Pakistanda son 5 gündə 3-cü terror! Ölənlər və yaralananlar var

60

Hurriyyet.org xəbər verir ki,  bu gün səhər saatlarında, Pakistanın Peşavar şəhərindəki mədrəsədə baş verən partlayış nəticəsində yeddi nəfər həlak olub, 70 nəfər yaralanıb.

Yerli hospitalın rəsmi təmsilçisi Məhəmməd Asim mətbuat nümayəndələrinə bildirib: “Tibb müəssisəsinə aralarında uşaqlar da olmaqla 70 nəfər yaralı və 7 nəfər həlak olmuş şəxs gətirilib. Yaralılara təcili tibbi yardım göstərilir”.

Polis hadisə yerində araşdırma aparır. Partlayışın əldəqayırma partladıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi güman edilir. Polis məmuru Mansur Aman deyib: “İlkin məlumatlara görə, partlayış zamanı əldəqayırma qurğudan istifadə edilib”.

Polis zabiti Vakar Əzim deyib: “Partlayış mədrəsədə, Quran dərsləri zamanı baş verib. Kim isə məktəbin içərisinə çanta gətirib. İki müəllim yaralanıb”.

Xatırladaq ki, 16 oktyabr tarixində Pakistanın Bəluçistan əyalətində və Şimali Vəziristan bölgəsində terror aktları törədilmiş, nəticədə xüsusi xidmət orqanının 13 əməkdaşı və 7 xüsusi mühafizəçi həlak olmuşdu.