“Bu vəzifəyə qətiyyətli adam lazımdır” – Polad Bülbüloğlu özü haqda

    6

    “İngiliscə bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışıram

    Hurriyyet.org xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri, UNESCO-nun baş katibi postuna namizəd Polad Bülbüloğlu deyib. O bildirib ki, bu, həm siyasi, həm də ideya və təkliflər mübarizəsidir: “Geosiyasət çox böyük önəm kəsb edir. Hələ qarşıda 5 ay var, hər şeyin necə cərəyan edəcəyini görəcəyik. Bütün hallarda qələbə üçün çalışacağıq. Bir də namizədlərin çıxış edəcəyi iclas olmayacaq. Lakin biz mayın 18-də Nəsiminin ildönümünü qeyd edəcəyik və mən orada da çıxış edəcəyəm”.

    P. Bülbüloğlu Parisdə ingilis dilində çıxış etməsi ilə bağlı tənqidlərə də toxunub və bildirib ki, ingiliscə bir çox mədəniyyət nazirlərindən daha yaxşı danışır: “Dil məsələsi mübahisəlidir. BMT-də olduğu kimi, UNESCO-da da 6 əsas dil keçərlidir. Bunlardan biri rus dilidir. Mən bu dili mükəmməl bilirəm. Orada tələb oldu ki, ingilis və ya rus dili olsun. Lakin mən bu tələbin nə dərəcədə qanuna uyğun olması barədə danışmayacağam. Bütün hallarda mən suallara cavab verdim. Mən bu dili ingilislər kimi bilmirəm. Qarşıda 5 ay var, hələ hazırlaşacağam. Bununla yanaşı, işin içinə düşəndə də dil açılır. UNESCO-nun hazırkı çətin dövrünü nəzərə alsaq, əsas məsələ insanın beynindəkilərdir, onun hansı ideyaları irəli sürməsidir. Bu gün bu quruma onun problemlərini həll edə biləcək qətiyyətli adam lazımdır. Hansı ki bu adam yeni ideyalar yanaşmalar və islahatlar təklif edə bilsin. Mənim krizis menecmenti sahəsində çox gözəl təcrübəm var. Mən Sovet İttifaqı dağılan dövrdə Azərbaycanın mədəniyyət naziri olmuşam. Bir neçə il maliyyə çatışmazlığı oldu. Lakin biz bir dənə də olsun muzey və ya teatr bağlamadıq, bütün infrastrukturu saxladıq”.

    Səfir Ermənistan tərəfinin onun namizədliyi ilə bağlı narahatlıqlarına və açıqlamalarına da münasibət bildirib. O deyib ki, erməni tərəfindən başqa hərəkət də gözləmək olmazdı: “Bakının mərkəzində bərpa olunmuş Ermənistan kilsəsi var. Orada erməni dilində 5 min kitab saxlanılır. Onların arasında heç Ermənistanda olmayan kitablar da var. Azərbaycan xristian dünyasına tarixi abidələrin bərpasında kömək edir. Bu, qonşularımızın dəfələrlə etdiyi növbəti təxribat hərəkətidir”./apa/