PAŞİNYAN QARABAĞI AZƏRBAYCANA QAYTARIR?

    33

    İlqar Vəlizadə: "Heç kəs Qarabağı Azərbaycana vermək niyyətində deyil"

    "Nə Serj Sarkisyanın belə bir fikri olub, nə də Nikol Paşinyan bu barədə düşünür"

    "Ermənistanda daxili siyasi proseslərdə Dağlıq Qarabağ məsələsi hər zaman alver, spekulyativ amil kimi istifadə olunub"

    Ermənistanda bu ilin dekabr ayının 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın "Mənim addımım" blokunun proporsional siyahısında yer alan namizəd, "Yelk" fraksiyasından deputat Sasun Mikaelyan Talin şəhərində keçirilən seçkiqabağı mitinqdə çıxışı zamanı Paşinyanın hakimiyyətə gəlməsinə səbəb olan aprel inqilabının Qarabağ müharibəsindəki "qələbə"dən daha mühüm hadisə olduğunu bəyan edib. Məhz bundan sonra Mikaelyanın özü, o cümlədən təmsil etdiyi siyasi düşərgə və sözügedən fikirləri kəskin tənqid atəşinə tutulub. Məsələn, Qarabağın işğalında rolu olanlardan biri, general Vitali Balasanyan bildirib ki, Ermənistanda baş vermiş məxməri inqilabla Qarabağ müharibəsini bu cür müqayisə edənlərin dövlət quruculuğu prosesində iştirakı mümkün deyil.

    Qeyd edək ki, qondarma "Dağlıq Qarabağ Respublikası"nın "Müdafiə Nazirliyi" də Sasun Mikaelyanın bəyanatına sətr reaksiya verib. Belə ki, qondarma rejimin rəhbərinin səlahiyyətli nümayəndəsi Arşavir Qaramyan Mikaelyanı erməni xalqına hörmətsizlik etməkdə suçlayıb. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryan isə bu qənaətdədir ki, Mikaelyanın Qarabağ haqqında dedikləri Paşinyanın yerinə yetirdiyi siyasi proqramın əsl üzüdür. Belə ki, onun fikrincə, Mikaelyan Paşinyanın icra etdiyi proqramı, mövcud hakimiyyətin siyasətini dilə gətirib: "Bu rejimdən tez bir zamanda xilas olmaq lazımdır. Onlar Qarabağa Azərbaycandan daha böyük təhdiddirlər. Paşinyan çalışacaq ki, Qarabağda güzəştlər qarşılığında xarici legitimlik qazansın. Buna görə orduya məqsədyönlü hücumlar edilir. Zabitlərin həbsi, hərbçilərə qarşı çoxsaylı cinayət işləri ordunu qaralamaqdan ötrüdür".

    Nəzərinizə çatdıraq ki, erməni hərbi ekspert Karen Vrtanesyan da təxminən, bunabənzər açıqlama ilə çıxış edib. Onun sözlərinə görə, dekabrda baş tutacaq növbədənkənar parlament seçkilərində qalib gələcəyi təqdirdə Ermənistan baş naziri səlahiyətlərini yerinə yetirən Nikol Paşinyan Azərbaycana əraziləri vermək üçün mandat alacaq. Vrtanesyan hesab edir ki, əgər bəzilərinin dediyi kimi, bu sözləri həqiqətən Sasun Mikaelyan "ağzından qaçırmış" olsaydı, o zaman ikinci dəfə eyni sözləri təkrarlamazdı və Paşinyan onu dəstəkləməzdi: "Bu, hərbçi deyil, mülki vətəndaşın dilindən çıxsaydı, mən bunun "ağzından qaçırılmış söz" olduğuna inanardım". Karen Vrtanesyan iddia edir ki, Nikol Paşinyan Azərbaycan prezidenti ilə "lift diplomatiyası"nı oynamağı bacardı və buna görə də o, indi rahatlıqla hakimiyyət uğrunda mübarizə aparır: "Və bu zaman Ermənistan Silahlı Qüvvələri Naxçıvandakı mövqeləri vurmaqdan tam məhrum oldu, azərbaycanlılar öz mövqelərini möhkəmləndirməyə davam edir". Erməni hərbi ekspert qeyd edib ki, srağagün Nikol Paşinyan seçicilərin reaksiyalarını yoxlamaq üçün "yem atıb": "Əgər Qarabağ məsələsi tamamilə Paşinyan hakimiyyətinin səlahiyyətlərinə verilsə, onların reaksiyası necə olacaq? Belə görünür ki, onun təklifi alqışlarla qarşılandı. Bir neçə saatdan sonra bu təcrübəni Gümrüdə yoxladılar. Reaksiya eyni oldu".

    Bu arada, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan isə öz növbəsində, barəsində deyilənləri təkzib edib və "Biz Qarabağı satmayacağıq", deyə bəyanat verib: "David Şahnazaryan deyir ki, biz Qarabağı vermək üçün hakimiyyətə gəlmişik. Mən indi emosional bəyanatlar vermək istəmirəm. Faktlara əsaslanan bəyanat verirəm. Bizim hökumət və mən Ermənistanın ilk rəhbəriyik ki, Ermənistan hökumətinin Qarabağ konfliktini həll edə bilmədiyini qeyd edir və bunu xalqın həll etməli olduğunu deyirik. Əgər xalq üçün qəbuledilən təklif səslənsə, mən bunu xalqa təqdim edəcəm və xalq qərar verəcək". Paşinyanın fikrincə, Respublikaçılar Partiyası onu və komandasını Qarabağı satmaqda ittiham etməklə, əslində xalqı ittiham edir.

    Похожее изображение

    Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq İlqar Vəlizadə isə hesab edir ki, Ermənistan rəhbərliyi, o cümlədən bu ölkənin müxalifət partiyaları Qarabağ məsələsindən daim alver predmeti kimi istifadə edib. Onun sözlərinə görə, məhz bu məsələ ilə bağlı səsləndirilən ittihamlar bunu açıq-aşkar şəkildə sübut edir: "Ermənistanda daxili siyasi proseslərdə Dağlıq Qarabağ məsələsi hər zaman bir alver, spekulyativ amil kimi istifadə olunub. Əslində, bunların hamısı yalan danışırlar. Çünki heç kəs Qarabağı Azərbaycana vermək niyyətində deyil. Nə Serj Sarkisyanın belə bir fikri olub, nə də Nikol Paşinyan hazırda bu barədə düşünür. Sadəcə olaraq, Sarkisyanın tərəfdarları bu gün belə bir fikir səsləndirirlər ki, guya Paşinyan Qarabağı satmaq istəyir. Eyni zamanda, Paşinyan da öz növbəsində, qarşı tərəfi məhz bu yöndə ittiham edir. Əslində isə bunu söyləməyə heç bir əsas yoxdur. Düzdür, danışıqlar prosesində, xüsusilə də Vyana və Sank-Peterburqda rəsmi Bakı açıq şəkildə bu məsələni qoymuşdu ki, əgər siz aprel hadisələrinin təkrarlanmasını istəmirsiniz, o zaman işğal olunmuş ərazilərin Azərbaycana qaytarılması barədə predmetli şəkildə düşünməlisiniz. Qeyd olunurdu ki, bunu Misk Qrupu çərçivəsində rəsmiləşdirmək olar. Yəni danışıqlar prosesi çərçivəsində bunu rəsmiləşdirmək mümkündür". Lakin Ermənistanın tamam başqa istiqamət götürdüyünü deyən politoloq bildirdi ki, rəsmi İrəvan Qarabağ məsələsi ilə bağlı yalan məlumat verməklə ictimaiyyəti çaşdırmağa çalışır: "İrəvan Azərbaycan ərazilərinin qismən də olsa, bizə qaytarılmasını rəsmiləşdirmək yox, müxtəlif mövzuları ortaya atmaqla və beləliklə də bu məsələdən tədricən uzaqlaşmaq dəst-xətti görütüblər. Qeyd edim ki, vəziyyət məhz bu istiqamətdə gedirdi. Bir daha nəzərinizə çatdırım ki, Ermənistan rəhbərliyi heç vaxt Azərbaycan ərazilərini geri qaytarmaq fikrində olmayıb. Sadəcə, tərəflər bu cür yalanlar danışaraq Ermənistan daxilində ictimaiyyəti çaşdırmağa, siyasi divident əldə etməyə çalışır".

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org