İran niyə qonşularla səmimi deyil? – TƏHLİL

    3

    Qarabağın ermənilərin əlində qalması İranın ən vacib strateji maraqlarından birdir. Çünki İrana GÜCLÜ AZƏRBAYCAN lazım deyil

    Son günlər xarici mediada maraqlı bir xəbərlə rastlaşdım. Xəbərdə deyilirdi: “Aprel ayının 11-də İranın İnqilab Keşikçiləri Korpusunun (Sepah) Salman Diviziyasına tabe olan 110-cu briqadasının tabor komandiri Ruhullah Ali Bəlucistan əyalətində İİR rejiminə müqavimət göstərən yerli döyüşçülər tərəfindən öldürülmüşdür. Bəluc fəalları bu addımı bölgədəki sünni məzhəbi ardıcılları üçün nüfuzlu din xadimi sayılan Möhləvi Şeyx Fəzl ər Rəhman Kuhinin rejim tərəfindən həbs edilməsinə cavab tədbiri kimi qiymətləndirmişlər”.

    O da xəbər verilirdi ki, Bəlucistanın bir sıra şəhərlərində Şeyx Möhləvinin həbsinə etiraz əlaməti olaraq gərginliklə müşayiət olunan aksiyalar keçirilib və bu zaman İran rejimi Bəluc gəncləri tərəfindən din xadimi azad olunmayacağı təqdirdə, silaha əl atacaqları ilə təhdid olunub.

    Məlumdur ki, İran coğrafi cəhətdən qurudan Azərbaycan, Türkiyə, İraq, Türkmənistan, Əfqanıstan, Pakistan və Ermənistanla, Bəsrə korfəzindən isə Ərəbistan yarımadasındakı 5 ərəb ölkəsi ilə su sərhəddinə malik olmaqla, Orta Şərqin önəmli strateji mövqeyə malik ölkələrindən biridir. Buna ölkənin malik olduğu iqtisadi imkanlarını da əlavə etsək, İranın geo-iqtisadi və geo-politik önəmini anlamaq çətin olmaz. Təbii ki, bu önəmli mövqedən ölkə əhalisinin rifahı, region xalqlarının da əmin-amanlıq şəritində yaşaması istiqamətində istifadə olunarsa, qonşu ölkələrlə dinc-yanaşı yaşama prinsipinə riayət olunarsa, ölkənin ümummilli gəlirləri ideologiyanın yayılması istiqamətində deyil, insan faktoruna yönəldilərsə, şübhəsiz, İranın region üçün örnək bir ölkəyə çevrilməsi düşüncəsinə qatılmamaq mümkünsüz olardı. Lakin mövcud tablo sadaladığımız bu istəklərlə ziddiyyət təşkil etməkdədir.

    İranın istər həmsərhəd olduğu ölkələrin əksəriyyəti ilə münasibətlərinə, istərsə də ölkənin qeyri-fars millətlərə qarşı izlədiyi siyasətə nəzər salanda da eyni qənaəti bölüşməli olacağıq. Bu səbəbdən ölkənin cənub-şərqində yaşayan bəlucların da etirazlarını anlamaq çətin deyil. Çünki İran ərazisində yaşayan sayları 35 milyona çatan soydaşlarımızın yaşadığı sorunlarla, onlara qarşı hələ Pəhləvilər dönmindən bu günümüzədək davam etməkdə olan diskriminasiya ilə aşağı-yuxarı tanışıq. Amma Azərbaycan türklərinin mübarizəsinini də digər millətlərdən fərqli olaraq sırf sivil prinsiplərə əsaslanması inkarolunmaz faktdır. Analoji milli sorunların ölkənin cənubunda ərəblərin, qərbində kürdlərin, şimalında türkmənlərin yaşadığı bir İran gerçəyi ilə üz-üzəyik. Zaman-zaman mediasında Azərbaycan Respublikasında yaşayan etniklərin “sorunlarını” qabardan İran İslam Respublikası öz ərazisinin dörd tərəfində etnik-milli gerçəyi ilə üz-üzədir. Amma nə yazıq ki, bu gercək heç zaman İran rəsmiləri tərəfindən etiraf olunmur. Əvəzində istər mediasında, istərsə də dövlət rəsmiləri səviyyəsində qonşu, müsəlman Azərbaycana qarşı qərəzli təbliğat və mövqe hələ də səngimir.

    Bu qərəz hətta müsəlman, şiə Azərbaycanın təcavüzkar Ermənistana qarşı müharibəsindən də yan keçmədi. Azərbaycan ordusunun ötən il aprel ayında apardığı hərb əməliyyatlardan sonra İran din xadimlərinin bu haqq savaşına qarşı sərgilədikləri mövqe həqiqətən nə dindarlığa, nə qonşuluğa, nə də insanlığa sığmazdı. Bu həyasızlıq o həddə çatdı ki, Ağdam məscidini tövləyə çevirən ermənilərlə strateji əməkdaşlıq edən İran dövlətinin bəzi rəsmi simaları vaxtilə Qarabağ savaşında İranın Azərbaycana “təmənnasız yardımından” danışmaqda, hətta İranın Azərbaycanı xilas etməsi kimi səfsətələr uydurmaqdan belə utanmırlar. Halbuki o “yardımların” mahiyyəti bu gün hər kəsə bəllidir. Bəlli olmayanlar bilmək istəyirlərsə, biz deyək, onlar da bilsin. Birinci Qarabağ savaşı zamanı İran üzdə Azərbaycanı dəstəklədiyini bildirsə də, İranın Xarici İşlər Nazirliyi və Ordusu gizli şəkildə Ermənistanı müdafiə edirdi. İranın İnqilab Keşikçiləri Korpusu isə guya bizim tərəfimizdə olduqlarını göstərmək üçün Azərbaycan hərbçilərinə təlim keçmək adı ilə 15 nəfərdən ibarət yüksək rütbəli zabitini buraya göndərmişdi. O zaman həmin şəxslər 14 komandaya təlim keçmişdi. Lakin, sən demə, bu təlimlərin və bu heyətin əsas məqsədi tamamilə başqa bir şey imiş. Məlum olur ki, vaxtilə rusların müharibəsindən məğlub çıxmış və Azərbaycan torpaqlarını Rusiya ilə öz arasında bölüşdürmüş İran yenidən Arazın şimalındakı Azərbaycan torpaqlarına göz dikibmiş. Ermənistan 1993-cü ildə Azərbaycanın İranla həmsərhəd olan İmişli rayonunda raket zərbələri endirərkən, məlum oldu ki, düşmənlərimiz bizi öz qanımızdan olan müsəlman qardaşlarımızın əlləri ilə düəzldilmiş raketlərlə atəşə tutur. Yəni həmin raketlər İran istehsalıdır. Məhz bu səbəbdən həmin 15 nəfər İran hərbçisi mədəni şəkildə ölkə ərazisindən uzaqlaşdırılırlar.

    Bu 15 nəfərin içində isə tez-tez Azərbaycan rəsmilərinə Arazın o tayından barmaq silkələyən, hazırda İran İslam Şurası Məclisinin ata-baba yurdumuz olan Ərdəbili təmsli edən Sepah generalı Mənsur Həqiqətpur da var imiş. Sonradan məlum oldu ki, “həqiqət”in nə olduğundan bixəbər olan bu Həqiqətpur Azərbaycanda olduğu müddətdə İranyönümlü dini hərəkatın və indiki Azərbaycan İslam Partiyasının təməlini qoyub. O da məlum olur ki, Azərbaycandan “təmtəraqlı şəkildə” yola salındıqdan sonra, burada gördüyü “təqdirəlayiq” işlərin müqabilində ona Sepahın Ərdəbil vilayəti üzrə idarəsinin rəisi vəzifəsi hədiyyə olunur. Həmin vəzifədə işlədiyi dövrdə də, fars şəkilçisi ilə desək, bu bi-Həqiqətpurun bizə qarşı ürəyi soyumur ki, soyumur. Yəni oturduğu kreslodan bir qaşıq uzadıb Azərbaycanı qarşıdırmağa çalışır.

    Sonradan bu xidmətlərinin müqabilində həmin “mötəbər şəxs” “Ertebate Aliyyat” adlı təşkilatın rəhbəri təyin edilir. Adından da göründüyü kimi, bu vəzifə elə-belə vəzifə olmayıb haa! İrandan “Həcc ziyarətinə gedən bütün zəvvarlara”, eləcə də Məşhəd, Qum və s. kimi ziyarətgahlara gedən İslam ölkəsi vətəndaşlarının pasportlarının möhürünü həmin təşkilatın vurduğunu desək, bu haram yeyən Mənsurun neçə milyon müsəlman zəvvarın halal pulunu yediyi hamıya aydın olar. Bunun nəticəsidir ki, M.Həqiqətpur zəvvarlardan əldə etdiyi külli midarda pulların müqabilində artıq dördüncü dəfədir ki, İran parlamentində təmsil olunur. Hətta hərdən bir parlament kürsüsündən Azərbaycana tərəf nəsə çırt-pırt da edir. Bizə isə, Allahın bu yazıq bəndəsinə dua etmək düşər. Nə deyək, Allah ağıl versin!

    Düzdür, İran BMT-də və İslam Konfransı Təşkilatının toplantılarında Azərbaycanın xeyrinə səs verir. Çünki bu heç nəyi dəyişmir. Həm də ki, bu heç Ermənistanın xətrinə də dəymir. Çünki Ermənistanın İrandan aldığı maddi və informasiya dəstəyinin müqabilində bu dəvədə qulaq kimi görünür. Ancaq əmələ gələndə, İran şirkətləri Qarabağda bədnamlarla əlbir olub Şuşa məscidinin təmirini öz üzərinə götürərək, Azərbaycanın hər şeyinə göz dikdikləri kimi, tolerantlığına da tamah salmış ermənilərin özləri haqda “humanist xalq” təəssüratı yaratmalarına dəstəkçi olur. Düşmən dəyirmanına su tökmək bu olsa gərək!

    Həmçinin, İranın bir sıra turizm şirkətlərinin internet saytlarında iranlı turistlərə Qarabağın gözəl guşələrinə səyahət üçün olduqca cazibədar təkliflərin irəli sürüldüyünü də görmək olar. Heç azərbaycanlı təəssübkeşliyini demirik, bəs şiə qardaşlığı harda qaldı, ay ağalar?

    ““

    İran həmçinin qondarma “erməni soyqırımı” məsələsinin təbliğində öz maddi və təşkilatı dəstəyini əsirgəmir, bir çox hallarda bu mövzuya dair planları belə, özü qurur. Hətta bəzi məlumatlara görə, 2016-cı ilin yay aylarında fars dilinin təkmilləşdirilməsi üçün Azərbaycandan İrana dəvət olunmuş həmyerlilərimizin İsfahandakı erməni kilsəsinə səfərləri təşkil olunaraq, həmin vaxt Ermənistandan da bu dil kurslarına gəlmiş ermənilərin orada qondarma “erməni soyqırımı”nı təbliğ etmələri, o cümlədən qondarma “Dağlıq Qarabağ Respublikası” bayrağı ilə nümayişkaranə şəkildə fotoşəkil çəkdirmələri üçün əməlli-başlı şərait yaradılmışdır. Azərbaycan Xarici İşlər Nazirliyinin indiyədək bu məsələyə heç bir reaksiya verməməsi isə başqa bir sual doğurur.

    Keçək Qarabağ məsələsinə. Görəsən, İran bu günədək Fələstini dəstəklədiyi kimi, hətta Fələstinə görə İsraili özünə 1 nömrəli düşmən elan etdiyi kimi Ermənistana qarşı niyə dost və qardaş münasibəti bəsləyir? Ən azı bəyənmədiyi Türkiyə kimi öz sərhədlərini niyə bu bədnamların üzünə bağlamır? Əksinə, hələ onları yedirdib, içirdib, yanacaq, elektirk enerjisi, geniş biznes imkanları və əlinə kösöy verib bizim üstümüzə salır. Biz deyək, siz bilin. Çünki Qarabağın ermənilərin əlində qalması İranın ən vacib strateji maraqlarından birdir. Çünki İrana GÜCLÜ AZƏRBAYCAN lazım deyil. Bunun müqabilində isə Ermənistan dünyadakı erməni lobbisinin imkanlarından istifadə edərək, Azərbaycan və türk diasporasının və siyasi təşkilatlarının Avropa və Amerikadakı fəaliyyəti, İrana qarşı mümkün birgə hərəkətləri barədə lazımi məlumatları Tehrana ötürür. Hətta son günlər İranın tanınmış politoloqlarından biri olan Bəhram Əmirəhmədian da etiraf etdi ki, Ermənistanın zəfəri İranın zəfəridir. Necə deyərlər, “dil dolaşar, düzünü deyər”.

    Belə ağalar! Siz islamla bağlı düşüncənizdə olduğu kimi, qonşularınızla münasibətlərdə də heç zaman səmimi olmadınız və bu səmimiyyətsizlik atmosferi təəssüf ki, hələ də hökm sürməkdədir.

    RƏŞAD