“Palatanın günahı ondadır ki, bütün audit hesabatlarının tam mətnini açıqlamır” – RÖVŞƏN AĞAYEV

72

“Hesablama Palatası dünyada ictimai maliyyənin (xalq pulunun) şəffaf və səmərəli xərclənməsinə keşikçilik edən, çox geniş səlahiyyətləri olan, həddən artıq mötəbər bir institutdur. Parlament təsisatıdır. Məntiqlə də belə olmalıdır. Çünki müasir dünyada hakimiyyətlər bölgüsündə  büdcəyə nəzarət qanunverici orqanın müstəsna imtiyazdır. Və o bu imtiyazı formalaşdırdığı peşəkar və qanunla yüksək hüquqi status verdiyi instituta (Palataya) etibar edir. Palatanın etibarı həm də parlamentin etibarı deməkdir”. Hurriyyet.org xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev deyib.

“Ali audit orqanı bu qədər mühüm məsələlərdə belə kobud bir səhvə yol verərmi?”

Ağayevin sözlərinə görə, hətta bəzi ölkələrdə Hesablama Palatasının istintaq  səlahiyyəti var: “Korrupsiya və israf halları ortaya çıxdıqda ilkin istintaqı başladıb, hüquq-mühafizə orqanlarına tədqim edir. Bizdə necə olduğu aydındır, parlament nə qədər müstəqildirsə,  avtonom hakimiyyət qanadıdırsa, Palata da o qədər. İndi BNA rəhbərinin dediyinə, Prokurorluğun mövqeyinə Hesablama Palatasının reaksiyasını maraqla izləyəcəm. Bakı Nəqliyyat Agentliyinin rəhbəri deyib ki, qurumda audit zamanı dövlət satınalmaları ilə bağlı aşkarlanan hallarla əlaqədar korrupsiyaya yol verilməsi ittihamı əsassızdır, prokurorluğa göndərilən materialların rədd edilməsi bunu göstərir. Ali audit orqanı bu qədər mühüm məsələlərdə belə kobud bir səhvə yol verərmi? Palatanın günahı ondadır ki, bütün audit hesabatlarının tam mətnini açıqlamır. Əslində, ictimai və media nəzarəti üçün bunu etməyə borcludur. Həm də ictimai rəy də belə mübahisələrdə kimin haqlı olduğunu asanca görə bilər”.

Şamo EMİN, Hurriyyet.org