Pandemiya Azərbaycanın “ağ qızıl”ını da “vurdu”

75

Firdovsi Fikrətzadə: “Bu il pambıq ixracı göstəricilərimiz xarici bazarda tələbin azalmasına görə 10 faiz, tütün xammalının ixracı 22 faiz azaldı”

Payızın gəlişi ilə kənd təsərrüfatında da bir çox  proseslərə start verilir. Belə ki, pambıq yığımından taxıl əkininə qədər bir çox sahələrdə aktivlik artır. Son günlər kənd təsərrüfatında başlayan proseslər və ötən 8 ayın nəticələri ilə bağlı “Yeni Müsavat”a danışan Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə bildirdi ki, bu il ilk dəfə fermerlərin subsidiyalarının tam olaraq elektron sistem üzərindən verilməsi təcrübəsi formalaşdı: “Bu da bizə tam şəffaf idarəetməyə nəzarətə imkan verdi. Ötən dövrdə fermerlərə dövlət dəstəyi tədbirləri davam etdirildi. Texnikanın, gübrə və petisitlərin güzəştli şərtlərlə satışına dəstək davam etdirildi. Cins malların alışına dəstək, süni mayalanma üçün tədbirlər davam etdirildi. Pandemiya dövründə biz karantin şəraitində fermerlərin hər hansı resurslarla, aqrotexniki xidmətlərlə təminatında heç bir problem yaşanmadı. Fermerlərin daxili bazarlardakı satış kanalları  da məhdudiyyətsiz fəaliyyət göstərdi. Nəticə etibarilə 8 ay ərzində kənd təsərrüfatında 1, 9 faizlik artım davam etdi. Burada buğda istehsalının azalmasına görə ümumi taxılçılıq 9,6 faiz azaldı. Dən bitkiçiliyinin artım tempi 0.6 oldu. Digər tərəfdən isə tərəvəz istehsalında 4,5 faiz, kartofa 7,6 faiz artım, meyvə və giləmeyvədə 4,1 fazi artım, üzümdə 13, 4 faiz artım müşahidə olundu”.

F.Fikrətzadənin sözlərinə görə, heyvandarlıq məhsullarının istehsalında stabil artım dinamikası da təmin olundu: “Bu, ötən 8 ayın müsbət dinamikası idi, pandemiya səbəbindən yaşanan problemlər də oldu. Ümumən bazarda tələb zəiflədi. Bizim pambıq ixracı göstəricilərimiz xarici bazarda tələbin azalmasına görə 10 faiz azaldı, tütün xammalının ixracı 22 faiz azaldı. Fındıq ləpəsi ixracının ümumilikdə 21 faiz azalmasına görə bu sahədə də azalma oldu. Tərəvəz ixracımız 15 faiz artdı, təkcə kartof ixracımız 26 faiz artdı. İlk dəfə min ton həcmində kartof ixracına nail olduq. Meyvələrdən şaftalı, gavalı kimi çəyirdəkli meyvələrin ixracında son illərin artım dinamikası bu il də davam elədi. Bu sahədə təxminən 10-15 faiz civarında artım təmin olundu”.

Pambıqçılıq sahəsindəki son duruma gəlincə, direktor bildirdi ki, artıq builki əkin sahələrinin strukturu tam formalaşıb: “Təxminən 100 min hektar əkin sahələri müəyyənləşdirilib. Strategiya bundan ibarətdir ki, hər hektarda məhsuldarlığın yüksəldilməsi hesabına ilbəil daha artıq məhsul istehsalına nail olunsun.

Firdovsi Fikrətzadə: Bizim üzüm istehsalı potensialımız Gürcüstan və  Moldovadan da böyükdür - Abc.az

Hazırda pambıq yığımına hazırlıq prosesi başlayıb. Payızlıq əkinlərə hazırlıq gedir. Taxıl əkini ilə bağlı iş gedir, həmçinin təkrar əkinlər üzrə də iş aparılır. Heyvandarlığın yem bazasının gücləndirilməsi ilə bağlı qarğıdalı əkini üzrə təkrar əkinə çox böyük stimullaşdırma tədbirləri həyata keçirilir. Bunun hesabına heyvandarlıqda yem bazası gücləndirilir. Meyvə-tərəvəzlərin tədarükü prosesi gedir. Payızlıq taxıl əkininə hazırlıq işləri aparılır”.

Firdovsi Fikrətzadə  onu da vurğuladı ki, bu il texniki üzümün reallaşdırılması ilə bağlı bir qədər geriləmə müşahidə olunur: “Üzüm istehsalında 13,4 faiz artım var. Sadəcə olaraq , texniki üzüm sortlarının satışında problem var. Bu da onunla bağlıdır ki, pandemiya səbəbindən şərab məhsullarının ixrac göstəriciləri də, daxili bazardakı satış göstəriciləri də azalıb. Ona görə də texniki üzümün tədarükündə problemlər yaranır. Hazırda ötən illə müqayisədə fermerlər texniki üzümü daha aşağı qiymətə satmaq məcburiyyətindədirlər. Çünki bazarda tələb aşağıdır”.

Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”