Paris meriyası rəhbər vəzifələrə daha çox qadın təyin etdiyinə görə CƏRİMƏLƏNİB

315

Paris meriyası rəhbər vəzifələrə kişilərdən təxminən iki dəfə çox qadın təyin etdiyinə görə 90 min avro həcmində cərimə ödəməlidir.

AZƏRTAC “Monde” qəzetinə istinadla xəbər verir ki, bu barədə Fransa paytaxtının meri Ann İdalqo bildirib. Onun sözlərinə görə, 2018-ci ildə Paris administrasiyasında rəhbər vəzifələrə 11 qadın və cəmi 5 kişi təyin edilib. Yəni təyin olunan şəxslərin 69 faizi qadınlar olub.

Ann İdalqo köməkçiləri, idarə rəisləri və rəhbər vəzifədə çalışan digər qadınlarla birgə 90 min avroluq çeki Dövlət Xidməti Nazirliyinə aparacağını deyib. Buraya 2018-ci ildə yeni vəzifələrə təyin edilən idarə rəisləri və onların köməkçiləri daxildir.

Qeyd edək ki, meriyanın cərimələnməsi Fransa hakimiyyət orqanlarının 2013-cü ildə qəbul etdiyi qərarın pozulması ilə bağlıdır. Həmin qərara əsasən, eyni cinsin nümayəndələri rəhbər vəzifələrin 60 faizindən çoxunu tuta bilməz.