“Pandemiya şəraitində zirvə görüşünün keçirilməsi sübut etdi ki…” – Politoloq

507

Türk Şurasının koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunan zirvə görüşünün keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüs irəli sürülməsi və bir neçə gün sonra görüşün təşkili göstərir ki, qurum dostluq və qardaşlıq təməlləri üzərində qurulub.

Hurriyyet.org xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib.

O qeyd edib ki, ötən ilin oktyabrında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII zirvə görüşü Bakıda keçirildi və Azərbaycan bu zirvə görüşündə sədrliyi öz üzərinə götürdü. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi dövründə Azərbaycan dünyada təşkilatın nüfuzunun daha da artırılması, üzv ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində səylərini genişləndirib:

“Bu gün koronavirus xəstəliyi sərhəd tanımayaraq, dünya boyunca yayılır və faciəvi nəticələrə gətirib çıxarır. Türk Şurası dünya miqyasında ilk beynəlxalq təşkilatdır ki, dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş zirvə görüşünü keçirməyə nail oldu. Nümunəvi səviyyədə olan bu həmrəyliyin əsasında ortaq soykök, tarix, mədəniyyət və milli dəyərlər dayanır. Pandemiyanın bütün dünyanı bürüdüyü indiki şəraitdə dünyanın həmrəyliyə,əməkdaşlığa və qarşılıqlı səmərəli fəaliyyətə ehtiyacı var”.

İlyas Hüseynov Azərbaycanın koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atdığını vurğulayb:

“Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, doktor Tedros Adhanom Qebreyesus tərəfindən mart ayının 23-də Prezident İlham Əliyevə ünvanlanmış məktubda Azərbaycanda görülmüş işlərə yüksək qiymət verilib, Azərbaycan pandemiyaya qarşı görülmüş tədbirlərə görə nümunəvi ölkə kimi dəyərləndirilib.Azərbaycan koronavirus pandemiyasına qarşı mübarizədə həm ölkə daxilində, həm də dünyada öz fəal rol oynayır.

Bu səbəbdən də zirvə görüşünün keçirilməsinin əsas məqsədi milli səviyyədə atılan addımlara dair təcrübə mübadiləsini aparmaq, lazım olan anda bir-birinə dəstək göstərmək və xalqlar arasında həmrəyliyin möhkəmləndirilməsi olub. Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə zirvə görüşü zamanı Prezident İlham Əliyev bildirdi ki, mövcud qlobal pandemiya şəraitində Türk Şurasının üzv dövlətləri özlərinə qapanmayıblar. Təşkilat olaraq Türk Şurası digər beynəlxalq təşkilatlarla əməkdaşlığa hazırdır. Azərbaycan ayrı-ayrı ölkələrə də öz dəstəyini göstərməkdədir”.

Politoloq bildirib ki, Türk Şurasına üzv ölkələrinin iqtisadiyyatı, ticarət münasibətləri və idxal-ixrac əməliyyatları üçün nəqliyyat daşımaları mühüm əhəmiyyətə malikdir: “Azərbaycan Türkiyə və Mərkəzi Asiya arasında etibarlı tranzit-logistika mərkəzi kimi öz roluna məsuliyyətlə yanaşır, tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görür. Qarşılıqlı anlaşma və əlaqələndirmə şəraitində ölkələrimiz arasında beynəlxalq yükdaşımaları fasiləsiz olaraq həyata keçirilir. Rəqəmlərə nəzər salsaq, görərik ki, pandemiyanın mənfi təsirlərinə baxmayaraq, 2020-ci ilin ilk üç ayı ərzində türkdilli ölkələrdən 180 min tondan artıq yük Azərbaycan vasitəsilə daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 min ton çoxdur.

Türk Şurasına üzv dövlətlər arasında səhiyyə xidmətləri sahəsində əməkdaşlıq, o cümlədən tibb mütəxəssislərinin təcrübə mübadiləsi, birgə tibbi komissiyaların yaradılması, eyni zamanda sərnişin nəqliyyat daşımalarının müvəqqəti bağlanmasına görə ölkələr ərazisində qalan vətəndaşlara dəstək və yardım göstərmək üçün yaxşı imkanlar var”.

İlyas Hüseynov vurğulayıb ki, görülən bütün tədbirlər və atılan addımlar vətəndaşların sağlamlığının qorunması və pandemiyanın doğurduğu sosial-iqtisadi fəsadların yüngülləşdirilməsi, iqtisadiyyatların davamlı inkişafının təmin edilməsi məqsədi daşıyır.