PAŞİNYANIN BAŞ NAZİRLİYİ NƏ VƏD EDİR?

    12

    İrəvan yaxın gələcəkdə Kremlin vassallığından çıxa bilməyəcək

    Rusiya daha əlverişli qazanc əldə etməsə, Ermənistanı Avropaya və ya ABŞ-a güzəştə gedən deyil

    Dünən saat 12-də Ermənistan parlamentində baş nazir seçkisi keçirilib. Qeyd edək ki, aprelin 13-dən başlayaraq İrəvanda, o cümlədən Ermənistanın bir sıra şəhər və rayonlarında vətəndaş itaətsizliyi şüarı ilə fasiləsiz aksiyalar keçirən "Mənim addımım" etiraz hərəkatının lideri Nikol Paşinyanın hökumət başına keçəcəyi artıq heç kimdə şübhə doğurmurdu. Çünki o, baş nazir postuna yeganə namizəd idi. Belə ki, hakim Respublikaçılar Partiyasının parlament fraksiyası bu posta namizəd irəli sürməyib.

    Məsələnin maraq tərəfi ondadır ki, düşmən ölkənin sabiq baş naziri Serj Sarkisyan özünün istefasına səbəb olmuş Paşinyanın hökumət başına keçməməsi üçün müəyyən cəhdlərdə bulunub. Belə ki, bu barədə özünün facebook səhifəsində məlumat verən Paşinyanın sözlərinə görə, Serj Sarkisyan keçirdiyi müşavirədə Respublikaçılar Partiyasının baş nazirin seçilməsi üçün parlamentdə keçiriləcək səsverməni pozması barədə qərar qəbul edilib. Məhz bu səbəbdən də Paşinyan mayın 1-də tərəfdarlarını yenidən mitinqə çağırıb.

    Bu arada, məlumat üçün bildirək ki, Nikol Paşinyanın baş nazir olması üçün parlamentin 105 üzvündən 53-ü ona səs verməlidir. Hazırda Paşinyanın başçılıq etdiyi "Çıxış" fraksiyası parlamentdə 9, onu dəstəkləyən "Tsarukyan" bloku 31, hakim koalisiyadan çıxan "Daşnaksütyun" fraksiyası isə 7 deputata malikdir. Bu isə o deməkdir ki, Nikol Paşinyanın baş nazir olması üçün hələ 6 səs çatışmır.

    Nəzərinizə çatdıraq ki, bir sıra erməni politoloqlarının fikrincə, Paşinyanın hakimiyyətə gəlməsi həm İrəvanın, həm də Kremlin maraqlarına cavab vermir. Məsələn, Rusiyadakı Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru Semyon Baqdasaronun sözlərinə görə, Ermənistandakı hakimiyyət dəyişikliyi Rusiya üçün heç də yaxşı variant deyil: "Kimsə, Nikol Paşinyanın bizim məsləhətlərimizi dinləyəcəyini düşünürsə, böyük səhv edir. Bu etirazların öz sifarişçisi var və bu, aşkardır. Hətta müxalifət liderləri "hər şeyin yaxşı" olduğunu desələr də, bunun mənası yoxdur". Ekspert əmindir ki, hakimiyyətə müxalifətin gəlişi ilə Ermənistan dərhal da olmasa, Rusiyadan, o cümlədən Ermənistanın Türkiyə və İranla sərhədlərini qoruyan rus sərhədçilərdən imtina edəcək: "Nikol Paşinyan həmişə Avrasiya İqtisadi Əməkdaşlığı Təşkilatı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı çıxış edirdi. Rusiya üçün bu, Ermənistanda hamiyyət dəyişikliyinin ən yaxşı variantı deyil".

    Təxminən, eyni mövqedən çıxış edən Avropanın Erməni İttifaqları Forumunun vitse-prezidenti, Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin sabiq köməkçisi Vladimir Poqosyan da hesab edir ki, Nikol Paşinyanın hakimiyyətə gəlişi Ermənistan üçün faciəvi nəticələrə gətirib çıxaracaq. O, iddia edir ki, Paşinyan indi artıq ciddi strateji səhvlərə yol verir və bu səhvlər qaçılmaz nəticələrə gətirib çıxara bilər. Poqosyanın fikrincə, Ermənistanda bir sıra nazirlər, həmçinin Mərkəzi Bankın başçısı valyutanın ölkədən çıxarılmaması üçün vəzifələrindən kənarlaşdırılaraq həbs edilməli idilər. Onun sözlərinə görə, cinayətkarların məsuliyyətdən qaçmamaları üçün dövlət sərhədləri bağlanmalı idi: "Nikol Paşinyan boş xəzinəylə hakimiyyətə gələcək, ölkədə xaos vəziyyəti yaranacaq. Paşinyanın hakimiyyətə gəlmək üçün keçmiş prezidentlər Levon Ter-Petrosyan və Robert Koçaryan, həmçinin Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanla sözləşməyə girdiyi barədə məlumatlar var. Bu üçlük isə öz hədəfləri üçün Paşinyandan istifadə edirlər".

    Məşhur alman politoloqu Aleksandr Rar isə bu qənaətdədir ki, Ermənistanda hakimiyyətin dəyişməsi Qarabağ münaqişəsinin nizama salınması üzrə sülh prosesində irəliləyiş üçün imkanlar açır. Aleksandr Rar bildirib ki, Qarabağ münaqişəsi Serj Sarkisyan hakimiyyətinin siyasətinin əsasını təşkil edirdi: "Sarkisyanın komandası hakimiyyətə Qarabağ dalğasında gəldi və əhaliyə "Qarabağ bizimdir" deməkdən başqa heç nə təklif edə bilmədi. Ermənistanın yeni hakimiyyəti Avropa liberal dəyərlərini bu və ya digər dərəcədə irəli çəkməyə məcbur olacaq. Əks təqdirdə inqilabdan sonra Sarkisyanın istefası ilə Ermənistan əhalisinin həyatında ümumiyyətlə heç nə dəyişməyəcək. Yeni hakimiyyət xarici siyasət kursunu Qərbə tərəf dəyişdirməyi bacarmayacaq". Ermənistanın bir neçə səbəbə görə Rusiyanın hərbi və iqtisadi asılılığından çıxa bilmədiyini vurğulayan alman politoloq hesab edir ki, inqilabdan sonrakı dövrdə erməni xalqına dəyişikliklər lazımdır: "Və belə dəyişikliklər daxili siyasətdə ola bilər. Deyək ki, məhkəmə islahatı, işlərə müstəqil məhkəmələrdə baxılması təminatı, iqtisadiyyatın liberallaşdırılması və s. Bütün bunlar Qarabağ münaqişəsinin nizama salınmasında Yerevanın nisbətən praqmatik yanaşmasına gətirib çıxara bilər". Aleksandr Rarın fikrincə, Qarabağ münaqişəsində sülhün əldə olunması yolunda görünməmiş irəliləyiş əldə oluna bilər: "Əgər prezident İlham Əliyevin Ermənistanın yeni hakimiyyətinin rəhbəriyi ilə görüşündən sonra Qarabağ münaqişəsində sülhün əldə olunması yolunda görünməmiş irəliləyişə nail olunsa, mən təəccüblənməyəcəyəm. Ümumiyyətlə, yaxın vaxtlarda Ermənistanda daxili siyasi vəziyyət yeni hökumətin nə qədər möhkəm olacağından asılı olacaq. Adətən rəngli inqilabların qələbəsindən sonra dünənki müttəfiqlər tezliklə düşmənlərə çevrilirlər və vətəndaş qarşıdurmasının növbəti burulğanı başlayır".

    Mühacirətdə yaşayan siyasi icmalçı Rauf Mirqədirov isə meydan.tv-yə açıqlamasında qeyd edib ki, başqa namizədin olmaması parlamentin yarısının Nikol Paşinyana səs verəcəyini deməyə əsas vermir: "Parlamentdə ciddi qüvvələrə nəzarət edən keçmiş prezident Robert Koçaryan artıq bu cür baş nazir seçkisinə etirazını bildirib. İkinci, bu seçkidə Rusiyanın mövqeyi nəzərə alınacaq". Rauf Mirqədirovun sözlərinə görə, Paşinyan baş nazir seçilsə, bu, o deməkdir ki, elitadaxili mübarizədə "hamı hamıya qarşı" prinsipi həyata keçirildi: ""Çiçəklənən Ermənistan" Partiyası bildirmişdi ki, xalq hərəkatını dəstəkləsələr də, bu, Paşinyana səs verilməsi demək deyil. Birinci mərhələdə baş nazirin müavini Karapetyan Sarkisyana qarşı oynayırdısa, ikinci mərhələdə Tsarukyan Karapetyana qarşı oynadı. Ölkədaxili qüvvələr nisbəti belədir. Ölkə xaricində qüvvələr nisbətinə gəlincə, Moskvanın razılığı olmadan hazırkı şəraitdə Ermənistanda hakimiyyət dəyişikliyi qeyri-mümkündür. Düzdür, Paşinyan hakimiyyətə gələrsə, Rusiyaya qarşı loyal siyasət yeridəcəyini vəd edir. 30 aprel mitinqində də "Rusiya-Ermənistan dostluğu əbədidir" şüarı vardı. Paşinyan bilir ki, Rusiyanın dəstəyi olmadan hakimiyyətə gəlmək mümkün deyil, gəlsə belə, duruş gətirmək mümkünsüzdür. Bəli, Paşinyan baş nazir seçilə bilər. Məsələ ondadır ki, güclü fiqurlar bir-birinqə qarşı olanda, zəif fiqurun qalib gəlməsi ehtimalı mümkündür, özü də bu xalq hərəkatının dalğasında baş verir".

    Lakin bununla yanaşı, siyasi icmalçı Paşinyanın hakimiyyətə gəldikdən sonra xarici və daxili siyasətdə ciddi dəyişikliklərə gedəcəyinə inanmır: "Faktiki olaraq, Paşinyanın bütün mübarizəsi nəticə etibarı ilə "hakimiyyəti mənə verin, mən xalqın namizədiyəm" iddiasına qurban getdi. Məsələ ondadır ki, postsovet məkanında demokratiya şüarları ilə hakimiyyətə gələnlərin heç də hamısı demokratiya daşıyıcıları olmayıb. Ona görə Paşinyanın hakimiyyətə gələcəyi təqdirdə parlament seçkilərini saxtalaşdırmayacağına heç kim təminat verə bilməz. Əslində, parlament seçkiləri ilə baş vermiş hakimiyyət çevrilişinə hüquqi don geyindirilir. Bu, demokratiyanın təntənəsi olmayacaq. Postsovet məkanında demokratiyanın təntənəsinə çalışan lider Yuşşenko olub, yalnız o, Ukraynada seçkiləri öz xeyrinə saxtalaşdırmağa cəhd etmədi və 5 faiz səslə postunu təhvil verdi".

    Xülasə, bütün bunlar onu deməyə əsas verir ki, Nikol Paşinyanın baş nazirliyi dövründə də Ermənistan Rusiyanın vassallığından çıxa, Qərbə inteqrasiya edə bilməyəcək. Çünki Kreml daha əlverişli qazanc əldə etməsə, İrəvanı Avropaya və ya ABŞ-a güzəştə gedən deyil.

    Valeh TÜRKSOY, Hurriyyet.org