Pandemiya təhlükəsi: Birinci siniflərdə tədris necə aparılacaq?

90

Koronavirus pandemiyası səbəbilə mart ayından ölkədə dərslər onlayn şəkildə tədris olundu. Distant təhsil təcrübəsinin olmamasına baxmayaq, müəllimlər şagird və tələbələrə onlayn dərs keçdilər. Tədris ili başa çatsa da, pandemiyanın nə zaman səngiyəcəyi hələlik məlum deyil. Bu isə yeni təhsil almağa başlayacaq birinci siniflər üçün suallar doğurur. Maraqlıdır, pandemiya davam edəcəyi təqdirdə, birinci sinif şagirdlərinin dərs prosesi necə tənzimlənəcək?

Təhsil Nazirliyindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, hazırda nazirlikdə bu məsələ müzakirə olunur.

Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, fəlsəfə doktoru İlqar Orucov isə deyib ki, pandemiya dövründə ümumilikdə tədris prosesi müzakirə və fərqli fikirlərlə zəngindir: “Burada birinci siniflərə qəbul, birinci siniflərin dərs prosesi daha çox müzakirə mövzusudur. Birinci siniflər digər şagirdlərdən fərqli olaraq ilk dəfə məktəbə gəlir və müəllimlə, siniflə əyani tanış olurlar. İlk aylar onlara bir qədər fərqli formatda dərs keçirilir.

Birinci siniflərdən fərqli, yuxarı sinif şagirdləri bir-birini, müəllimi tanıyırlar, bir qədər müddət keçdikdən sonra burada bir nizam, məsuliyyət formalaşır. Amma birinci siniflər ailədən sonra ilk dəfə məktəbə qədəm qoyurlar. Prosesin narahatedici tərəfi başadüşüləndir. Ancaq reallıq da var, gözləmədiyimiz, istəmədiyimiz, arzulamadığımız, hazırkı dönəmdə gərgin bir vəziyyət bizi haqlayıb.

Birinci siniflər, onların valideynləri üçün nə qədər narahatlıq varsa, artıq buraxılış sinifləri və onların valideynləri üçün bundan da böyük, məsuliyyətli, eyni zamanda narahatedici məqamlar var. Biz yaranmış situasiyaya uyğun olaraq fəaliyyətimizi qorumalı, təhsili davam etdirməliyik”.

Ekspertin sözlərinə görə, pandemiya ilə bağlı dərslərin sentyabrda başlanılması ola bilər ki, mümkün olmasın:

“Birinci sinfə qəbulun hansı formada – uşaqların müəyyən say həddində qruplara bölünməsi və dərslərin keçirilməsi, yaxud başqa şəkildə aparlması kimi təkliflər var. Amma konkret qərar yoxdur. Hələ ki, vəziyyət öyrənilir və diqqətdə saxlanılır. Alternativ variantlar üzərində iş gedir. Bu, təkcə bizim ölkəmiz üçün spesifik narahatlıq deyil. Dünyanın fərqli ölkələrində də belə narahatlıqlar var. Dünya ölkələrin təcrübəsi öyrənilir. Onlar ümumiləşdirilərək qərar qəbul ediləcək. Hər halda pandemiya bitməsə, ən pis halda belə birinci siniflərə dərsləri davam etdirəcəyik.

Bütövlükdə təhsil sistemi ən çətin situasiyalara hazır olacaq. Yenə də qeyd etmək istəyirəm ki, ölkəmizin siyasi rəhbərliyinin mövqeyi ondan ibarətdir ki, Azərbaycan dövləti üçün xalqımızın sağlamlığı vacibdir. Digər bütün məsələlər ikinci planda durur, həmçinin təhsil də. Sağlamlıq ən önəmlidir”.

Məsələ ilə bağlı yekun qərarlar olmadığı üçün indidən proqnoz verməyin tez olduğunu bildirən İlqar Orucov valideynləri narahat olmamağa çağırıb: “Birinci sinifə qəbul prosesi Azərbaycan bölməsi üzrə bitib, rus bölməsində isə işlər yekunlaşmaq üzrədir.

Metodki birləşmə sədri, ibtidai sinif müəllimi Gülşən Orucova hesab edir ki, bu gün pandemiya səbəbilə onlayn dərslər tədris olunsa da, məktəbə hazırlıq və birinci siniflər üçün bunun real olduğu görünmür:

“Ona görə ki, məktəbə ilkin gələn uşaqda hələ müəyyən bacarıqlar formalaşmayıb. Onlar onlayn olaraq kompüter qarşısında nəyisə dinləyib, öyrənə bilməzlər. Burada oxu, yazı bacarığı və digər məqamlar var. Düşünürəm ki, əgər sentyabrda dərslərin başlaması ehtimalı cüzi də olsa hissə-hissə olaraq kiçik qruplarla ola bilər ki, həftənin 5-6 günü deyil, həftədə 2-3 dəfə birinci siniflərin kiçik qruplarla məktəbə gəlməsi vacib və labüddür.

Məsələnin birinci tərəfi budur. İndi valideynlər də uşaqları qorumağa çalışırlar. Elə bir şərait ola bilər ki, sərt karantin rejimi davam etsin, bu halda dərslərin birinci siniflər üçün təxirə salınması daha məqsədəuyğundur, ən azından real vəziyyət yaranana qədər. Amma birinci sinfin onlayn dəsrlərlə başlanması qəti düzgün deyil”.

Gülşən Orucovanın sözlərinə görə, mart ayında onlayn dərslər keçirildiyi zaman, birinci siniflərin ən azından 6 aylıq təcrübəsi var idi: “Müəllimi tanıyırdılar, kollektivə alışmışdılar, müəllimin nə demək istədiyini virtual olaraq anlaya bilirdilər. Amma heç dərsə gəlməyən, hələ müəllimini tanımayan,dərsə aid komandalar barəsində məlumatı olmayan uşaq bunları yerinə yetirə bilməz”.