Paşinyan 2035-ci ilə qədər gözləmək istəmir – Koronavirus baş nazirin planını alt-üst edib

27

Ermənistan hakimiyyəti baş naziri Nikol Paşinyana etinasız olan Konstitusiya Məhkəməsinin 7 üzvünün işdən çıxarılması üçün hüquqi mexanizm tapmağa çalışır. Aprelin 5-də bu məsələ ilə bağlı ölkədə referendum keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə o, təxirə salınıb və vəziyyətin yaxın gələcəkdə ciddi şəkildə dəyişməsi ehtimalı azdır. Hakimiyyət məsələnin pandemiyanın sonuna qədər gözləyə bilməyəcəyinə israr etsə də, müxalifət iddia edir: “Sadəcə referendumda məğlub olmaqdan qorxurlar”.

Nikol Pashinyan Şənbə günü onlayn mətbuat konfransında danışarkən deyib: “Pandemiyanın sonuna qədər Konstitusiya Məhkəməsi (KM) ilə əlaqədar məsələnin həllini gözləyə bilmərik. Venesiya Komissiyasına müraciət etmişik və Konstitusiya Məhkəməsi məsələsinin hansısa bir hissə ilə və ya qismən (səsvermə yolu ilə – “Kommersant”) parlamentdə həll edilməsi imkanını müzakirə edirik”.

Onun sözlərinə görə, referendum keçirilməsi ən az bir il mümkün olmayacaq.

Ermənistanın Ədliyyə Nazirliyi Venesiya Komissiyasına (Avropa Demokratiya Komissiyası – Avropa Şurasına tövsiyəedici orqanı) müraciət edərək bu vəziyyətin həllinə kömək istəyib. KİV-lər bu haqda hələ mayın 13-də məlumat verib, lakin məsələnin karantinin sonuna qədər təxirə salınacağı bildirilməyib.

Xatırladaq ki, Ermənistandakı “Konstitusiya Məhkəməsi ilə əlaqədar vəziyyət”lə icra və məhkəmə hakimiyyətləri arasında münaqişə nəzərdə tutulur. Fakt budur ki, Konstitusiya Məhkəməsinin (KM) sədri Hrayr Tovmasyan, demək olar ki, 2018-ci ilin “məxməri inqilab”ından sonra belə yüksək vəzifəni tutan və eyni zamanda, baş nazir Paşinyanı açıq şəkildə təhdid edən köhnə elitanın yeganə nümayəndəsidir.

Eyni zamanda, Ermənistan baş nazirinin Konstitusiya Məhkəməsi rəhbərini vəzifədən azad etməsinin qanuni üsulu yoxdur və müddətin bitməsini gözləmək çox uzun çəkir. Konstitusiyaya görə, 2005-ci ildə düzəliş nəzərə alınmaqla, Konstitusiya Məhkəməsinin üzvləri 65 yaşına qədər vəzifələrini icra edir, Tovmasyanın müddəti isə 2035-ci ildə bitir.

Bu arada, 2 hakim daha əvvəl, 1995-ci il Konstitusiyasına görə təyin olunub, o vaxt onların səlahiyyətləri 70 yaşla məhdudlaşıb və daha 2 hakim mövcud Konstitusiyaya uyğun olaraq 12 il müddətinə təyin edilib.

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın sözlərinə görə, bir hakimin 30 ildən çox, digərinin isə yalnız 12 il vəzifədə qala biləcəyi ilə yaranan balanssızlıq Konstitusiya Məhkəməsinin nüfuzuna xələl gətirir. Məsələ aprelin 5-nə təyin edilmiş, lakin koronavirus pandemiyası və fövqəladə vəziyyətə görə baş tutmayan konstitusiya referendumunda həll edilməli idi. Amma fövqəladə vəziyyət rejimi bir ay ərzində 2 dəfə uzadılıb və iyunun 13-də başa çatır.

Qanuna görə, fövqəladə vəziyyətə görə baş tutmayan referendum “hərbi vəziyyət və ya fövqəladə vəziyyət sona çatdıqdan 50 gündən tez olmayaraq və ən geci 65 gün sonra keçirilə bilər”.

Bununla belə, Ermənistan parlamenti sədrinin müavini Alen Simonyan Nikol Paşinyanın ardınca deyib: “Qərarı təxirə salmaq artıq mümkün deyil”.

“Təəssüf ki, Konstitusiya Məhkəməsi ilə əlaqədar yaranan vəziyyət bütün məhkəmə sisteminə təsir göstərir, – deyən cənab Simonyan “Kommersant”-ı əmin edib: – Konstitusiya Məhkəməsinin siyasiləşməsi, etimadın yoxluğu və formalaşma prinsiplərinin pozulması bu orqanı hüquqi reallıqdan uzaqlaşdırıb”.

Eyni zamanda, vitse-spiker əmindir ki, Yerevan avropalı tərəfdaşlar arasında anlaşma tapacaq və hakimlər referendum olmadan işdən çıxarılsa da, hökumət qanunsuz hərəkətlərdə ittiham olunmayacaq. “Məncə, Ermənistandakı demokratiya səviyyəsinə sıçrayış və yeni hakimiyyətin bu vaxtadək etdiyi bütün hərəkətlərin maksimum qanuniliyi, habelə yüksək legitimliyi şübhə doğurmayacaq. Həm tərəfdaşlarımız arasında, həm də əhali arasında hər istiqamətdə razılıq tapılacaq”.

Ancaq başqa bir nöqteyi-nəzər var. Konstitusiyaya dəyişiklikləri əleyhdarlarının təşəbbüs qrupuna rəhbərlik edən hüquq müdafiəçisi Ruben Melikyanın sözlərinə görə, səsvermədən imtina etmək istəyi yaranıb, çünki “hakimiyyətin təyin etdiyi referendumda qalib gəlmək şansı yoxdur”.

Cənab Melikyan “Kommersant”-a deyib: “Fevral-mart aylarında bu məsələ (Konstitusiya Məhkəməsi üzvlərinin işdən çıxarılması – “Kommersant”) sıravi vətəndaşlar üçün, yumşaq desək, ikinci dərəcəli idi və indi sadəcə istehza kimi səslənir. Hər gün koronavirusa yoluxanların sayı artır, ölüm halları 60 nəfərə çatıb, Konstitusiya Məhkəməsi heç kimin vecinə deyil”.

Venesiya Komissiyasının gələcək qərarı, hüquq müdafiəçisinin fikrincə, “on illər əvvəl elan edilmiş prinsiplərin hələ də Avropa üçün aktual olub-olmadığını” nümayiş etdirəcək.

“Nikol Paşinyan referendumdan imtina etmək barədə danışmalı idi, çünki bəzi məhdudiyyətlər Bazar ertəsi günündən ləğv olunur və səsvermə məsələsi öz-özünə yaranacaq. Baş nazirə qarşı tənqid dalğası artacaq, buna görə də, köhnə elitanın simasında “düşmənlər” üzərində qələbə gərəkdir. Hər şeyi olduğu kimi saxlasanız, KM ciddi bir büdrəmə bloku olaraq qalacaq”.

Hayk Xalatyan, Kirill Krivoşeyev

“Kommersant, 17.05.2020

Tərcümə: Strateq.az