“Biz də bu mərhələyə gəlib çatmalıyıq” – KEÇMİŞ NAZİR

    6

    Fikrət Yusifov: “İnkişaf etmiş ölkələrdə nağd hesablaşmalardan çox nadir hallarda istifadə olunur”

    Maliyyə bazarlarına Nəzarət Palatası ölkədə “Nağdsız hesablaşmalar haqqında qanun”a uyğun olaraq nağd vəsaitlərin hərəkətinə müəyyən məhdudiyyətlər qoydu. Bu sahədə nəzarətin gücləndirilməsi vacibdir və ümumiyyətlə nağdsız hesablaşmalara keçidlə bağlı atılan addımlar təqdirəlayiqdir”.

    Hurriyyet.org xəbər verir ki, bu barədə  keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.

    “Son illərdə ölkəmizdə bu istiqamətdə az iş görülməyib”

    “İnkişaf etmiş ölkələrdə nağd hesablaşmalardan demək olar ki, çox nadir hallarda istifadə olunur. Heç şübhəsiz, biz də bu mərhələyə gəlib çatmalıyıq. Son illərdə ölkəmizdə bu istiqamətdə az iş görülməyib. Bu gün əksər müəssisələrimiz hesablaşmaları nağdsız qaydada aparırlar. Ancaq yaxın illərə qədər bu belə deyildi. Müəssisələrin çoxu ödənişlərinin bir qismini nağd şəkildə həyata keçirirdilər”, – deyib keçmiş nazir.

    “Layihələr kifayət qədər süzgəcdən keçdikdən sonra maliyyələşdirilir”

    F.Yusifov sual edir ki, bəs, bu gün ölkədə nağdsız hesablaşmalar yolu ilə fəaliyyət etməyə bütün təsərrüfat subyektləri hazırdırmı: “Söhbət ilk növbədə QHT-lərdən və onların dövlət dəstəyi ilə maliyyələşən layihələrindən gedir. QHT-lərin dövlət dəstəyi ilə maliyyələşən layihələrində bir incəlik var ki, bunu diqqətdən qaçırmaq olmaz. QHT-yə büdcədən ayrılan vəsait bir müəssisənin öz işçisinə və hüquqi şəxsin fiziki şəxsə köçürtdüyü pul vəsaiti deyil, bu dövlətin dəstəyi ilə onların yerinə yetirdiyi layihələrə ayrılan maliyyə vəsaitidir. Həmin layihələr isə kifayət qədər süzgəcdən keçdikdən sonra maliyyələşdirilir. Burada vəsaitlərin başqa məqsədə istifadəsi sadəcə mümkün deyil”.

    Şamo, Hurriyyet.org