“Pandemiya dövründə nar şirəsinin ixracına üstünlük verilib” – Fərhad Qaraşov

57

“Koronavirus pandemiyasına (COVID-2019) görə tətbiq edilən karantin dövründə Azərbaycanda əsasən nar şirəsi və nar konsentrantı ixrac edilib”.

Hurriyyet.org xəbər verir ki, bu barədə report-a Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının (ANİİA) sədri Fərhad Qaraşov deyib.

Onun sözlərinə görə, ümumilikdə nardan hazırlanan məhsulların ixracında heç bir problem yaşanmayıb: “Əsasən Rusiya, Ukrayna və Avropanın bəzi ölkələrinə nar şirələri ixrac edilir”.

2020-ci ilin yanvar ayından bu günədək Azərbaycandan müxtəlif ölkələrə təqribən 2 000 tona yaxın 2 milyon ABŞ dolları dəyərində nar meyvəsi, təqribən 160 ton dəyəri 190 min ABŞ dolları olan nar konsentratı, həmçinin təxminən milyon ABŞ dolları dəyərində ümumi çəkisi təqribən 3 700 ton olan nar şirəsi ixrac olunub”, – o bildirib.

F.Qaraşov əlavə edib ki, 2019-cu ildə narın ixracında rekord göstəricilər qeydə alınıb: “Bu göstəricilər həm ixracda, həm də məhsuldarlıqda əldə edilmişdi. Narın ixracı ilə bağlı məsələdə 2020-ci ildə koronavirus pandemiyasına görə müəyyən zərərlər ola bilər. Narın istehsalı ildən ilə artır, dövlət aqrar sahəyə daha çox diqqət ayırır və dəstək mexanizmləri çoxalır. İnanıram ki, həm məhsuldarlıq, həm də ixrac çox olacaq, çünki ölkədə karantin müddətində də kənd təsərrüfatı və qida məhsulların ixracında heç bir problemlər yaşanmadı. Narahat olduğumuz məsələ isə xaricdə olan müştərilərimizin post-pandemiya dövründə alıcılıq qabiliyyətinin necə olmasıdır”.

Xatırladaq ki, 2020-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda qeyri-neft sektoru üzrə 429 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin I rübündə qeyri-neft sektoru üzrə ixrac 13,7 milyon ABŞ dolları və ya 3,3 faiz artıb.

Qeyd edək ki, quru subtropik zonada yerləşən Şirvan bölgəsi ən yaxşı nar növlərinin yetişdirilməsi üçün əlverişlidirsə, şirə çeşidlərinin istehsalı zamanı, əsas etibarı ilə, Göyçayda yetişən narlardan istifadə olunur. Ən yaxşı standart növlər “Şəlli mələsi”, “Şahnar”, “Çəhrayı gülöyşə”, “Azərbaycan gülöyşəsi”, “Qırmızıqabıq”, “Bala Mürsəl”, “Nazikqabıq” və “Qırmızı vələs”dir.