PAŞİNYAN ERMƏNİSTANIN BAŞ NAZİRİ OLA BİLƏCƏK?

    9

    Çiçəklənən Ermənistan Partiyasının sədri, iş adamı Qagik Çarukyan ən şanslı namizəddir

    Kreml, o cümlədən hakim Respublikaçılar Partiyası onun baş nazir postuna gətirilməsinə razılıq verib

    Bu gün Ermənistan parlamenti baş nazir postuna ikinci tur səsvermə keçirəcək. Qeyd edək ki, mayın 1-də baş tutmuş ilkin səsvermə zamanı "Mənim addımım" etiraz hərəkatının lideri Nikol Paşinyan lazım olan minimum 53 səsi toplaya bilməyib. Belə ki, onun lehinə 45, əleyhinə isə 56 deputat səs verib. Ermənistan qanunvericiliyinə görə, əgər ikinci cəhddə də parlament baş naziri seçə bilməsə, o zaman prezident parlamenti buraxmalı və növbədənkənar seçki təyin etməlidir.

    Hadisələrin gedişatından belə bir qənaətə gəlmək olar ki, Nikol Paşinyan bu dəfə də Ermənistanın baş naziri ola bilməyəcək. Çünki ikinci tur səsvermədə deputatların ən azı üçdə birinin, yəni 35 nəfərin dəstəklədiyi şəxs namizədliyini irəli sürə bilər. Hazırda Paşinyanın başçılıq etdiyi "Çıxış" fraksiyası parlamentdə 9, "Çarukyan" bloku 31, hakim koalisiyadan çıxan "Daşnaksütyun" fraksiyası isə 7 deputata malikdir. Parlamentdə səs çoxluğu isə hakim Respublikaçılar Partiyasına məxsusdur. Düzdür, "Çarukyan" bloku birinci turda Paşinyana dəstək vermiş və onun baş nazir olması üçün çaba sərf etmişdi. Lakin mayın 1-dən sonra hadisələr bir qədər fərqli məcraya doğru istiqamətləndiyindən "Çarukyan" bloku artıq mövqeyini dəyişmək üzrədir. Belə ki, birinci turdan dərhal sonra Ermənistanın sabiq prezidentləri Robert Koçaryan və Serk Sarkisyan təcili olaraq Kremlə çağırılıb. Məhz o andan etibarən "Çarukyan" blokunun üzvləri öncəki mövqeyinə tamamilə zidd açıqlama verməyə başlayıb. Hələ bu da azmış kimi, "Çarukyan" fraksiyası tərəfindən Çiçəklənən Ermənistan Partiyasının sədri, iş adamı Qagik Çarukyanın baş nazirliyə namizədliyi irəli sürülüb. Bu barədə məlumat verən Ermənistanda nəşr olunan "Jamanak" qəzeti yazır ki, hakim Respublika Partiyası Nikol Paşinyanın namizədliyini rədd etdikdən sonra Qagik Çarukyanın namizədliyi alternativ kimi irəli sürülüb: "Qagik Çarukyan xalq hərəkatına qoşulub. "Çarukyan" fraksiyası tərəfindən onun baş nazirliyə namizədliyinin irəli sürülməsi də bundan xəbər verir. Konstitusiyaya görə, baş nazir seçkilərinin ikinci mərhələsində millət vəkillərinin 1/3 hissəsinin, yəni, 35 millət vəkilinin dəstəyi ilə baş nazirliyə namizəd irəli sürülə bilər. Çarukyanın başçılıq etdiyi fraksiyada isə 31 millət vəkili var".

    Bu arada, Ermənistan və Rusiya mətbuatının yazdıqlarına diqqət yetirdikdə belə qənaətə gəlmək olar ki, keçmiş prezident Serj Sarkisyana qarşı kəskin mövqeyi ilə seçilən Qagik Çarukyan hazırkı namizədlər arasında ən nüfuzlusu və baş nazir olmağa ən şanslı namizəd hesab edilir. Çünki o, Ermənistanda qərbyönlü siyasətçi kimi tanınmaqla yanaşı, həm də Robert Koçaryanın biznes ortağıdır. Ümumiyyətlə, Robert Koçaryanın Moskva səfərindən sonra Qagik Çarukyanın da namizədliyini irəli sürəcəyini elan etməsi onu deməyə əsas verir ki, Rusiya, o cümlədən hakim Respublikaçılar Partiyası onun baş nazir postuna gətirilməsinə razılıq verib. Paşinyana gəlincə, Ermənistanın hakim Respublikaçılar Partiyası hələ də ona tam əks mövqedə dayanmaqda israrlıdır. Belə ki, Respublikaçılar Partiyasının fraksiyasının deputatı, parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Armen Aşotyan bildirib ki, əgər Nikol Paşinyan baş nazir seçilərsə, Respublikaçılar müxalifətə keçəcək: "Parlamentdə səs çoxluğunun olmasına baxmayaraq, özünü müxalifət sayacaq. Çünki Nikol Paşinyanın başçılıq edəcəyi hökumətlə əməkdaşlıq etməyi mümkünsüz sayırıq".

    Əslində, erməni lobbisi də Paşinyanın baş nazir olmasında maraqlı deyil. Təxminən, bizimlə eyni mövqedən çıxış edən politoloq Qabil Hüseynli hesab edir ki, diaspor Ermənistan üçün mənşəcə ermənistanlı olan yeni bir rəhbər axtarır: "Bu nöqteyi-nəzərdən diasporun Paşinyanı maliyyələşdirdiyini düşünmürəm. Hətta polisləri öz tərəfinə çəkmək üçün pul vəsaitindən istifadə etməsi, müxalifətin tərəfinə keçən ilk polisə 10 min dollar verilməsi ilə bağlı iddialar hakimiyyətin yaydığı dezinformasiyaya bənzəyir. Bu mübarizədə diasporun pul vasitəsi ilə bütövlükdə prosesləri nəzarət altına ala biləcəyinə inanmıram. Rusiya artıq bu işə var qüvvəsini sərf edir. Rusiya, eləcə də Qarabağ klanı Ermənistanda situasiyanı qoruyacaq və buradakı vəziyyətə nəzarəti ələ alacaq. Çünki Paşinyan indiki şəraitdə diasporun da ümidlərini doğrulda bilməz". Qabil Hüseynlinin sözlərinə görə, Ermənistan parlamentinin nizamnaməsinə görə, bir dəfə seçilməyən adamın namizədliyi ikinci dəfə verilə bilməz: "Ancaq erməni mətbuatında Paşinyanın ikinci dəfə namizədliyini verəcəyi yazılır. Burada əsas məsələ səs yığmaqdır. Mən inanmıram ki, Paşinyan özünə lazım olan səsi toplasın".

    Картинки по запросу PAŞİNYAN

    Erməni politoloq Hrant Məlik-Şahnazaryan isə bəyan edib ki, Nikol Paşinyanın baş nazir seçilməsi durumunda belə, Ermənistanda siyasi böhran həllini tapmayacaq: "İstənilən halda, ölkədə siyasi vəziyyətin stabilləşməsinə ümid yalnız parlament seçkilərindən sonra yarana bilər. Bundan sonra ölkədəki siyasi partiyaların çəkisini qiymətləndirmək olar". Paşinyan və Sarkisyan tərəfdarlarının qarşıdurmasını Qarabağ və İrəvan klanlarının qarşıdurması kimi qəbul edən rusiyalı yazar, ideoloq Aleksandr Proxanov isə qeyd edib ki, bundan sonra Ermənistanda Amerikanın mövcudluğu güclənəcək: "Bu konflikt çoxdan mövcuddur və indi daha sərt forma alıb. Tərəflərdən birinin qələbəsi konfliktin yatırılması demək deyil. Konfliktin inkişafı ictimai ziddiyyətlərin sakitləşməsindən və yüksəlməsindən asılı olacaq. Qarabağ klanının revanşı yalnız bundan asılıdır. Bundan sonra Ermənistanda Amerikanın mövcudluğu güclənəcək. İnanmıram ki, bu tam açıq formada olsun. Moskva Vaşinqtonun buradakı böyük təsirinə dözməyəcək. Erməni ictimaiyyəti isə çox güclü şəkildə amerikanlaşdırılıb. Qarabağ klanı İrəvandakı yeni hakimiyyətlə mübahisəsindəki mövqelərini gücləndirməkdən ötrü Qarabağda müharibəni aktivləşdirib, böyük risklərə getməyəcək".

    Nəzərinizə çatdıraq ki, Paşinyanın baş nazir seçilməsi ehtimalının az olduğunu düşünənlərdən biri də politoloq Sahil İsgəndərovdur. Belə ki, inun sözlərinə görə, Nikol Paşinyanın baş nazir seçilməsi ehtimalı çox azdır, çünki Rusiya ona etibar etmir: "Ermənistanda proseslərin hansı istiqamətdə gedəcəyini proqnozlaşdırmaq çətindir. Hesab edirəm ki, istənilən halda son nəticədə baş nazir postuna Rusiyapərəst biri əyləşəcək. Nikol Paşinyanın baş nazir olmaq şansı yoxdur. Nə Qərb, nə də Rusiya onun bu posta oturmasında maraqlıdır. Nikol Paşinyan müəyyən kənar qüvvələrin ssenarisində aranı qarışdıran biridir. O, sehrbazın papağından dovşanın çıxarılması üçün istifadə olunan alət rolunu oynayır. Düşünürəm ki, mayın 8-də də Paşinyan baş nazir seçilməyəcək. Hətta ola bilər ki, növbəti seçkidə ona qarşı alternativ fiqur ortaya çıxarılacaq". Yazının əvvəlində də qeyd etdiyimiz kimi, həmin alternativ fiqur artıq hazırdır – Çiçəklənən Ermənistan Partiyasının sədri, iş adamı Qagik Çarukyan. Artıq indidən onun baş nazir olacağını demək mümkündür. Çünki onun blokunun parlamentdə 31 deputatı var. İkinci tur səsvermədə ən azı 35 deputatın dəstəklədiyi şəxsin namizədliyini irəli sürə biləcəyini, Paşinyanın isə parlamentdə bu qədər tərəfdarının olmadığını nəzərə alsaq, o zaman Qagik Çarukyanın həm hakim Respublikaçılar Partiyasından, həm də "Daşnaksütyun" fraksiyasından səs ala bilməsi daha real görünür.

    Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org