“Panik atak” nədir və ondan necə xilas olmaq olar? – PSİXOLOQ MƏSLƏHƏTİ

    132

    Psixoloq Leyli Muradlı günümüzdə tez-tez rastlaşdığımız suallara aydınlıq gətirir

    İnsan övladı yarandığı gündən həyatı boyu həyəcan, qorxu, təlaş, gərginlik kimi psixoloji hallar yaşayır. Saysız-hesabsız kataklizmlər zamanında yaşayan 21-ci əsr insanı isə bu cür psixoloji basqılara daha çox məruz qalır.

    Müasir insanın ən böyük problemlərindən biri daxilində yığılıb qalan narahatlıq, gərginlik nəticəsində məruz qaldığı “panik atak”dır. Davamlı sürətdə baş verən panik ataklar panik pozuntulara, yəni xroniki xəstəliyə gətirib çıxarır.

    Bunun qarşısını almıq üçün isə “panik ataklar” haqda daha məlumatlı olmalıyıq. Bu məsələdə bizə psixoloq Leyli Muradlı yardımçı olacaq.

    Panik Atak və ya vəlvələ pozuntusu

    Bəzən ətrafımızda hər hansı bir hadisədən aşırı təlaşlanan, narahat olan, həyəcanlanan, qorxan insalar görəndə “panik atak keçirir”, – deyirik. Bu panik atak deyil, panikadir. Panik olma panik atak deyil, hər atak keçirən də panik pozuntudan əziyyət çəkmir.

    Panik pozuntu ilə panik atak arasındakı fərq

    Panika – hər hansı bir üzücü, sarsıdıcı xəbər, hadisə nəticəsində keçirdiyimiz, yaşadığımız haldır.

    Panik atak isə bəlli bir hadisədən sonra, yaxud heç bir səbəb olmadan qəfildən, gözləmədiyimiz anda baş verir. Panik ataklara məruz qalan insanlarda çətinliklə nəfəs alma və ya hiperventilyasiya, ürək döyüntülərinin sürətlənməsi, baş gicəllənməsi, ürək bulanma, yuxusuzluq, titrəmə, tərləmə, boğulma hissi, sinədə ağrı, qarın ağrısı, ishal, bədən temperaturunun və qan təzyiqinin yüksəlməsi, əl və ayaq barmaqlarının uyuşması, fikir dolaşıqlığı, ətraf aləmdən uzaqlaşma hissi, qəfil ölmək qorxusu, özünü itirmə və sair kimi əlamətlər müşahidə olunur. Amma diaqnoz qoya bilmək üçün 4-5 əlamət bir yerdə özünü biruzə verməlidir. Ataklar getdikcə şiddətlənir və 10 dəqiqə ərzində ən pik həddinə çatır, çox zaman 30 dəqiqə, 1 saat davam etdikdən sonra öz–özünə keçir.

    Panik atakın yaranma səbəbləri

    Panik atakların meydana çıxmasında genetik faktor da əhəmiyyətli rol oynayır.

    Güclü bir travma və ya stress də panik ataka gətirib çıxara bilər. Məsələn, işindən ayrılan, bir yaxınını itirən, ya da xəyanətə uğrayan insanlar üçün panik ataklar çox zaman qaçılmaz olur. Travma yaşamış insanda hadisədən sonra yenidən həmin təcrübəni yaşamaq qorxusu baş qaldırır. Ona görə də bu cür şəxs həmin hadisənin baş verdiyi (və ya oxşar) məkandan və əlaqəli insanlardan qaçmağa çalışır. Buna müvəffəq olmadığı təqdirdə panik ataklar onun ən arzuolunmaz yoldaşına çevrilə bilər.

    Panik atak zamanı insan müxtəlif hisslər keçirir. Bu halla üzləşən xəstələrin təsvirləri müxtəlifdir. Get-gedə balacalaşaraq yığılırmış kimi, özünü terror hücumuna məruz qalmış və ya onu qarabaqara izləyən bədheybətlərdən qaçırmış kimi hiss edənlər, divarların yaxınlaşdığını, hər yerin bulanıqlaşdığını deyənlər olur. Bəzi xəstələr həmin anda içərisində olduqları məkanı yanğın baş verən binaya, qəribə bir tunelə və ya sürət qatarına oxşadırlar.

    Təbii ki, hər kəsin həyatında itkilər, neqativ hallar olur, amma hami bundan eyni cür təsirlənmir. Panik atakı xarakter özü seçir desək, yanılmarıq. Xırdaçı, qayda qanunlara aşırı riayət edən, həssas, narahat, təlaşlı, tənqid edilməyi sevməyən, sabit fikirli, vasvası, güzəştə getməyi bacarmayan şəxslərin panik ataklara məruz qalma təhlükəsi daha böyükdür.

    Panik atak mərkəzi sinir sisteminin təhlükə hiss edən anda bir növ siqnalizasiyaya sistemini işə salması, müdafiə mexanizmidir, yəni orqanizmimizin, vücudumuzun qorxu, stress, həyəcana verdiyi anormal reaksiyadır.

    Alış-verış mərkəzlərində, maşınlarda quraşdırılan siqnalizasiya sisteminin iş prinsipini xatırlayaq. Oğurluq baş verdiyi zaman sistem işə düşür və siqnal verməyə başlayır. Amma bəzən ciddi səbəb olmadan da həmin sistem aktivləşə bilir. Panik atak da elə budur. Heç bir təhlükə olmadığı halda qorxu, stress, həyəcan yaşanır, qanda adrenalinin səviyyəsi yüksəlir, nəticədə beyinə yanlış siqnal ötürülür. Bizi qorumaq üçün yaradılan sistemin, yəni beynimizin, qorunmağa ehtiyacımız olmayanda işə keçməsidir.

    Panik ataklı insanlar daim səksəkə içində olur, növbəti atakın nə vaxt baş verəcəyini gözləyir və bunun həyacanını yaşayırlar . Nəticədə həyatlarını qəfəsə salmış kimi olurlar. Eyni qorxularla xəstələrin bir qismi evdə tək qalmaqdan, bir qismi isə əksinə cəmiyyət arasında olmaqdan çəkinirlər. Bu kimi hallar da həmin şəxslərin sosial həyatına öz mənfi təsirini göstərir. Panik atak hər yerdə baş verə bilər – evdə, marketdə, televizora baxarkən, maşın sürərkən, hətta yuxuda da. Ona görə də həmin insanlar evdən bayıra çıxmağa qorxur, tünlükdən qaçır, yollarında xəstəxana, əczəxana olmayanda özlərini güvənli hiss etmirlər. Bu agarafobiyali panik atakdır. Agarofobiya cəmiyyət arasında olmaq qorxusudur.

    Panik atak keçirən şəxs ən çox ölməkdən, dəli olmaqdan qorxur. Elə hesab edir ki, dünyanın sonudur hər şey bitib. Psixoloji əlamətlərlə yanaşı, panik atakın fiziki, yəni orqanik əlamətləri də olur. Xəstələr infarkt keçirəcəkləri, öləcəkləri qorxusu ilə təcili tibbi yardima müraciət edirlər, xəstəxanalara gedirlər. Problemlərinin psixoloji olduğu aydınlaşanadək həkim-həkim gəzib saysız-hesabsız müayinələrdən keçirlər.

    Ürək tutması ilə panik atakın fərqi

    Panik atakı ən çox ürək tutması ilə qarışdırırlar, çünki panik atak halının əlamətlərinin çoxu ürək tutmasında olduğu kimi fizikidir. Amma panik atakda tibbi müayinələr zamanı heç bir xəstəlik aşkarlanmır. Bu isə onları daha çox qorxudur. “Əgər heç bir problem yoxdursa, bəs bu yaşadıqlarımız nədir?”, – deyə özlərinə sual verirlər.

    Nəzərə almaq lazımdır ki, əgər ürək ağrıları ilə yanaşı, ürək döyüntülərinin sürətlənməsi, nəfəs daralması, əllərdə, ayaqlarda, üzdə keyləşmə, agızda quruluq, titrəmə, tərləmə halları baş verirsə, çox guman ki, problem ürəklə deyil, psixoloji vəziyyətlə bağlıdır. Amma istənilən halda həkimə müraciət edib diaqnozu dəqiqləşdirmək mütləqdir.

    Panik atak zamanı nə etməli?

    Atak zamanı mütləq ya oturmalı, ya da uzanmalısınız. Öz-özünüzə bunun sadəcə bir atak olduğunu, qorxulu bir hal olmadığını söyləyin və atakın keçməsini gözləyin. Atak müddətində üzücü, həyəcanlandırıcı mübahisələrdən uzaqlaşın. Kafeinli, alkoqollu içkilərdən və siqaretdən istifadə etməyin. Bu zaman şəxs sürətli nəfəs alıb-verir və beyinə gedən oksigenin miqdarı artır. Ona görə də ilk olaraq nəfəs alıb vermə prosesi tənzimlənməlidir. Bunun üçün bir torba götürün. Əvvəlcə torbanın içərisinə üfürüb doldurun, sonra isə həmin havanı geri udaraq nəfəsinizi nizama salın. Torbanın içərisinə nəfəs almağın məqsədi odur ki, beyinə gedən oksigen miqdarı azalsın və panik atakın şiddəti aradan qaldırılsın.

    Panik atak zamanı zehninizi işə salın. Ətrafdakı əşyaları başqa nəsnələrə bənzətməyə, onlarla müqayisə etməyə çalışın. Sizi əhatə edən adi əşyaların quruluşu haqqında düşünün, sizdə qorxu, stress yaradan hadisəni zehninizdən uzaqlaşdırmağa çalışın.

    Vəziyyəti özünüzə izah edin. Panik atak halı ilə üzləşdiyinizi özünüzə etiraf edin. Bu vəziyyətin tezliklə keçib gedəcəyinə, sizə heç bir zərər verə bilməyəcəyinə inandırın özünüzü.

    Təsəvvür edin ki, darısqal bir yol ilə irəliləyirsiniz. Siz qorxduqca yol daha da daralır. Qorxularınızdan qaçmadan birbaşa onların üzərinə gedin. Siz qorxularınıza sinə gərdikcə, yol genişlənib rahatlaşacaq. Bir müddətdən sonra o yolla getməkdən zövq almağa başlayacaqsınız.

    Əgər bütün bunları tətbiq etdikdən sonra panik atak hələ də aradan qalxmayıbsa, deməli vəziyyət düşündüyünüzdən daha ciddidir. Bu zaman mütləq mütəxəssisə müraciət etməlisiniz.

    Bu arada unutmayın ki, hər kəs həyatında qorxu, narahatlıq, gərginlik yaşayır, bunda qorxulacaq bir şey yoxdur. Sadəcə güclü olmalı, özünüzə güvənməli və bütün çətinlikləri, sıxıntıları dəf etmək iqtidarında olduğunuza inanmalısınız.

    Hazırladı: Banu Oğuz

    Proqressiv Psixologiya Mərkəzinin əməkdaşı, psixoloq Leyli Muradlı ilə əlaqə telefonu: 051-851-00-50