PAŞİNYAN SAAKYANI DEVİRƏCƏK – “Dağlıq Qarabağ Ermənistanın “Axilles dabanı”dır”

    12

    Nəzakət Məmmədova: "Saakyan Sarkisyan və Koçaryanın nəzarətində olan "Qarabağ klanı"nın kadrı, Kremlin agentidir"

    "Rusiyanın Ermənistan üzərində 2 ən böyük təsir və təzyiq vasitəsi var ki, onlardan biri Ermənistandakı Rusiya ordusu, digəri isə Dağlıq Qarabağdakı separatçı rejimdir"

    Xəbər verdiyimiz kimi, dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Qeyd edək ki, bu seçkilər "Mənim Addımım Bloku"nun rəhbəri, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın hakimiyyətdə möhkəmlənməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Çünki o, seçkilərdən qalib ayrıldıqdan sonra "Qarabağ klanı"nın iqtidardakı təmsilçilərini, o cümlədən Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanı öz kadrları ilə əvəz etməyi planlaşdırır. Təbii ki, bununla da Paşinyan dövlətin idarə edilməsini tam şəkildə ələ almağa çalışır.

    Nəzərinizə çatdıraq ki, Nikol Paşinyanın Bako Saakyanı dəyişmək istəməsinin əsas səbəbi onun Serj Sarkisyan və Robert Koçaryanın adamı, Rusiyanın əlaltısı olmasıdır. Məhz elə bu səbəbdən də artıq bir müddətdir ki, Paşinyanla Saakyan arasında ciddi rəqabət, hətta belə demək mümkündürsə, gizli savaş gedir. Bu barədə erməni mətbuatının yazdığına görə, Paşinyan seçkilərdə qalib gələcəyi təqdirdə Saakyanı istefaya məcbur edəcək. Mövzu ilə əlaqədar açıqlama verən Bako Saakyanın yaxın dostu Karen Ohancanyan isə bildirib ki, Paşinyan qalib gələcəyi təqdirdə Dağlıq Qarabağda hakimiyyət dəyişikliyi olacaq, "Sasna Çrer" silahlı terror qruplaşmasının lideri Jirayr Səfilyan seçkilərdən sonra erməniləri ayağa qaldıraraq qondarma rejimin rəhbəri postuna sahiblənəcək. Qeyd edək ki, Səfilyan özü də açıqlamalarının birində parlament seçkilərindən dərhal sonra Dağlıq Qarabağda hakimiyyətin dəyişməsi məsələsi ilə məşğul olacağını vurğulayıb.

    Bu arada, erməni şərhçi Sarqis Artsruni də hazırda Paşinyanla Saakyan arasında münasibətlərin daha da gərginləşdiyini bəyan edib. Onun sözlərinə görə, Paşinyanın qondarma rejimin rəhbərinı "sarı kart" göstərib: "Ermənistanın keçmişində 20 il ərzində çox hadisələr oldu. Qarabağın maraqları təhlükə altına qoyuldu. Amma Xankəndi tərəfindən heç bir ittiham səsləndirilmədi. Hətta bir vaxtlar keçmiş prezident Robert Koçaryan Qarabağı danışıqlardan sıxışdırmağa çalışırdı. Həmçinin aprel döyüşləri zamanı, yumşaq desək, arzu olunmayan (Ermənistan ordusunun zəif olduğu ortaya çıxdı) vəziyyət ifşa edildi. Buna baxmayaraq, Xankəndi tərəfi heç bir etiraz etmədi". Sarqis Artsruni bildirib ki, Robert Koçaryan və Serj Sarkisyanın dövründə milli və ideoloji səbəblərə görə, razılıq əldə olunmuşdu: "Daha dəqiq desək, "elit" statusuna sahib şəxslər son iki onillikdə hakimiyyəti mənimsədilər. Bu səbəbdən Qarabağda sərbəst hakimiyyət mövcud olmadı. Hakimiyyət Ermənistanın kriminal oliqarxiyasının əlində cəmləşdi". Artsruni Ermənistanda baş verən son "məxməri inqilabdan" sonra rəsmi İrəvan və qondarma rejim arasında münasibətlərin korlandığını qeyd edib: "Ciddi böhran yaranacaq. Çünki bu iki sistem uyuşmazdır". Vəziyyəti gərginləşdirən səbəblərdən biri isə Nikol Paşinyanın oğlunun Dağlıq Qarabağda xidmət etməsi oldu. Paşinyan açıqlamalarında bildirib ki, onun oğlu Dağlıq Qarabağda xidmət edir: "Bəs sizin oğullarınız hardadır? Qarabağ "rəhbərliyinin" uşaqları heç ümumiyyətlə orduya getmir". Paşinyanın bu bəyanatı qondarma rejimin rəhbərliyini daha da özündən çıxarıb. Nəticədə Bako Saakyanın mətbuat xidmətinin rəhbəri David Babayan deyib ki, Paşinyan verdiyi bəyanatlari izah etməlidir: "Məsələn, Bako Saakyanın oğlu Qarabağ ordusunda xidmət edirdi. Həmçinin keçmiş prezident Arkadı Qukasyanın oğlu da orduda olub".

    "Ukraynanın NATO-ya qəbul edilməsi Rusiyaya verilən ən kəsərli cavab olacaq" - POLİTOLOQ

    Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədovanın sözlərinə görə, Nikol Paşinyan anlayır ki, hazırda ona əsas təhlükə məhz qondarma Dağlıq Qarabağdan, daha doğrusu Bako Saakyan və onun ətrafından gələ bilər: "Bildiyiniz kimi, Saakyan Serj Sarkisyan və Robert Koçaryanın nəzarətində olan "Qarabağ klanı"nın kadrlarından biridir. Bu klan isə öz növbəsində, Rusiyanın əlaltısıdır. Elə bu səbəbdən də Saakyan Paşinyan hakimiyyətinə ciddi təhlükədir. Bəlkə də Paşinyan Saakyanı özünə qarşı Azərbaycandan daha artıq təhlükə kimi görür. Çünki Ermənistan atəşkəsi pozmadıqda, təhrikedici addımlar atmadıqca Azərbaycan atəşkəsi pozmur. Odur ki, bu gün Saakyan Paşinyan üçün Azərbaycandan daha böyük təhlükədir. Son hadisələr də göstərdi ki, bu doğrudan da belədir. Çünki Bako Saakyan qeyri-qanuni olaraq Minsk Qrupunun həmsədr ölkələrinə səfər etdi və orada müəyyən dairələrlə, o cümlədən erməni diasporu ilə görüşdü. Hesab edirəm ki, o, ABŞ və Fransadakı görüşləri ilə bağlı məruzə etmək, müvafiq təlimat almaq üçün son olaraq Rusiyaya səfər edib". Həmin görüşdən sonra isə Paşinyanın Azərbaycanla sərhəddə Saakyana qarşı fikirlər səsləndirdiyini qeyd edən politoloqun qənaətincə, artıq bir müddətdir ki, Ermənistanın baş nazir vəzifəsini icra edən Nikol Paşinyanla qondarma Dağlıq Qarabağın lideri Bako Saakyan arasında münasibətlər son dərəcə gərgindir: "Paşinyanı ABŞ və Fransadakı erməni diasporu dəstəkləyir. Rusiya isə ona qarşıdır. Görünür, Bako Saakyan ABŞ və Fransa səfərləri zamanı orada Paşinyanı dəstəkləyən qüvvələrlə razılaşa bilməyib. Əgər o, ABŞ və Fransadakı erməni diasporunun dedikləri ilə razılaşsaydı, o zaman Paşinyan onu bu qədər tənqid etməzdi, aralarında razılaşma olardı. Bu gün isə bunun tam əksi müşahidə olunur. Bunlar onu göstərir ki, Saakyan xaricdəki erməni diasporu ilə razılığa gələ bilməyib. Çünki Saakyan Rusiyanın adamı, Kremlin agentidir. Rusiya isə öz növbəsində, Paşinyanın hakimiyyətə gəlməsini, onun iqtidarda möhkəmlənməsini istəmir. Bu səbəbdən də Saakyan istəsə belə, Qərblə razılaşa bilməz".

    Hazırda Kremlin Paşinyana təzyiq göstərmək üçün əlindəki ən böyük kartın Saakyan, o cümlədən Qarabağ kartı olduğunu vurğulayan Nəzakət Məmmədova hesab edir ki, Paşinyan hakimiyyətə gəldikdən, leqal olaraq səlahiyyətlər əldə etdikdən sonra Saakyanı başqası ilə əvəzləyə bilər: "Paşinyan çalışacaq ki, bu yolla Dağlıq Qarabağdan gələn təhlükəni neytrallaşdırsın. Çünki Saakyanın mövcudluğu onun hakimiyyətinə real təhlükə ola bilər. Əvvəla, ona görə ki, Paşinyanın oğlu Dağlıq Qarabağda əsgərlikdədir. Yəni bir növ Saakyanın əlində girovdur. Bundan başqa, qondarma rejim Paşinyanın xəbəri olmadan Azərbaycanla atəşkəsi pozub müharibəyə başlasa, yaranmış təxribatın məsuliyyəti Paşinyanın üzərində qalacaq. Çünki danışıqlarda tərəf Ermənistandır və bu səbəbdən də baş verəcək təxribatlara görə məsuliyyət Paşinyanın üzərində qalacaq. Qeyd edim ki, Saakyana belə bir göstəriş Rusiyadan gələ bilər". Dağlıq Qarabağın Ermənistanın "Axilles dabanı" olduğunu deyən politoloq bildirdi ki, hazırda qondarma rejim İrəvan üçün də ciddi təhlükədir: "Çünki o torpaqların işğal altında saxlanılması hərbi, siyasi və iqtisadi baxımdan Ermənistana heç nə vermir. Sadəcə, başağrısıdır və problemlər yaradır. Paşinyan bunu başa düşdüyündən, yəqin çalışacaq ki, Bako Saakyanı zərərsizləşdirsin. Ümumiyyətlə, Rusiyanın Ermənistan üzərində 2 ən böyük təsir və təzyiq vasitəsi var. Ki, onlardan biri Ermənistandakı Rusiya ordusu, digəri isə Dağlıq Qarabağdakı separatçı rejimdir. Bu gün bunlar Paşinyanın başının üzərində "Damokl qılıncı" kimi dayanıb. Əgər Paşinyan bu məsələni həll edə bilsə, o zaman Kremlin təsirini xeyli azalda bilər. Əslində, bu, Paşinyanın hakimiyyəti, yəni onun iqtidarda möhkəmlənməsi üçün olduqca mühüm məsələdir".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org