ƏSRLƏRİN MUSİQİ ƏSRARI

    12

    Azərbaycanın qədim simli alətinin əsasında yaradılmış musiqi əsərləri Avropanın klassik musiqi sənətinin bünövrəsini qoy­muşdur

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/26095-srlrin-musiqi-srari.html)           

    Bərbət-ud

    Bir daha Bərbətin-udun tarixini vərəqləyək. Qədim Friqiyada Midiyadan əxz olunmuş ’’Barbit” adlı simli bir alətdən istifadə olunması haqqında əlimizdə məlumat var. Eradan əvvəl V əsrdə alət Yuna­nıstana keçir. Qədim yunanların da bu simli alətə Barbit, Barbitos, hərdən də Barbitin demələri mə­xəzlərdə göstərilib.

    X əsrə aid olan ’’Məfatih əl-ülum” adlı ensiklopedik əsərdə udun pəhləvi dilində Bərbət olduğu göstərilib.

    Rudəkinin əsərlərində də bər­bət kəlməsinə rast gəlirik. Bütün ”Şahnamə”də bircə dəfə də olsun, ”ud” sözü yad olunmur.

    Sasanilər dövrü mədəniyyəti­nin formalaşması və inkişafında xalqımızın rolunu inkar etməyə ça­lışan millətçi fars tarixçiləri nəinki digər musiqi alətlərinin, yuxarıdakı mənbələrə əsaslanaraq, hətta bər­bətin-udun da farslara məxsus ol­duğunu sübut etməyə çalışırlar. Maraqlı burasıdır ki, nə aramey, nə də pəhləvi dilində ’’bərbət”, ’’barbit” sözləri yoxdur. Bu söz qədim Midiya dilindədir və yüzlərlə başqa kəlmə kimi sonralar pəhləvi dilinə, digər xalqların da dillərinə keçmiş­dir. (Keçmiş SSRİ-nin ərazisində yaşayan xalqların dillərində mənşə etibarilə Midiya dilinə bağlı olan onlarca söz işlədilir. Məsələn, ’’neft” sözünün qədim midiyalılar­dan qaldığını deyəndə, kim təəc­cüblənməz?).

    Adi bir musiqi alətinin keçmiş olduğu yola baxın!

    Midiya, Friqiya, Yunanıstan, Hicaz, Suriya, Şimali Afrika, İspa­niya, Avropa… nəhayət, yenə də Azərbaycan, Ərəblərdən ’’Əl-ud” adı altında Avropaya keçmiş qə­dim musiqi alətimizə ’’lütnya” adı verilmişdir.

    İlk intibah dövründən başlamış son klassisizm dövrünə qədər Av­ropa ölkələrində çəkilmiş yüzlərlə, bəlkə də minlərlə rəsm əsərlərində ”bərbətin-udun” təsvirinə rast gəli­rik. Dörd əsrdən çox bir müddətdə Avropanın musiqi həyatında müs­təsna rol oynamış bərbət-ud üçün külli miqdarda əsərlər bəstələn­mişdir. Azərbaycanın bu qədim simli alətinin əsasında yaradılmış musiqi əsərləri Avropanın klassik musiqi sənətinin bünövrəsini qoy­muşdur.

    …Minilliklər, qərinələr arxasın­dan həzin, ecazkar bir melodiya eşidilir. Bərbətin-udun səsi gəlir. Bir azdan cənglər, tənbur- lar ona qoşulurlar. Dütardan tutmuş gitaraya qədər bütün tar dəstəsi, sarəngdən başlamış dilrubaya ki­mi digər simli alətlər səs- səsə verirlər.

    Bu minor aləmdə şahnayların fəryadı qalxanda nəfirlər sanki bu qüssə do­lu səsləri kəsmək cəhdi ilə hayqırırlar. Təbillər, dəb­dəbələr onların bu cəhdini estafet kimi alaraq yeni­dən simli alətlərə verirlər.

    Musiqi tariximizin şərəfli keçmişindən bəhs edən füsunkar bir simfoniya da­lğa-dalğa yüksəlir.

    – Belə rəvayət edirlər ki, günlərin bir günü şahənşah-humayun Xosrov Pərviz Novruz bayramı təntənələrində iş­tirak etmiş qonaqlar, əyan-əşrəf və ərkani-hərblə görüşməli olur. Şə­hərin nəhəng meydanında nizamla düzülmüş ordu, libasları ləl-cəvahiratla bəzədilmiş kübarlar, atəşpə­rəst kahinlər hökmdarı gözləyirlər. Bir azdan saray əhlinin müşayiəti ilə eyvani-kəyanın pillələrindən düşən hökmdarın qarşısına sevim­li atını gətirirlər. Bu, ulu Nizaminin altı yüz il keçəndən sonra vəsf et­diyi məşhur Şəbdizdir! Dahinin qə­ləmi ilə təriflənmiş at necə olar?!

    Xosrov iki dəfə yəhərə qalx­mağa cəhd etdi, amma bacarmadı. Meydanı sükut bürüdü. At civə kimi yerində oynayır, sanki uçmağa hazırlaşırdı. Axır ki, hökmdar güc-bəla ilə yəhərə qalxdı və həyəcanla əlni başındakı taca qaldırdı. Qaydaya görə, dövlət nişanı taca əl vurulanda mütləq vacib, fövqəla­də bir xəbər deyilməli idi. Xosrov üzünü saray əhlinə tutaraq qışqır­dı:

    Sasani tacına and içirəm! Be­lə gözəl bir atın ölüm xəbərini kim mənə gətirmiş olsa, başını verə­cək!

    Bəli, bu gündən mehtərlər, nökər-naib iş-güclərini buraxıb Şəbdizə qulluq etməyə başladı. Elə bil şahənşahın saysız-hesab­sız ilxıları yox idi. Lakin bir gün nə cür oldusa, qəfildən Şəbdiz öldü. Qorxudan heç kim atın ölüm xəbə­rini şaha yetirmək istəmirdi. Hamı çaşıb qalmışdı. Şirin bu işi öz öhdəsinə götürmək istədisə, baş vəzir etiraz etdi:

    Ülyahəzrət, Sasani tacına and içilib! Şəbdizin ölüm xəbərini şaha yetirsəniz, məhəbbət də sizi xilas etməz.

    Şirin təkid etmədi. Nəhayət, Barbəd dilləndi:

    -Mən axşam atın ölümünü şa­hənşaha deyərəm. Hamını dəhşət bürüdü. Məmləkətin fəxri olan bəs­təkar könüllü ölümə gedirdi. Ax­şam sarayda ziyafət idi. Neçə cür ayin yerinə yetiriləndən sonra hökmdar süfrəsinə gətirilən təamlar da musiqi ilə müşayiət olunur­du. Atəşpərəstliyin pozulmaz qa­nunları var idi. Hökmdar süfrəsinə gətirilən hər təam mürəkkəb ayin­lərin ifasından sonra hazırlanıb, xüsusi mərasim qayda-qanunları ilə ortaya gətirilirdi.

    (İllər keçəcək, səltənət süqut edəcək, əsrlər boyu dünyaya mey­dan oxumuş dövlət ən eybəcər sə­bəblər üzündən məhv olanda son Sasani hökmdarı III Yəzdikürd Mürqab çayı üstündəki dəyirman­da üzüntü, əzab və aclıqdan ölə­cək. Bəli, unun, buğdanın, çörəyin olduğu yerdə də insan acından ölə bilər. Çünki atəşpərəstlərin son şa­hənşahı dini qanun və ayinləri ye­rinə yetirmədən çörək yeyə bil­məzdi. Bu zaman isə onun yanın­da nə bir kahin olub, nə də ayini həyata keçirmək üçün ləvazimat. Atəşpərəstlərin şahənşahı müqəd­dəs bildiyi dininin qanunlarını pozmaqdansa, ölməyi üstün tutmuş­du).

    ““

    Süfrə yığışdırılandan sonra Xosrov Pərviz ölkənin ən yaxşı sazəndə və xanəndələrinə qulaq asa-asa saray əleyhinə müəyyən dövlət işləri ilə bağlı suallar verər, sevimli köhlənlərinin, eyni zamanda Şəbdizin halını da soruşardı. Bu gün isə Barbəd çalıb oxumalı idi. Şahənşahın “Bu gecə üçün tə­zə nə bəstələmisən” sualına sə­nətkar “Hökmdar, lütfən qulaq asm” deyə dörd telli udu səsləndi­rir. Mahir sənətkarın əllərində mu­siqi aləti nələrə qadir deyil? Səriş­təli sazəndələr illərlə məşq etmiş kimi müvafiq məqamda ustadın solo-çalğısına fon yaradırlar. Göz qabağında yeni musiqi əsəri ərsə­yə gəlir, hamı sehrlənmiş kimi qu­laq kəsilir. Musiqini çox gözəl bilən Xosrov Pərvizin halının təğyir tap­ması heç kimin gözündən qaçmır. Barbəd isə öz aləmindədir, o, din­ləyiciləri bircə anlıq da musiqinin sehrindən çıxmağa qoymur. Nəha­yət, son akkordlar da səslənir və salon sükuta qərq olur. Hamının nəzəri şahənşaha dikilir, görəsən, bu günə ilk dəfə səslənmiş bu me­lodiya üçün o, nə deyəcək?

    Xosrov Pərviz başını qaldırıb ağır-ağır dilənir:

    – Yoxsa sevimli Şəbdizimin ba­şına bir bəla gəlib? Bəlkə ölüb?

    Barbəd yerindən qalxaraq ehti­ramla cavab verir:

    – Şahım, bunu özünüz dedi­niz.

    – Onda mənim boynum vurul­malıdır? Afərin, Barbəd, de görüm, bu təzə havanı necə adlandırmı- san?

    – Şahım, əgər musiqimlə se­vimli atınızın nəinki məziyyətlərini, hətta ölümünü də əyan etmişəm­sə, icazənizlə bu havanı ”Rahi- Şəhdiz” adlandırım.

    Qərinələr ötəcək. “Rahi-Səbir” adlanan əsər nəsildən nəsilə Mani xətti ilə veriləcək və sonra da unudulacaq. Eşitdiyimə görə, Nardaranın bəzi qocaman muğam biliciləri bu havanı vaxtilə tamam-kamal bilirlərmiş.

     (Ardı var)

    Firuz HAŞIMOV