“Parlament siyasət yeri deyil” polemikası qızışdı

129

Sosial mediada yeni bir polemika başlanıb. Dünənə qədər əksəriyyətin tanımadığı deputat Jalə Əhmədovanın siyasətdən uzaq olduğunu söyləməsi diskussiyalara yol açıb. Xanım deputat deyib ki, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındadır: “Dövlətin siyasəti ilə məşğul olacaq Prezident var. Onun siyasi xətti var və biz də onu dəstəkləyirik.  Sırf işim məni seçən əhali ilə işləməkdir. İşim camaatımın dərdi, problemi, hansısa bir məsələyə dəstək olmaqdan ibarətdir. Özümü bu istiqamətə yönəltmişəm, çalışıram işimi, fəaliyyətimi əhali ilə qurum”.

Onun fikirlərini həmkarı Etibar Əliyev dəstəkləyib. E.Əliyev feysbuk hesabında J.Əhmədovanın fikrin hörmətlə yanaşıb: “Ona haqq qazandırıram. Sual yaranır, siyasətlə kimlər məşğul olmalıdır? Ali məktəblərdə politologiya ixtisası üzrə mütəxəssis hazırlanır. Siyasət ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru alimlik dərəcələri verilir. Ali Attestasiya Komissiyasının saytında 2010-cu ildən bəri siyasət üzrə fəlsəfə doktorlarını 100-ə qədər sayandan sonra gözlərim qaraldı, davam edə bilmədim. Siyasi partiya (onların sayı 61-dir) rəhbərləri və həmin partiyanın üzvləri siyasətlə məşğul olurlar. Və 12 partiyanın nümayəndələri parlamentin üzvüdür. Yeri gəlmişkən, Milli Məclisin 4 üzvü siyasət üzrə elmlər doktorudur. Xalq şairi Sabir Rüstəmxanlı siyasi partiya rəhbəridir. Və illərdir partiyadaşları onu özlərinə lider kimi qəbul ediblər. Yəni qanunverici orqan olan parlamentin içində və çölündə kifayət qədər siyasətlə məşğul olan şəxslər var.

Etibar Əliyev

Etibar Əliyev: “Milli Məclisin İdman və gənclər komitəsində, yaxud Səhiyyə komitəsində siyasətçilərin olmasına nə ehtiyac var?”

Milli Məclisin Elm və təhsil komitəsində, İdman və gənclər komitəsində, yaxud Səhiyyə komitəsində siyasətçilərin olmasına nə ehtiyac var?” Deputat qeyd edib ki, bəzi qəzet və sayt rəhbərləri də özlərini kamil siyasətçi adlandırırlar: “Bismark gözəl deyirdi – siyasət elm deyil, sənətdir. Şəxsən mənim də sənətim siyasət deyil. Siyasət haqqında ilk fundamental əsərin müəllifi filosof Aristotel olub. Yəni bu sənəti filosoflar yaradıblar. Azərbaycanda siyasətlə nə üçün məşğul olduğunu bilməyən minlərlə insan bədbəxtliyə düçar oldu. Hələ onlara qoşulanları demirəm. Bu indi də davam edir. İnsanları siyasətdən baş çıxarmayıb ”mən peşəkar siyasətçiyəm” ifadəsi ilə aldadanlar çox olub. Elm, təhsil, səhiyyə, gənclər, idman  siyasəti ilə məşğul olanların əksəriyyəti isə özlərini siyasətçi adlandırmırlar. Tamamilə düz edirlər. Əsas məsələ idrakla və təfəkkürlə ölkəyə verilən faydadır. Elə siyasət də bunun içindədir”.

Deputat Musa Quliyev: “Tələbləri yerinə yetirmək lazımdır”

Musa Quliyev: “Jalə Əhmədova uğurlu ifadə seçməyib, millət vəkili də siyasətçidir”

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə “Yeni Müsavat”a dedi ki, gənc deputat təcrübəsizlik edib və uğurlu ifadə seçməyib. Deputat bununla belə, həmkarı J.Əhmədovanın adının daha çox hallandırılmasının, məsələnin uzadılmasının tərəfdarı deyil. “Əlbəttə ki, parlament siyasət meydanıdır. Hüquqi və demokratik ölkələrdə məsələlər parlamentdə aydınlaşır, çözülür. Parlamentdən böyük siyasət meydanı yoxdur və millət vəkili də siyasətçidir. Sadəcə, gənc deputatımız fikrini uğurlu ifadə etməyib. Deputat seçilən şəxs bilir ki, siyasət meydanına atılır. Eyni zamanda ölkənin ümummili maraqlarını qorumaq onun ümdə vəzifəsidir”, – deyə komitə sədri vurğuladı.

M.Quliyev bəzi deputatların sosial medianın fəaliyyətini tənzimləmək təkliflərinə də münasibətini açıqladı: “Zaman-zaman mənim də təşəbbüslərim olub. Düşünmürəm ki, sosial şəbəkənin fəaliyyətini tənzimləmək təklifi vətəndaşın sosial aktivliyini azaltmağa hesablanıb. Sadəcə, sosial şəbəkədə heç kəsi təhqir etmək, qeyri-etik məsələləri gündəmə gətirmək olmaz. Bu mənzərə ziyalıları, deputatları narahat edir. Dünyanın bir çox ölkələrində bu istiqamətdə hüquqi addımlar atılır, qanunlar qəbul olunur, hətta inzibati və cinayət xarakterli işlər var. Sosial media hər kəsin öz əxlaqını istədiyi şəkildə nümayiş etdirmək yeri deyil. Bura cəmiyyətdir və normalara əməl etmək lazımdır. Sadəcə, sosial media ilə bağlı hansısa mexanizm tətbiq etmək üçün dünya təcrübəsi öyrənilməlidr, demokratik ölkələr hansı addımlar atır, onlardan yiyələnməliyik. Amma bu praktikanı öyrənərkən milli dəyərləri də nəzərə almalıyıq. Məsələn, Fransa üçün adi hal bizim üçün qəbul olunmaya bilər. Ölkənin milli adət-ənənələri nəzərə alınmalıdır. Xüsusən son dövrlədə bizi narahat edən məişət zorakılığı, qadınlara şiddətin genişlənməsi hallarıdır. Avropada niyə azdır? Çünki o etapı keçiblər, onlarda əhəmiyyətsiz sayılan dəyərlər bizdə  kişinin şərəfi, namusu səviyyəsində qavranılır. Həmçinin sosial medianın uşaq psixologiyasına, narkomaniyaya təsirləri ilə bağlı narahatedici məqamlar var”.

Onlar oğlanlarıma ölüm arzulayır” – Aqil Abbas (Müsahibə)

Aqil Abbas: “Deputat siyasətçi deyilsə, parlamentdə nə işi var?”

Deputat Aqil Abbas isə sual etdi ki, deputat siyasətçi deyilsə, parlamentdə nə işi var: “Milli Məclis qanunverici orqandır, danışıq, siyasət yeridir, ölkənin milli məsələləri, problemləri, siyasi hadisələri barədə çıxışlar olur. Sadəcə, gənc deputatdır, təcrübəsizlik edib, belə danışıb. Hər şeydə siyasət, fəlsəfə var. Riyaziyyatda da, fizikada da siyasət var. Əgər sən Milli Məclisdə olan adamsansa, siyasəti bilməlisən. İndi xanımdır, üstünə getməyi də xoşlamıram”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”