Həqiqət bütün dövrlər üçündür

    9

    Sovet mətbuatında kimi ki, söyürdülər, hansı bir sənətkarı və filosofu damğalayırdılarsa, hansı vasitə ilə olursa-olsun mən onu əldə etmək istəyirdim. Bilirdim ki, həqiqət ordadır…

    Həqiqətin qəribə təbiəti var. Dövlətlər və hakimiyyətlər üçün həmişə xoşagəlməzdir. Hətta o dövlətlərin xeyrinə olsa belə.

    Sovet dövründə daha nələr qadağan olunmamışdı. Məsələn,  sovet mətbuatında kimi ki, söyürdülər, hansı bir sənətkarı və filosofu damğalayırdılarsa, hansı vasitə ilə olursa-olsun mən onu əldə etmək istəyirdim. Bilirdim ki, həqiqət ordadır.Əgər həmin tənqidlər olmasaydı, bəlkə də mənim o böyük dahilərin yaratdıqlarından heç xəbərim də olmayacaqdı. Bu mənada mən sovet ideologiyasına hardasa borcluyam.

    Yaxud götürək Məhəmməd Rza Pəhləvini. Əgər bu şöhrətli despot olmasaydı, bu barədə düşünəndə belə, dəhşətə gəlirəm. Çünki mən neylərdim? Yaradıcılığım ən kamil nümunələri necə yaranar, necə dünyaya gələrdi. Ona görə mən o ömrünü çox acı qəmlər içində qürbətdə başa vuran despota da hardasa borcluyam.

    Bütün bunlar ona görə yadıma düşür ki, bu günlərdə dövrümüzün yeganə böyük tarixçisinin 1990-cı illərdə çap olunmuş bir kitabı əlimə keçdi. Maraqla oxudum. Hər şey doğru və düzgün əks olunmuşdu. Bir şeydən başqa – şanlı Mircəfər Bağırova verilən qiymətdən başqa. O da dövrün rəsmi imkanlarına uyğun, məcburiyyət üzündən yəqin ki, bu cür ənənəvi  düşüncəsinin nəticəsi idi. O vaxt Mircəfəri hamı xalq düşməni hesab edirdi, tarixçi də  həmin qənaətə uyğun hərəkət etmişdi.

    Tarixçi o vaxt hələ gənc idi. İlk tədqiqatçılarını çap etdirirdi. Siyasi məfkurə adamı kimi hələ tam formalaşmamışdı. Ona görə də onu bağışlamaq olar.

    Mən bu mərd elm xadiminə  bu sualları  verərdim:

    – Bağırovu kim güllələtdirdi?

    Əlbəttə, burada yalnız Xruşşov deyil, siyasi rejim nəzərdə tutulur. Çünki Xruşşov nə qədər reformator olsa da, siyasi rejimin nökəri idi.

    İkincisi, onu nədə ittiham etdilər?

    Onu sovet bolşeviklərinə  fanatik və xalqlarına düşmən olan kommunislərə divan tutmaqda ittiham etdilər.  Bu isə nə deməkdir?

    Üçüncüsü, onu Azərbaycan Demokratik Cümhuriyyətinin və Müsavat partiyasının nümayəndələrini himayədarlıq etməkdə ittiham etdilər. Baxmayaraq ki, bəsirətsiz Məhəmməd Əmin Rəsulzadə 30-cu illərdə xaricdə Bağırov haqqında xoşagəlməz sözlər, ifadələr işlətmişdi. Hətta onu cinayətkar hesab etmişdi. Amma Bağırovun himayə etdikləri  əksərən rejimin düşmənləri idi. Bunu etmək üçünsə, böyük ürək və cəsarət lazım idi.

    Elementar məntiq sübut edir ki, Mircəfər Bağırov xalq düşməni deyil, xalqın əsl sarsılmaz oğlu idi. Mirzə Cəlil, Üzeyir bəy kimi.

    Cavidlərə, Müşfiqlərə gəldikdə isə, onları çağırıb  o gərgin, amansız dövrdə neyləməli olduqlarını, nələri yazmalı olduqlarını dönə-dönə izah edib çıxış yolu göstərsə də, dediklərindən, elədiklərindən əl çəkmir, “Uçurum”,  “Topal Teymur”  kimi nümayişkaranə antisovet əsərlər yazıb özlərini çıxılmaz vəziyyətdə qoyurdular. Müşfiqin isə taleyinin başqa bir səbəbi də var ki, onu burada açıqlamaq olmur.

    Əlbəttə, M.Bağırov Allah və ya qüdrət rəmzi deyildi. Onun özü də həmin  “Allah və qüdrət rəmzi”ndən asılı idi.   Həmin rəmz Stalin, NKVD və Sovet rejimi idi. Onun öz taleyi də tükdən asılı idi. Bu “tük” isə Stalinin bir kəlmə sözü idi. Əgər tarixçilərimizin və ideoloqlarımızın, eləcə də siyasi qələm sahiblərimizin ucdantutma böyük səhv kimi mənfi qiymətləndirdikləri yeganə  gürcü  Lavrenti Beriya olmasaydı, Bağırov da çoxdan güllələnmişdi.

    1946-cı ildə Stalinin birdən-birə ayılaraq səhv etdiyini başa düşüb Cənubi Azərbaycan Demokratik Respublikasını ləğv edəndə Azərbaycan bu hadisəyə yalnız bir nəfər ağlamışdı. O da Mircəfər Bağırov idi. Çünki ondan başqa heç kimdə milli-siyasi şüur o səviyyədə deyildi. Heç kim üçün Azərbaycanın, onun şimallı-cənublu vahidliyinin əhəmiyyəti bu qədər böyük əhəmiyyət kəsb etmirdi. Bir də Lənkəranda Bakı-Astara yolunun kənarında (Səpnəkəran kəndində) dayanıb əvvəl şimala, sonra isə cənuba güllənlənməyə göndərilən gənc fədailərlə dolu maşınlara baxıb onlara yazığı gələn 10 yaşlı mən. Yenə  Füzuli Baratov sağ olsun ki, görkəmli Mircəfərşünas Teyyub Qurbanın kitabları və arxiv sənədləri ilə silahlanıb bir çox xoşagəlməz həqiqətləri üzə çıxarır.

    Bəli, bu gün Tarix İnstitutumuz bu barədə susur. Çünki tamamilə günümüzün tələbləri ilə nəfəs alır.  Lakin həqiqəti yox etmək olmaz. Nə qədər ört-basdır etsən də, həqiqət hardansa  çağlayıb üzə çıxacaq.

    Mən təəssüf ki,  möhtərəm yeganə tarixçimizin sonrakı böyük monoqrafiyalarından xəbərsizəm. Bildiyimə görə, bu əsərlərində çox böyük ustalıqla, hətta çox vaxt şəxsi məktublara əsasən hədsiz sayda ötən əsrin 30-cu, 40-cı, 50-ci illərinə aid bu günlərə sərf etməyən həqiqətləri əks etdirmişdir.

    Bir daha təkrar edirəm, Bağırovun Sibirə yola salınıb güllələnən Əliheydər Qarayev kimi mənfur rejimin sədaqətli  bolşeviklərinin taleyinə biganəliyi  onun bolşevizmə nifrətinin göstəricisidir. Bu mənada onu ilk milli qəhrəman hesab etmək olar. Çünki o, məhz xalqına sədaqətinə görə də güllələndi. Mən onun şanlı əməlləri haqqında üç tarixi roman yazıb çap etdirmişəm. Xüsusilə son iki romandan çox məhdud sayda tirajına görə demək olar ki, heç kimin xəbəri yoxdur.

    Həqiqət tufan kimi bir şeydir. Onu məhv etmək, dəfn etmək mümkün deyil. Nə qədər basdırıb üstünü örtsən də, o dağıdıb üzə çıxacaq.

    Əlisa  NİCAT  

    P.S. Bu günlərdə təsadüfən gözümə bir kitab sataşdı: – Asif Hüseynli – “İran hökmdarları”.  Burda deyərlər, heç dəxli var? Bu adam aləmi bir-birinə qatıb Elamı da, Parfiyanı da, Midiyanı da  İran hesab edir. Bu adam İran termininin haçan meydana gəldiyini bilmir. Midiya dövründə İran yox idi. Ölkə Midiya adlanırdı. Persida, Persia başqa yerdir.

    Midiyalılar irandilli xalq deyil, midiyalılar ari deyillər, ay kütbeyin.  Midiyalıların kim olduğunu bilmək isətyirsənsə,  get  böyük fransız tarixçisi, mixi yazılarını oxuyub tərcümə edən  Fransua Lenormannın əsərlərini oxu.  O  qədər savadsızsan ki,  “tarixi atası” sayılan Herodotun adının “Heradot”  kimi  yazmısan.  Elə bu fakt sənin savadının  nə qədər aşağı səviyyədə  olduğunu göstərir.  Və qəribədir ki, ensiklopediyalardan köçürüb yarım səhifəlik bioqrafiyalar yazan bu savadsız bukvoyedə üç nəfər tarix elmləri doktoru, professor müsbət rəy vermişdir. Deməli, Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitutunda, Bakı Dövlət Universitetinin Tarix fakültəsində  vəziyyət gör nə  gündədir.