“İtə də toy edərlər? Gör, nə qədər harınlayıb” – HAFİZ HACIYEV

    9

    “Göranboy rayon İcra Hakimiyyətinin gözü kordursa, eynək taxsın, lazımdırsa, plyus, minusunu da təşkil edək”

    Dünən Goranboy rayonunda yaşayan tanınmış biznesmen Mustafayev Qalib Hidayət oğlunun Amon və İsida adlı cins itlərinə toy etməsi mətbuatda geniş müzakirə oldu.

    Bildirilir ki, toy məclisi Goranboy rayonunda həmin iş adamına məxsus “Qalib Group” MMC-nin zavodunun həyətində baş tutub. Məclisdə çoxlu qonaqlar olub.

    İş adamı əqli qüsurlu şəxsi də məclisə çağıraraq qonaqlarla birlikdə onu ələ salıb, itlərin şərəfinə sağlıq dedizdirib və onunla şit zarafatlar edərək əyləniblər.

    Saytlarda “toy məclisi”nin videosunun yayılmasından qəzəblənən biznesmen həmin vaxt dostları ilə bir araya gələrək yeyib-içdiyini, zarafatlaşdığını bildirib:

    “Biz 4-5 nəfər bir yerə toplaşıb, yemək yemişik, Buna haqqımız yoxdurmu? Zarafat etməyə haqqımız var. Hamı öz dostu ilə zarafat edir, deyib gülür də. Biz də öz aramızda zarafatlaşmışıq. Niyə insanların şəxsi həyatına müdaxilə edirlər? Mən 200-ə yaxın ailəyə çörək verirəm. Belə xəbərləri gözü götürməyən insanlar yayıb. İmicimə zərbə vurmaq istəyirlər. Məni gözdən salmağa çalışmasınlar. Hansı ağıllı itə toy edər?! Bu gülüncdür. Bizim itimiz, pişiyimiz, qoynumuz da var. Heyvanlar aləmini sevirik. Həmin it o boyda şirkəti qoruyur.

    Kimisə işdən çıxarmışıq, bizdən heyf almaq üçün bu videonu yayıb. Bizi tanıyan tanıyır. Camaat itinə kostyum geyindirir. Burada ayıb nə var ki?”.

    Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Hurriyyet.org-a bildirdi ki, itlərinə toy edən iş adamı mənəviyyatsız bir adamdır: “İnsanlar bu gün xalq arasında dövlətə inamsızlıq yaratmaqdan ötəri bu üsullara əl atırlar. İnsanların əksər hissəsi kasıbçılıqdan əziyyət çəkir, gənc oğlanlarımız, qızlarımız imkansızlıqdan evlənə bilmirlər. İnsanın pulu, varı-dövləti ola bilər, ancaq insan bu qədər harınlaşmaz, ağ etməz. Onu etməyə kişiliyi çatırsa, o rayonda 3-4  ailəyə yardım etsin, o qədər Göranboy rayonunda kasıb insan var. Ermənilərlə üzbə-üz yanaşı bir rayondur. Onun kişiliyi çatrsa, qeyrəti varsa, iki tank alsın, ermənin qarşısına çıxarsın. Yoxsa ki, itə toy etmək, orada xəstə adamla məzələnilməsi yolverilməz və tərbiyəsiz bir haldır”.

    “Bu məmurların himayədarlığından irəli gələn məsələdir”

    Hacıyev hesab edir ki, gərək Göranboy rayon hüquq mühafizə orqanları ciddi tədbir görsün: “Göranboy rayon İcra Hakimiyyətinin gözü kordursa, eynək taxsın, lazımdırsa, plyus, minusunu da təşkil edək. Baxsın ki, orada vəziyyət hansı formadadır. Ona görə ki, bu məmurların himayədarlığından irəli gələn məsələdir. Bu cür insanlara Azərbaycan cəmiyyətində yer olmamalıdır. İcimai qınağa tuş gəlməlidir və insanlar bilməlidir ki, gördükləri işlərə görə xalq qarşısında məsuliyyət daşıyırlar, məmurlar başa düşməlidir”.

    “Bu xalqla dövlət və dövlət başçısı arasında uçurum yaradan haldır”

    H.Hacıyev əlavə etdi ki, Göranboy rayon təşkilatı ilə əlaqə saxlayacaq, görsün, bu nə məsələdir: “Ondan sonra müəyyən yerlərə məlumat verib, onun qarşısını almalıyıq. Görək, bu cür dələduz insanlar hansı yolla pul qazanır. Bu xalqla dövlət və dövlət başçısı arasında uçurum yaradan haldır. Şəxsən mən Hafiz Hacıyev olaraq bu hadisəni çox pisləyirəm və buna qarşı öz kin və nifrətimi bildirirəm”.

    “İtə də toy edərlər? Gör, nə qədər harınlayıb”

    “O qələt edir deyir ki, zarafat etmək onun haqqıdır. O cür düşünürsə, o mənəviyyatsız, ağılsız bir adamdır, onun imkanı varsa, 5 kasıb ailəyə çorək versin. Yoxsa ki, kiminsə onu göz götürmür düşünmək ağılsızlıqdır. Deməli, sənin pulu var deyə, hansı formada oğurluq və yaxud doğruluqla pul qazanmısansa, gedib itə toy etməlisən? Azərbaycanda, müsəlman dünyasında buna yol yoxdur. Bizim dədə-baba qanunlarımız, el adətimiz var. İtə də toy edərlər? Gör, nə qədər harınlayıb, qudurubdur. O səviyyədə danışırsa, elə it ağıllı bir şeydir. Eləsinə Allah verdiyi çörəyi əlindən alacaq. Bu qədər kasıbçılıq olan bir zamanda ehtiyacı olanlar yardım etmək əvəzinə, itə toy edirəsən. Bu çox xoşagəlməz bir haldır. Mən bunu qətiyyətlə pisləyirəm”, – dedi partiya sədri.

    Kənan, Hurriyyet.org