Pandemiya, yoxsa “ölüm mələyi”…

288

Artıq “insanların filtrasiyası”na sürətli şəkildə start verilib…

Nigahların azalması ilə tətiklənən ailənin qurulmaması – qurula bilməməsi ilə dünyaya gəlməyən uşaq elə öldürülmüş uşaq deməkdir. Keçən illərin statustikası ilə müqayisədə bu il nə qədər uşaq doğulmayıbsa, o uşaqlar, o nəsil öldürülmüş sayılmalıdır.

Əslində, pandemiya xaosu başlanandan bu məsələ barədə yazıram. Statistikadan gətirdiyim misallara əsasən qeyd etmişik ki, pandemiya  başlayandan sonra əksər ölkələrdə olduğu klimi, Azərbaycanda da əhali sayı və nigah sayı sürətlə azalmağa doğru gedir. Pandemiya ilə başlanan dijital-rəqəmsallaşma sürəci cəmiyyəti də dəyişməyə zorlayır. Pandemiya qorxusu isə bunda lazım olan qədər yardımçı olur.

 (Əvvəli ötən sayımızda)

 İlk yazımızda ortaya qoyulan statistik göstəricilərdə azalan nigahlar nəticəsində doğumun da azalmasını qeyd etmişdik. Bu, bilirsinizmi nə deməkdir? Nigahların azalması ilə tətiklənən ailənin qurulmaması – qurula bilməməsi ilə dünyaya gəlməyən uşaq elə öldürülmüş uşaq deməkdir. Keçən illərin statustikası ilə müqayisədə bu il nə qədər uşaq doğulmayıbsa, o uşaqlar, o nəsil öldürülmüş sayılmalıdır.

Onlayn təhsilin evliliklərə digər bir təsirini də nəzərə çatdırım. Əvvəl ailələrin qurulmasında müəyyən qədər rol oynayan amil məktəblərdə və universitetlərdə tanışlıq idi. Bəs indi? Məktəblərdə, universitetlərdə, onlayn çalışan iş yerlərində insanlar bir-biri ilə ünsiyyətdə ola bilməyəcək, sosiallaşama baş verməyəcək. Maraqlıdır, pandemiyanı “ümumdünya xoxanı”na çevirənlər bunun fərqindədirlərmi? Dövlətin əsas dayağı olan insan resursunu “kökündən baltaladıqlarını”nı dərk etmirlərmi? Ən önəmlisi, bizdə pandemiya xofunu körükləyənlər kimə işləyir? Məsələn, Səhiyyə Nazirliyi, TƏBİB kimi… Dolana bilməyən, iş yerləri bağlandığı üçün ailələrini təmin edə bilməyən insanların dövlətin qarşısında ayaqlanacağını anlayırlarmı? Və bu zaman nə baş verəcək?.. Bu sadə həqiqəti anlayırlarsa, insanları dövlətə qarşı qaldırmaqda maraq nədir?

Karantin şərtləri həm də bir çox məsələlərə alternativ yanaşma ortaya qoymağa məcbur etdi. Türkiyənin Çankırı şəhərində onlayn formatda keçən elçilik mərasimi də bu qəbildəndir. Belə ki, bu şəhərdə yaşayan Özel və Özkan ailələri izdivacın ilk mərhələlərindən olan elçiliyi onlayn şəkildə keçiriblər. Elçilikdən olan kadrlar sosial mediada qısa müddətdə yayılaraq müzakirə mövzusuna çevrilib. Amma yenə də belə bir məqam var – onlayn elçilik üçün belə insanlar necə tanış olacaq, elçiliyə qədərki proses necə, harada getməlidir?..

Ümumiyyətlə, xüsusən də indiki dönəmdə Qarabağın və ətraf rayonların məskunlaşdırılmasının gərəkdiyini söyləyən və bunun üçün insan resursları siyasətini dövlətin təhlükəsizlik siyasətinini ana xətti kimi dəyərləndirməli olan hökumət əhali sayını artırmaq üçün effektiv tədbirlər görməlidir. Məsələn, indiki süni – qurama pandemiya şəraitində əhalinin artımını şərtləndirmək üçün bahalı, təmtaraqlı toya ehtiyac olmadığını insanlara anladılmalıdır. Təbliğat bu istiqamətdə getməklidir ki, təmtaraqlı toy etməkdə də insanımızın əsas məqsədi yeni ailələrə kömək üçün maliyyə toplanması olduğundan, toy ritualı müvəqqəti olaraq nigahın VVAQ idarələrində nigahın bağlanması ilə əvəz edilsin və gənc ailələrə “cehiz paketi” mahiyyəti daşıyan müəyyən məbləğ təqdim olunsun. Beləliklə, gənc ailə ilkin ehtiyaclarını bu miqdarla təmin edə bilsinlər.

Məntiqli və yaxşı olardı ki, hökumət dünayanı böyük bir dəlixanaya döndərən “pandemiya xaosunda” yuvarlanaraq, öz vətəndaşlarını çarəsizliyə tərk etməkdənsə, dolayısı ilə dövlət əleyhinə ayaqlanacaq narazı kütlə formalaşdırmaqdansa, özünün ölkədaxili problemlərin həllində yetərliliyini göstərmək üçün vətəndaşın həyatının hər sahəsinə yaxşı mənada nüfuz etməlidir. Hazırkı dönəmdə TƏBİB ilə Səhiyyə Nazirliyinin yarıtmaz mübarizəsinə son verməklə, çoxsaylı şikayətləri – “xəstəxanalarda yer yoxdur”, “təcili yardımlar ya zənglərə cavab vermir, ya da çağırışlara çox gec reaksiya verirlər”, “testlərin qiyməti çox bahadır”, “apteklərdə dərmanlar tapılmır, saxta dərmanlar isə od qiymətinə satılır”, “sadə və aztəminatlı vətəndaşlar virusla mübarizədə taleyin ümidinə buraxılıb” kimi problemlər dərhal həll etməlidirlər.

Xatırladaq ki, ötən həftəsonu ARB kanalında TƏBİB öz ünvanına səslənən haqlı iradlara “məhəllə arvadlarının şivəni” reaksiyasını verdi. Maraqlıdır, bu qurumu göstərdiyi yarıtmaz işin qarşısında “toxunulmaz” edən nədir? Kimdir onlara bu statusu verən? Kanalda uzun müddətdir ki, ictimaiyyətin narazılığını ifadə edən suallar sanki qurum təmsilçilərində “ŞOK” effekti yaratdı. Halbuki bunlar haqlı suallar idi:

– Niyə hansı xəstəxanada nə qədər boş yerin olması barədə məlumatlar gündəlik açıqlanmır?

– Niyə insanların ev şəraitində hansı dərmanlarla müalicə olunacağı söylənilmir?

– Hanı pulsuz testlər?…

Bu suallara cavab olaraq TƏBİB telekanalı “şəxsi  maraqlarını dövlət maraqlarından üstün tutmaqda” ittiham edib. Doğrusu, TƏBİB-in “dövlət maraqları” kimi nəyi nəzərdə tutduğunu bilmək istərdik. Bəlkə, bu maraqlar koronavirusa yoluxan imkanlı şəxsləri xəstəxanalara tanışlıqla, tapşırıqla qəbul edilməsidir?! Yoxsa, koronavirus xəstələri üçün nəzərdə tutulmuş dərman paketlərinin əl altından satılması? Həm də TƏBİB-in loqosu altında… Budurmu sizin anladığınız “dövlət maraqları”? Dövlət maraqlarına qulluq edirsiniz, yaxud vətəndaşları dövlətin üzərinə qaldırmağı milli dövlətlərin çöküş strategiyasının bir hissəsi kimi həyata keçirən kürəsəl elitaya?

Bəs TƏBİB özünü necə təmizə çıxarır? TƏBİB-in sitatlarına baxaq:

“Sahə üzrə poliklinikalarda və təcili tibbi yardım vasitəsilə testlərin götürülməsi müvafiq olaraq Səhiyyə Nazirliyinin səlahiyyətindədir”.

“Bakı şəhəri üzrə 103 – təcili tibbi yardım xidməti və ambulator yardım xidməti müvvəqəti olaraq pandemiya dövründə iş bölgüsü əsasında Səhiyyə Nazirliyinin nəzarətindədir”.

“Brifinqləri TƏBİB yox, Nazirlər Kabineti yanında Operativ Qərargah təşkil edir”…

Diqqət edin, dövlət strukturları səslənən tənqidləri cavablandırmaq əvəzinə, məsuliyyəti bir-birinin üstünə atır. Budurmu “dövlət maraqları”? Elə isə həmin açıqlamanın sonundakı “gəlin “Biz Birlikdə Güclüyük” devizinə sadiq qalaraq həmrəy olaq!” çağırışını necə səmimi qəbul edək? TƏBİB və Səhiyyə Nazirliyi savaş aparsın, arada sadə vətəndaşlar ölsün, günahkar isə media olsun?

Əlbəttə, Səhiyyə Nazirliyinin məsuliyyəti TƏBİB-dən heç də az deyil. Amma nəzərə almalıyıq ki, Azərbaycan vətəndaşları bu qurumdan ümidini indi deyil, illər öncədən üzüb. Çünki Səhiyyə Nazirliyi faktiki olaraq öz missiyasını yerinə yetirmir və onun rəhbərliyində təmsil olunan şəxsləri xalqın sağlamlığı deyil, şəxsi çıxarları daha çox düşündürür. Amma TƏBİB yeni yaradılan bir qurum olduğundan və rəhbərliyində də gənc kadrlar təmsil olunduğundan, xalqımızın bu qurumdan daha çox gözləntisi var…

Ülviyyə Şükürova

P.S. Sonda bir məsələyə də diqqət edək. “Pfizer” dərman şirkətinin illik gəlirləri Küveyt, Malayziya, Yeni Zelandiya və Macarıstan kimi dövlətlərin gəlirlərindən daha böyükdür. Sizcə, belə olan halda xəstəliklər və viruslar bitərmi?

Yeri gəlmişkən, Rusiyada məşhur bioloq Aleksandr Kaqanski qətlə yetirilib. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb. Qeyd olunur ki, Kaqanski xərçəngin müalicəsini tapmağa çalışırdı və artıq buna nail olmaq üzrə idi. O, həmçinin biomüxtəlifliyin öyrənilməsi və qorunması üzrə beynəlxalq hərəkatın ideya müəlliflərindən biri idi. Qətldə şübhəli bilinən 45 yaşlı şəxs “günah keçisi” kimi tutulub…