“Pandora yeşiyi” AÇILIR – Nüvə müharibəsinin fitili bu tarixdə YANDIRILACAQ

    24

    ABŞ İranın nüvə proqramı üzrə Birgə hərtərəfli iş Planından çıxmağa qərar verərsə, bu, nüvə müharibəsinə gətirib çıxara bilər.

    Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, bu haqda Fransa prezidenti Emmanuel Makron bildirib.

    “Ən pis halda, ABŞ prezidenti Donald Tramp İranla sonrakı razılaşmanın nəticəsi olmadan sazişdən çıxmağa qərar verəcək. Bu o deməkdir ki, ki, biz “Pandora yeşiyi”ni açacağıq və nəticədə müharibə baş verə bilər”, – Fransa prezidenti deyib.

    O əlavə edib ki, münaqişənin başlanmasını Trampın hədəfi hesab etmir.

    “Düşünmürəm ki, Donald Tramp müharibəyə başlamaq istəyir”, – Makron söyləyib.

    Daha əvvəl Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin başçısı Boris Conson bildirib ki, nüvə sazişinin qüvvəsinin dayandırılması halında yalnız İran udacaq.

    Qeyd edək ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur.

    ABŞ prezidenti Donald Tramp sazişi “ölkə tarixinin ən pis razılaşması” adlandırıb. O, Böyük Britaniya, Almaniya və Fransa ilə müzakirələrin nəticəsinə görə 12 may tarixindən gec olmayaraq İranın nüvə proqramı üzrə sazişdə qalıb-qalmayacağı barədə qərarını elan edəcək.

    Aprelin 30-da isə İsrailin baş naziri Benyamin Netanyahu İsrail kəşfiyyatının İranda hərbi nüvə proqramının olduğunu sübut edən yarımton məxfi material əldə etdiyini açıqlayıb. Hökumət başçısı deyib ki, İsrailin sərəncamına 100 min sənəd düşüb. Onun sözlərinə görə, sənədlər İranın “Amad layihəsi” kod adı altında nüvə proqramına dair məxfi hərbi plana malik olduğunu göstərir.

    İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Tehran nüvə sazişi barəsində bir daha heç bir sövdələşmə aparmayacaq və əsla müzakirə masasına əyləşməyəcək. XİN rəhbəri eyni zamanda Vaşinqtonun anlaşmanı imzalayan digər ölkələrə qarşı “zorbalıq” etdiyini qeyd edib.