatı Könül Nurullayeva “Hürriyyət”ə açıqlamasında, dəyişən prioritetlər fonunda 2020-ci ilin Ermənistan üçün sıfır ili kimi xarakterizə olunduğunu deyib:

“Ermənistanda xaos hələ uzun müddət davam edəcək. Müharibdən sonrakı vəziyyət kritik həddədir. İstər siyasi, istər hərbi, istərsə də sosial sahədə böhran daha da dərinləşib. Xaos hələ uzun müddət davam edəcək. Ali baş Komandan İlham Əliyev Ağdama səfəri zamanı da bəyan etdi ki, biz Ermənistan ordusunu məhv etmişik. Ermənistan ordusu demək olar ki, yoxdur. İşğalçı ölkədə də etiraf edirlər ki, Qarabağ müharibəsi bitsə də, bu ölkədə ordu ilə bağlı problemlər bitmək bilmir.

Baş nazir Nikol Paşinyan kadr dəyişiklikləri etsə də, öz ampluasında “yol xəritəsi” təqdim edib 6 ay vaxt istəsə də, bunun effektiv olmayacağı dəqiqdir. Çünki Paşinyan  hakimiyyətə gələrkən verdiyi vədləri yerinə yetirmədiyindən cəmiyyətin ona etimadı qalmayıb və döyüş meydanındakı məğlubiyyətdən sonra da onun vədlərinin reallığa çevriləcəyi inandırıcı görünmür. Yəni, Paşinyan həm xalqın etimadını bərpa etməli, həm ölkəni ağır böhran vəziyyətindən çıxarmalı, həm də COVİD-19-un ağır nəticələrini aradan qaldırmalıdır. Hansı potensialla? Təbii ki, bu problemləri həll etmək üçün 6 ay yox, 6 il belə bəs etməyəcək. Bu vəziyyətdən çıxmaq üçün kənardan dəstək də demək olar ki, yoxdur. Çünki 44 günlük müharibə Ermənistanın beynəlxalq miqyasda təcrid olunduğunu, heç bir siyasi dayağının qalmadığını göstərdi. Ermənistanın kapitulyasiyası ilə nəticələnən hərbi əməliyyatlar faktiki işğalçı ölkənin siyasi sistemini iflic duruma salıb.  Paşinyan yeni mərhələnin başlayacağına ümid etsə də, bunun Ermənistan rəhbərliyi üçün sağlam və uğurlu mərhələ olmayacağı dəqiqdir. Paşinyanın ən çox ümid etdiyi Fransada belə hesab edirlər ki,  Paşinyanın 2 il yarım öncə qazandığı kövrək etimad müharibədə məhv oldu. Dəyişən prioritetlər fonunda 2020-ci il Ermənistan üçün sıfır ili kimi xarakterizə olunur. Ermənistan rəhbərliyinin mövcud reallıqlara duruş gətirə bilməyəcəyi dəqiqdir”.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə isə, Ermənistanın böhranlı vəziyyətin davam edəcəyini və Paşinyanın köçkünlərə ödüyəcəyi təzminatın, əhalini sakitləşdirmək planının bir hissəsi olduğunu bildirib:

“Rusiya, Azərbaycan və Ermənistan arasında bağlanan bəyənnamə və Ermənistanın kapitulyasiyaya imza atması, göründüyü kimi Ermənistanda daxili siyasi vəziyyəti daha da mürəkkəbləşdirir. Eyni zamanda, ölkədə sosial-iqtisadi problemlər getdikcə artmaqdadır. Çünki, Qarabağ məsələsi demək olar ki, Ermənistanın siyasi-iqtisadi sferasına ciddi təsir edən mərhələ oldu. Düşünürəm ki, bundan sonra Ermənistanın gələcəyi, siyasi liderlərinin Azərbaycanla sülh müqaviləsi bağlamasından və Mehri dəhlizinin açılışında hansısa böhrana getməməsindən aslı olacaq. Hesab edirəm ki, Ermənistan yeni formatda Cənubi Qafqazın təhlükəsizliyinə və iqtisadi inkişafı naminə, Türkiyə və Azərbaycanla konstruktiv mövqeyə gəlsələr gələcəyi normallaşa bilər. Əlbəttə ki, Azərbaycan və Türkiyə də Ermənistanın işğalçı siyasətindən əl çəkməsində maraqlıdır. Təbii ki, bu Avropanın və Qərbin maraqlarına xidmət edir. Eyni zamanda ABŞ-ın da maraqlarına aid məsələdir. Çünki, iki il bundan əvvəl ABŞ dövlət katibi Boltonun regiona səfəri zamanı, strateji planı Ermənistan rəhbərliyinə təqdim edib. Göründüyü kimi, Ermənistan bu təklifləri qəti şəkildə qəbul etməyib. Hətta, Ermənistan Qarabağdan da mərhum oldu. Bu məsələlərdə Ermənistanın heç bir siyasi iradəsi yoxdur. Demək olar ki, Qarabağ məsələsi Ermənistan üçün bitmiş hesab olunur. Bundan sonra Ermənistan yalnız düşmənçilik və yenidən müharibə etməyə üstünlük verərsə, bu Ermənistanda daxili iqtisadi vəziyyəti daha da çətinləşdirəcək. Çünki silahlanmaya yenidən vəsaitlər ayırlmalı olacaq. Bu da yenidən Ermənistanın Rusiyadan aslı vəziyyətdə qalmasına səbəb olacaq. Ermənistanda siyasi partiyalar reytinq qazanmaq xatirinə, bu məsələlərdən istifadə etməyə çalışır. Ermənistanda belə bir cəmiyyətin  və siyasi rəhbərliyin olması, ölkənin imicinə zərbə vuracaq. Otuz ildir ki, Ermənistan qəti surətdə inkişaf etməyib. Siyasi rəhbərliklərinin dedikləri də sadecə pafoslardan ibarətdir. Müharibədə Ermənistan ordusunun güclü olmadığını , daha da zəif olduğunu , ən əsası da iqtisadiyyatının olmadığını gördük. Düşünürəm ki, bundan sonra Ermənistanda eyni vəziyyət davam edəcək. Paşinyan 15 maddəlik yol xəritəsi elan edib. Bunu altı ay müddətinə həll edəcəyini bildirib. O, hakimiyyətdə qalıb xalqın etimadını qazanarsa, Qarabağla məsələni arxa plana keçirərsə, ölkə iqtisadiyyatı Qərbə inteqrasiya edərsə və ilk növbədə Azərbaycan və Türkiyəylə sülh müqaviləsi imzalanarsa, təbii ki, bəyannamədə yazıldığı kimi Ermənistanla kommunikasiya və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur. Bundan əlavə, ticarət və iqtisadi əlaqələr bərpa oluna bilər. Ermənistanın Qərbə inteqrasiyası regionda Rusiyanın zəifləməyinə səbəb olacaq. Bu da regionda ümumi siyasi nizamın formalaşmasına səbəb olur. Hesab edirəm ki, Ermənistanın buna gedəcəyi o qədər də real görünmür. Görünür ki, onlar hələ məğlubiyyətləriylə barışmaq istəmir. Yenidən ritorikalara əl atmağa çalışırlar. Belə davam etsə, Ermənistanın böhranlı vəziyyəti davam edəcək. Paşinyan köçkünlərinə ödəyəcəyi təzminatın miqdarını da açıqlamadı. Bu 50 dollar və 30 dollar da ola bilər. Paşinyan sadəcə popurist çıxışlar edir. Ermənistan rəhbərliyi bu təzminatı heç ödəməyə də bilər. Ermənistan rəhbərliyinin hər köçkünə 500-600 dollar ödəməsi qeyri-mümkündür. Onların vəsaiti olsaydı, müharibəni davam etdirərdilər. Bu real görünmür. Sadəcə, Paşinyanın əhalini sakitləşdirmək planının bir hissəsidir”.

YƏHYA