“Pandemiyadan əvvəl başlamış ABŞ-Çin rəqabəti kəskinləşərək davam edəcək” – ŞAHİN CƏFƏRLİ

18

“Koronavirusdan sonrakı dünya haqqında çox danışıldı, yazıldı və bu mövzu hələ uzun müddət aktual olacaq. Hələlik dəqiq məlum olan budur ki, pandemiyadan əvvəl başlamış ABŞ-Çin rəqabəti kəskinləşərək davam edəcək. Buna işarə edən xeyli gəlişmə var”. Hurriyyet.org xəbər verir ki, bu fikirlər politoloq  Şahin Cəfərliyə məxsusdur. 

“Dünya üzrə çip istehsalının 55%-dən çoxu Tayvanın TSMC şirkətinin payına düşür”

“Bilirsiniz ki, bu rəqabətin əsas istiqaməti texnoloji liderlik uğrunda mübarizədir: ABŞ bu sahədə liderliyini qorumağa, Çin isə liderliyi ələ keçirməyə çalışır. İstənilən yüksək texnoloji məhsulun və prosesin qəlbi mikrosxemlər – çiplərdir. Bu sahədə dünyadakı ən iri istehsalçı Tayvanın TSMC (Taiwan Semiconductor Manufacturing Company) şirkətidir. Dünya üzrə çip istehsalının 55%-dən çoxu bu şirkətin payına düşür, “Apple”ın baş təchizatçısı da onlardır. Şirkətin əsas üstünlüyü budur ki, o, hazırda ən güclü, ən sürətli və ən nazik mikrosxemlər – 5 nanometr (nM) ölçülü çiplər buraxmağa hazırlaşan yeganə şirkətdir. “Samsung”un da bu uğura çox yaxınlaşdığı barədə xəbərlər var”,-deyə politoloq  qeyd edib.

“Heç bir qarantiya yoxdur ki, Çin sabah sürətli hücumla öz ərazisi saydığı Tayvanı ələ keçirməyəcək”

Ş. Cəfərlinin sözlərinə görə, ABŞ texnoloji sektoru Asiya bazarından-Tayvanla yanaşı, Çin və Cənubi Koreyadan çox asılıdır: “Lakin pandemiya həyati vacib sahələrdə xaricdəki mənbələrdən asılılığın nə qədər riskli olduğunu göstərdi: hətta tərəfdaşlarınızın hər hansı pis niyyəti olmasa belə, sərhədlər bağlana, tədarük zəncirləri qırıla bilər və bir anda o mənbələrdən məhrum qala bilərsiniz. Digər tərəfdən, Tayvan ABŞ-ın müttəfiqi və onun müdafiəsinə hər zaman ehtiyac duyan ölkə olsa da, heç bir qarantiya yoxdur ki, Çin sabah sürətli hücumla öz ərazisi saydığı (“Vahid Çin” prinsipi) Tayvanı ələ keçirməyəcək. Üçüncüsü, sizin üçün strateji əhəmiyyəti olan məhsulun tədarük mənbələrinin kənarda yerləşməsi (o ölkə müttəfiq də olsa) düşmənlərin casusluq yolu ilə oradan texnoloji sirləri oğurlamasını xeyli asanlaşdırır. ABŞ öz ərazisində belə, “know-how”larını qorumağa çətinlik çəkir, o ki qala, ölkə xaricində olsun. Ona görə də bu cür istehsal sahələrinin lokalizasiyası – daxildə yaradılması indi böyük dövlətlər üçün çox mühüm vəzifəyə çevrilib və bilavasitə milli təhlükəsizlik məsələsidir. Bu səbəbdən ABŞ hökumətinin istəyi ilə TSMC Arizonada 5 nM ölçülü çip buraxacaq müəssisənin tikintisi barədə qərar qəbul edib. Bu layihəyə şirkət 12 milyard dollar sərmayə yatıracaq. Gələcəkdə ultraməhsuldar 2 nM ölçülü çiplərin hazırlanması da planlaşdırılır. Əslində ABŞ-ın “Intel” şirkəti də mikrosxemlər buraxır, amma şirkət bu sahədə bir az geridə qalıb və hələlik 10 nM ölçülü çip hazırlaya bilir”.

“Bu qərarlar şübhəsiz ki, Çinə ciddi zərbə vuracaq”

Cəfərli onu da nəzərə çatdırıb ki, ABŞ Ticarət Nazirliyi ABŞ texnologiyaları və proqram təminatı istifadə olunmaqla hazırlanan məhsulların Vaşinqtonun lisenziyası olmadan Çinin “Huawei” şirkətinə satışını qadağan edib: “Qərar həm də TSMC-yə aiddir, tayvanlılar “Huawei”in də əsas təchizatçısıdır və çinlilərə mikrosxemlər (o cümlədən 5 G üçün) hazırlayır. Bu qərarlar şübhəsiz ki, Çinə ciddi zərbə vuracaq. Çin özü çip istehsal edə bilir, lakin onun yarımkeçiricilər sahəsindəki ən iri şirkəti olan SMİC (Semiconductor Manufacturing International Corporation) hələlik 14 nM ölçülü çiplər hazırlaya bilir və TSMC ilə “Samsung”dan geri qalır. SMİC çip bazarında 5%-lik paya malikdir. Çin aradakı fərqi qapatmaq və bu sahənin inkişafı üçün 29 milyard dollarlıq fond yaradıb, SMİC isə 2017-ci ildə TSMC-nin aparıcı mühəndislərindən birini transfer edib”.

“Təbii ki, Çin ABŞ-ın addımlarını cavabsız qoymayacaq. Pekinin “Apple”, “Qualcomm”, “Cisco” kimi ABŞ texnoloji liderlərinə məhdudiyyətlər tətbiq etməsi, “Boeing” sərnişin təyyarələri almaqdan imtina etməsi gözlənilir. Belə görünür ki, amerikalılar bu itkiləri gözə alıblar”,-deyə politoloq vurğulayıb.

Şamo EMİN, Hurriyyet.org