Əsrlərin musiqi əsrarı

    3

    …Onların içərisində əvvəlcə ilahiləşdirilib, sonra yandırılanı, həbsə salınanı, hətta birdəfəlik qadağan ediləni də olub

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/26333-srlrin-musiqi-srari.html)

    İnsan hisslərinin tüğyanını ifadə etmək üçün çox vaxt söz aciz qalır, musiqi isə hər şeyə qa­dirdir. İstər musiqinin, istərsə də musiqi alətlərinin tarixi bəşər cə­miyyətinin tarixi kimi əsrarəngiz və keşməkeşlidir. Musiqi alətlə­ri bir gün insan kimi dil açıb danı­şa bilsəydilər, nələr eşitməzdik?!

    Onların içərisində əvvəlcə ilahiləşdirilib, sonra yandırılanı da, həbsə salınanı da, hətta birdəfəlik qadağan ediləni də olub.

    Qədim şumerlərdə dövlət ierarxiyasında musiqiçi və müğənnilər allahlardan və hökmdarlardan sonra üçüncü yeri tuturdular. “Allahların qəlbində ancaq gözəl səs və musiqi ilə rəhm oyatmaq olar”, – deyən şumerlər elə hesab edirdilər ki, adi in­sanlara nisbətən musiqi və müğən­nilər göylərə daha yaxındırlar.

    …İri nağaralarda çalmaq hüququ ancaq kahinlərə məxsus idi. İndinin özündə də Afrika qəbilələri var ki, onlar öz tam-tamlarına hər adamı yaxın buraxmırlar. Bu baraban tam-tamların şərəfinə hətta balaca koma-məbədlər də tikirlər.

    Qədim Misirdə cəng İzida və Osirisə həsr olunduğu üçün çox vaxt məbədləri, sarayları tərk etmirdi. Adi camaat nadir hallarda cəngin incə, ürəyəyatan səsini eşidə bilərdi. Ma­hir ney və cəng çalanların böyük imtiyazları vardı.

    Maraqlı bir faktı da göstərmək yerinə düşər. E.ə. XXIII əsrdə yaşamış fironlardan biri mə­zar piramidasının yanında sevimli musiqiçinin heykəlini qoymağı əmr etmişdi. Firon Userkaf bəşər tarixin­də ilk dəfə sənət adamının şərəfinə abidə ucaltmışdı. Nə az, nə çox, düz dörd min il bundan əvvəl!

    Qədim Ellada….

    Əsatirə görə, ilahə Afina bir gün yan tütəyi (fleyta) çalmaq istəyir, amma ovurdlarının çox şişməyini görüb əsəbiləşir və aləti yerə çırpır.

    Amma azadlığı hər şeydən üs­tün tutan ellin ilahə Afinanı nə qədər sevsə də, yan tütəyindən-fieytadan əl çəkmədi.

    Məğrur spartalılar, İskəndərin zəhmli falanqası, Afina şəhərinin hoplitləri döyüşə ancaq bu alətin müşayiətilə gedirdilər. E.ə. 300-cü illərdə yaşamış fleyta çalan Lamiya ifaçılıq məharəti ilə elə şöhrət qa­zanmışdı ki, xalq onun heykəlini qoymuş, hətta şərəfinə məbəd də tikmişdi!

    E.ə. 620-ci illərdə yaşamış, lira çalmaqda bütün Elladada tayı-bəra­bəri olmayan Orion vəfat edəndə xalq onun ölümünə inanmadı. Nə qədər poetik əsatirlər yaranmışdı! Hamı sidq-dillə inanırdı ki, Zevs öz eyş-işrət məclisini rövnəqləndirmək üçün Orionu lirası ilə birlikdə göylə­rə qaldırmışdır, indi astronomiyadan hamıya bəlli olan Orion, lira ulduz toplularının adları bu gözəl əsatirlər­lə bağlıdır.

    Hələ e.ə. V əsrdə yaşa­mış böyük Çin filosofu Konfutsi ya­zırdı: “Ölkənin mənəvi aləmini və necə idarə olunduğunu bilmək istə­yirsinizsə, onun musiqisinə qulaq asın”.

    Qədim Çində müğənni və musi­qiçilər əsrlər boyu xüsusi dövlət nəzarəti altında idilər. Xüsusi saray dəftərxanası mövcud musiqi tonları­nı, melodiyaları kanon şəklinə sala­raq ifaçılıq zamanı ən kiçik sapıntıya qarşı mübarizə aparırdı.

    Eramızın 364-cü ilində Çin im­peratoru alimlərin məsləhəti ilə, xal­qa döyüşkənlik, vətənpərvərlik hiss­lərinin aşılanması üçün insanlarda lirik hisslər oyada bilən, ahu-nalə ilə dolu olan həzin musiqinin qadağan edilməsi haqqında xüsusi fərman vermişdi.

    Qədim Hindistanda allahların neməti sayılan musiqi, demək olar ki, müqəddəslik zirvəsində dururdu. Qədim hindlilər musiqinin qüdrəti qarşısında elə sitayiş edirdilər ki, hətta bir sıra melodiya və havaları ifa etməkdən çəkinirdilər, inanırdılar ki, bəzi sehrli, əsrarəngiz mahnılar onları oxumağa cürət etmiş xanən­dəni yandırıb külə döndərə bilər.

    …Atəşpərəstliyin hakim olduğu ölkələrdə musiqiçilər kasta qanunla­rına görə, ictimai ierarxiyanın dördüncü pilləsində dururdular. Qə­ribə görünsə də, qeyd etmək lazım­dır ki, ən aşağı təbəqə sayılan zəh­mətkeş xalq kütləsi nəinki bəzi mu­siqi alətlərini çalmaq, hətta onlara qulaq asmaq hüququndan məhrum idi. Amma atəşpərəstlik dövründə musiqi mədəniyyəti, bəstəkarlar elə zirvələr fəth etmişdir ki, XX əsrin Av­ropa tədqiqatçıları bunları öyrənən­də çox vaxt öz kəşflərinə inana bil­mirlər. Qəribə haldır-şimallı-cənublu Azərbaycan mədəniyyətinin üstünə “Sasani sivilizasiyası və mədəniyyəti” möhü­rü vurulub. Bu məsələ­nin üzərinə qayıda­cağıq…

    Onu əlavə etmək is­tərdim ki, atəşpərəstlik dövründə iki xanəndə saxlamaq ölkəyə sahib­lik etməyə bərabər idi.

    …Xristian Avropa­nın XVIII əsrin sonun­dan etibarən musiqi mədəniyyəti sahəsin­dəki nailiyyətləri çoxu­nu təəccübləndirir.

    Onu da unutmaq la­zım deyil ki, Baxdan tutmuş Verdiyə qədər böyük bəstəkarlar ordu­sunu yetişdirmək üçün Avropa nə az, nə çox, min ildən artıq vaxt sərf etmişdi.

    Müsəlmanlar Piriney yarımada­sını tutub orada əzəmətli Kordova xilafəti yaratmaq üçün üçcə il zəh­mət çəkmişdilər, amma xristian Avropasının sayseçmə orduları zaman-zaman, çaylar qədər insan qanı axı­daraq düz yeddi yüz ilə müsəlman­ları ölüm-zülümlə Afrikaya sıxışdıra bilmişdi. Ecazkar memarlıq abidələ­ri, sonralar Avropa ədəbiyyatının in­kişaf etməsində mühüm rol oynamış poeziya, İbn-Rüşd (Averroes) fəlsə­fəsi, daha nələr, nələr…

    Çox az adam bilir ki, XVII əsrin əvvəllərində kübar salonlarda görün­məyə başlamış skripka, violonçel və kontrabas kimi alətlər Əndəlüs rüba­bının əsasında düzəldilmişdi. Avro­pa musiqisi Kordova xilafətinin mu­siqi xəzinəsindən 30 min musiqi qamması əxz etmişdi. (“Artist” jur­nalı, 1893-cü il, yanvar. № 26. səh. 126).

    Piriney yarımadasında neçə əsr ərzində müsəlman alimlərinin hər sahədə əldə etdikləri nailiyyətlər Av­ropa elmi və sivilizasiyasının sonra­kı inkişafı üçün möhkəm bünövrə ro­lunu oynadı. Əndəlüs-Kordova İslam poeziyasının, fəlsəfə və dəqiq elm­lərinin, dekorativ sənətinin Avropa­nın sonrakı inkişafında oynadığı rola cildlərlə tədqiqat əsərləri həsr olu­nub. insafən demək lazımdır ki, İslam musiqi mədəniyyətinin əhə­miyyətinə də layiqli qiymət vermiş alim və tədqiqatçıları da sayıb qur­tarmaq olmur. Amma bütün bunlar sonralar baş verəcək… İndi isə, ilkin dövrlərdə xristian dininin müsiqiyə münasibətinə nəzər salaq.

    Xristianlığın görkəmli ilahiyyatçı “alimlərindən” sayılan İohan Zlatoust (347-407), Qeysəriyyəli İeronim (330-420), Kiprian (IX əsr) və başqaları musiqi alətlərinin ümumiy­yətlə, məhv edilməsini tələb edirdilər. XII əsrdə yaşamış pravoslav kil­sə xadimi Kirili Turovski musiqi alət­lərini “iblis oyuncağı” adlandıraraq onlara əl vuranları cəhənnəmlə hə­dələyirdi.

    XVI əsrdə tərtib olunmuş, rus xalqının, hətta ailə-məişət münasibətlərini də “tənzim edən“ “Domost­roy” məcəlləsi musiqi alətlərində çalmağı ən mürtəd əməl kimi qiy­mətləndirirdi.

    Rus çarı Aleksey Mixayloviç 1636 və 1648-ci illərdə iki fərman vermişdi. Hər iki fərmana görə, ev­lərdə musiqi aləti saxlamaq qadağan olunurdu. Maraqlı burasıdır ki, bu dövrdə Rusiyada musiqi aləti deyilən elə bir şey də yox idi. İnək buynuzundan düzəldilmiş düdüklər, balaca tütək və gil fit…

    Vəssalam! İki məlum simli alətə gəldikdə isə, “əsl milli” alət sayılan qüsli varyaqlardan, balalayka isə ta­tarlardan əxz olunmuşdu. Qarmonun rus məişətində görünüb, özünə və­təndaşlıq hüququ qazanmasına isə iki əsrə qədər vaxt qalmışdı.

    Musiqi tarixi ilə, musiqi alətlə­ri ilə bağlı hadisələr, macəralar saysız-hesabsızdır. Onları yuxarı­dakı fraqmentlər şəklində nəql et­sək, bir kitab azlıq edər. Bəzi mət­ləbləri açana qədər istərdim xalqı­mıza məxsus olan bir neçə musiqi alətinin tarixindən söhbət açım.

    (Ardı var)

    Firuz Haşımov