Oğlu intihar edən şairə Səadət Buta: “Heç kimin dərdini boyaya-boyaya danışmasınlar”

    6

    Səadət Buta oğlunun ölümündən danışdı

    “Məni oğlumun ölümü qədər onun intiharı haqda bilə-bilməzə danışanların, yazanların sözləri yandırdı.  Məmmədimin nə kimsəyə borcu, nə banka krediti, nə ailəsində problemi, nə də bir adamla incikliyi vardı. Onun heç kimlə işi olmazdı. Qarışqanı da əzməyə qıymayan bir insan idi oğlum. Amma kimlərsə balamın ölümünü xəbər başlığı elədi, məsələni heç ətraflı bilməyənlər bununla bağlı müsahibə verdi…”

    Bu sözləri bir müddət əvvəl oğlu intihar edən şairə Səadət Buta Hurriyyet.org-a açıqlamasında deyib.

    Dedi, özünü öldürən əmimoğlu məni yanına çağırır

    Onun sözlərinə görə, oğlu Məmməd Abdullayev xeyli vaxt imiş depressiyadaymış: “Yayda oğlum bizə gəlmişdi. Çay süzdüm, ana-bala söhbət elədik. Gördüm, heç özündə deyil. Mənə qulaq asmaq istəmir. Dedim, sənə nə olub? Bəlkə evdə ailənlə nəsə söz-söhbətin olub? Dedi yox, evdə hər şey yaxşıdır. Amma özüm bir az narahatam, elə bil başımda səslər var, qulağıma nəsə deyirlər. Hərdən atam məni öz yanına çağırır, hərdən əmioğlum cağırır. Atasının bir əmisi oğlu vardı, o da oğlum kimi özünü asıb. Onun oğlum kimi camaat arasında yaxşı  hörməti, xətri vardı. O belə deyəndə mən çox pis oldum. Bu söhbətdən sonra oğlumu Gürcüstanda yəhudi professorun qəbuluna apardım. Həkim onu müayinə elədi, dedi ki, oğlun o qədər məlumatlı, savadlı insandır ki, mən ona heyran oldum. Hərtərəfli istedadlı adamdır.  Sadəcə, onda möhkəm yorğunluq var. Çalışın onu tək buraxmayın, nəzarətsiz qoymayın. Çox işləməyə, bir məslə haqda dərin götür-qoy eləməyə imkan verməyin. Dava-dərman, iynə yazıb bizi yolladı. Dedi, üç aydan sonra yenə təkrar müayinəyə gələrsiz. Həkimin əli düşərli oldu. O müalicədən sonra Məmməd yaxşılaşdı.  Döndü oldu həmişəki kimi şən, deyib-gülən adam. Amma üç aydan sonra nə illah elədimsə təkrar müayinəyə getmədi. Dedi, camaata nə deyəcəksən? Deyəcəksən ki, oğlumun başı pozulub, dəli olub? Mənim heç nəyim yoxdur”.

    “Bütün yolu Allaha yalvardım ki…

    Şəadət xanım deyir ki, həkim oğlunun ruhi vəziyyətinin yaxşı olmadığını anlatdıqdan sonra ona daha çox diqqət eləyiblər. Amma neynəyəsən ki, onun özü haqda verdiyi qərara əngəl ola bilməyiblər: “O ərəfədə  Gürcüstandaydım. Zəlimxan Yaquba illik verirdilər. Məni ora çağırmışdılar. Mənə zəng elədi ki, qızıma elçi gəlir. Sən olmasan mən heç nə deyə bilməyəcəm. Mən də tez-tələsik Bakıya qayıtdım. Elçilər gəldi, amma qızı vermədi. Dedi, bircə qızım var, tez-tələsik getməsin. Təzədən xəbər gəldi ki, Telli Borçalının anası rəhmətə gedib. Özü mənə qayıtdı ki, “mama, get”. Gürcüstana  çatana qədər yolboyu üç dəfə zəng elədi, “necəsən. necə gedirsən”. Mən Marnauliyə çatanda xəbər verdilər ki, Məmmədin təzyiqi qalxıb, vəziyyəti ağırdır, durma, gəl. Allaha yalvara-yalvara yolu gəldim ki, ona heç nə olmasın. Heç demə balam canına qıyıbmış…”

    Məni bağışlayın, bu həyatla barışa bilmirəm

    Səadət Buta oğlunun intihar məktubu yazdığı haqda deyilənləri təsdiqlədi: “Ölümündən əvvəl məktub yazıb qoyub ki, anam, həyat yoldaşım, balalarım, iş yoldaşlarım, dostlarım, məni bağışlayın! Mən bu həyatla barışa bilmirəm. Depressiyaya düşmüşəm. Bu həyat mənə maraqlı deyil. Ölümümdə heç kimi günahkar bilməyin”.

    Mərhumun kimlərəsə borcu olması, yaxud banklara kredit ödəyə bilməməsi haqda fikirlərə isə Səadət Buta belə münasibət bildirdi: “Mənə ən pis təsir eləyən bu haqda danışılan yersiz söhbətlərdir. Mənim balamın heç kimə bir qəpik də borcu olmayıb. Ay tövbə… Əgər Məmmədin bir kəsə bir qəpik borcu vardıysa, Allah mənə qənim olsun. Oğlum imkansız dolanırdı deyənlər də günaha batır. Hamı bilir ki, o təmtəraqlı yaşamasa da, varlı-hallı olmasa da, heç kimə möhtac da deyildi. Allaha şükür, evi-eşiyi, şəraiti. Yoldaşı da işləyirdi, özü də. Üstəlik qızını təzəlikcə yanına “Azərsu”ya işə də düzəltmişdi. İşdə hamı da xətrini istəyirdi.  Bircə şeyin fikrini eləyirdi. O da oğlunun xaricdə magistraturada oxumasına kömək eləmək istəyirdi. Dedilər onunçün banka 15 min dollar pul qoymalısız, o pul dövr eləməlidir, filan. Onu da yavaş-yavaş düzəldirdi. Bircə onunçün həyəcan keçirirdi. Amma buda elə bir şey deyildi ki, ondan ötrü canına qıysın. Yataq xəstəsi olan, dərdinə əlac tapılmayanlar var, onlar da heç bu qədər ümidsiz, yaşamağa həvəssiz deyillər. Demək, bu, xəstəlikdir. Onu ruh halının fəsadıdır. Həkimlər də mənə dedi ki, bu xəstəliyin qabağında tibb də acızdır. Saglam düşünə bilən, ruh halı, ovqatı yerində olan insan heç vaxt özünü öldürmək istəməz. Demək, bu onun özündən asılı deyilmiş”.

    “Oğlumun ölümündən aglına gələni yazdılar”

    Şair söhbət əsnasında oğlunun ölümü haqda yazan mətbuat nümayəndələrindən incikliyini də dilə gətirdi: “Oğlumun ölüm xəbərini saytlar başqa-başqa adamlardan soruşub necə gəldi yazdılar. Onlar belə mövzulara çox həssas yanaşmalıdırlar. Kim ağzına nə gəldi götürüb yazır.  Məsələni heç dəqiq bilməyən adamlardan soruşublar. Mən ölməyəcəkdim ki… Bir gün gec, bir gün tez başım açılacaqdı, mənim dərdimi məndən soruşub yazardılar, başqalarından yox. Mən sənətkaram, həssas insanam. Yalnız mən deyil, belə dərdi olan istənilən insan yazılanlardan təsirlənir.

    Nazilə Səfərli öz bildiyi kimi müsahibə verib. Onlar da həmin müsahibəni dərc ediblər. Düzdür, o, sonra zəng eləyib üzrxahlıq elədi, çox xəcalət çəkdi. Amma mənim ailəm,  haqda bilmədiyi məsələlər haqda belə danişmağa onun ixtiyarı yox idi. Deməyim odur ki, mətbuat işçiləri heç kəsin dərdini boyaya-boyaya yazmasınlar! Mənim oğlumun səviyyəli, nümunəvi ailəsi var!  Gözəl həyat yoldaşı,oğlu-qızı var! Əgər oğlumun ixtiyarı öz əlində olsaydı, o,  heç vaxt anasını 40 ildən sonra dillərə dastan edib ağlatmazdı! Bu günü balalarına, həyat yoldaşına qıymazdı! ”

    Altunay, Hurriyyet.org