ADNA TERRORUNDAN 8 İL ÖTDÜ – Sifarişçi hələ də tapılmayıb

    3

    Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) törədilən terror hadisəsindən 8 il ötdü. 2009-cu il aprel ayının 30-u səhər saat 09:30-da baş verən terror bütün ölkəni sarsıtdı. ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsi, 227 saylı ünvanda yerləşən ikinci korpusuna daxil olan Fərda Qədirov “Makarov” tipli tapançadan istifadə edərək 12 nəfərin həyatına son qoydu. İstintaq materiallarına və şahid ifadələrinə görə, cinayətkar günahsız insanları əsasən baş və boyun nahiyəsindən güllələmişdi.
    Qanlı terror aktının qurbanlarının adını bir daha xatırlayaq.
    1. Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müdiri, professor, 1940-cı il təvəllüdlü Ramiz Xəlil oğlu Abdullayev,
    2. Nəzəri mexanika fakültəsinin laboratoriya müdiri 1951-ci il təvəllüdlü Tamilla Zülfüqar qızı Əzizova,
    3. Neft-qaz istehsalı və emalı texnikası kafedrasının müəllimi, dosent 1946-cı il təvəllüdlü Məcnun Abdulvahid oğlu Vahidov,
    4. Biotexniki və texniki cihazlar kafedrasının laborantı 1978-ci il təvəllüdlü Şəfa Afət qızı Məmmədova,
    Tələbələr:
    5. 1988-ci il təvəllüdlü Taleh Tariyel oğlu Məmmədov,
    6. 1989-cu il təvəllüdlü Yusif Telman oğlu Bəndəliyev,
    7. 1988-ci il təvəllüdlü Ayaz Cavanşir oğlu Bağırov,
    8. 1987-ci il təvəllüdlü Savalan Allahverdi oğlu Cabbarov,
    9. 1989-cu il təvəllüdlü Emin İmaməli oğlu Abdullayev,
    10. 1990-cı il təvəllüdlü Ruslan Cəfər oğlu Babaşov,
    11. 1988-ci il təvəllüdlü Ceyhun Sakit oğlu Aslanov,
    12. 1957-ci il təvəllüdlü Ayna Abbasqulu qızı Qurbanova.

    Bundan başqa Neft-qaz quyularının qazılması kafedrasının böyük mühəndisi Faiq Bəhram oğlu Rüstəmbəyov, Neft-qaz istehsalı və emalı texnikası kafedrasının tədris ustası Zemfira Seyidi qızı Hüseynli.

    Tələbələr: Kənan Tələt oğlu İsayev, İlkin Azər oğlu Şirəliyev, Elşən Elbəyi oğlu Mustafayev, Rəhman Sahib oğlu Axundov, Elvin Azər oğlu Cəmiyev, Səbinə Əşrəf qızı Qurbanova, Elşən Xanlar oğlu Məmmədov, Bəxtiyar Aydın oğlu Cəfərov, Suriya vətəndaşı olan Daas Muavviyya, Sudan vətəndaşları Mustafa Məhəmməd Qasim və Seyid Əhməd Əmru atılmış güllələrin hədəfi olsalar da, xoşbəxtlikdən sağ qala bilmişdilər.

    “Image

    İstintaqın gəldiyi qənaətə görə, hadisəni törədən cinayətkar 29 yaşlı Gürcüstan vətəndaşı Fərda Qədirov ələ keçməmək üçün əlindəki silahla özünü vurub. Cinayət işi üzrə həbs olunan Cavidan Əmirov, Nəcəf Süleymanov və Nadir Əliyev Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə hazırlıq, qəsdən adamöldürmə, qəsdən adam öldürməyə cəhd, mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq, qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə, qanunsuz olaraq narkotik vasitələri əldəetmə, saxlama və daşıma, Ariz Qabulova isə qaçaqmalçılıq və qanunsuz olaraq odlu silah, döyüş sursatı əldəetmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə ittiham olunub. Fərda Qədirovun ölümü ilə əlaqədar cinayət işinin onun barəsində olan hissəsinə xitam verilib.
    İş üzrə tərtib olunan ittiham aktına görə qanlı terror olayının sifarişçisi Gürcüatanın Şulaver stansiyasının sakini olan erməni əsilli Mardun Qumaşyandır. M.Qumaşyan Azərbaycan jurnalistlərinə dəfələrlə bildirib ki, onun baş verən cinayətlə hər hansı əlaqəsi yoxdur.(http://musavat.com/news/olke/adna-terrorunda-adi-kechen-ermeni-yeni-musavata-neler-dedi_395974.)

    “Image
    İş üzrə məhkəmə prosesi zamanı bir çox uyğunsuzluqlar üzə çıxıb. İstintaqın gəldiyi qənaət təqsirləndrilən şəxslərin özlərinin, vəkillərinin məhkəmənin diqqətinə çatdırdıqları fakt və sübutlarla təkzib edilib. Məhkəmə zamanı iddia olunurdu ki, ibtidai istintaq zamanı həbs edilənlərə təzyiqlər olub.

    Nadir Əliyev özünə qarşı yalan ifadə verməyə məcbur edilmək üçün ayağında asılıb, dırnaqları çıxarılıb. Lakin işgəncə faktları araşdırılmayıb. N.Əliyev F.Qədirovla eyni kənddən olduğunu, lakin onunla hər hansı bir cinayətə getmədiyini, həmin gün işdə olduğunu bildirib.

    Dediklərini təsdiq etmək üçün “Təhlükəsiz şəhər” və onun hərəkət marşrutu üzrə metropolitenin nəzarət kameralarından çıxarışların işə əlavə olunmasını tələb edib. Həqiqətin üzə çıxamasına xidmət edən bu vəsatəti hakim təmin etməyib. İş üzrə digər təqsirləndrilən şəxslərin də oxşar məzmunlu vəsatətləri rədd olunub. Məhkəmənin sonunda hakim Ramella Allahverdiyeva Nadir Əliyev, Cavidan Əmirov və Nəcəf Süleymanov ömürlük, Ariz Qabulov isə 13 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan Bakı Apelyasiya Məhkəməsi və Ali Məhkəmə də iş üzrə tam obyektiv araşdırmalar aparmayıb. Ölkə daxili məhkəmələr tam obyektiv qərarlar çıxarmamaqla baş vermiş qanlı terror aktında dünyasını dəyişən, yaralananların qanını yerdə qoyublar. Hazırda təqsirləndrilən şəxslərin şikayətləri Avropa Məhkəməsindədir. Cavidan Əmirovun vəkili Hüseynxan Mustafayev deyib ki, ümidləri həmin məhkəmənin ədalətin bərqərar olmasına xidmət edəcək qərarınadır /musavat.com/