Azərbaycanlı alimlər çox yaşamağın əsas səbəbini tapıblar

    6

    Kimlər gəldi, kimlər getdi

    Bu dünyadan bu dünyadan

    Arif olan nakam getməz

    Bu dünyadan, bu dünyadan…

    Özü bu dünyadan 59 yaşında getsə də, şair-dramaturq Zeynal Cabbarzadənin bu misraları onun mənəvi yaşının çoxluğundan xəbər verir.

    Ömrü yazan Yaradandır, yoxsa 100 il yaşamaq insandan asılıdır

    Amma azərbaycanlı alimlər insanın bioloji yaşını tədqiq edərək, uzunömürlülüyün səbəblərindən birini tapıblar.

    Sən demə, “hər kəs 100 il yaşamasa, günah onun özündədir” deyimi, heç də həmişə doğru olmurmuş. Azərbaycanlı alimlərin tədqiqatı, daha çox “Ömrü yazan Allahdır” deyimini doğruldur.  

    Qocalmanın genetik və fizioloji əsasları, yaxud alimlərin qəliz dili…

    AMEA Fiziologiya İnstitutu 3 problem – “Qocalmanın molekulyar-genetik və fizioloji əsasları”, “Mühit faktorlarının canlı orqanizmə təsirinin fizioloji mexanizmləri və korreksiya yolları” və “Beynin inteqrativ fəaliyyətinin neyrofizioloji və molekulyar əsasları” – ətrafında tədqiqat işi aparıb.

    99 elm adamının tədqiqat işiylə bağlı 8 mühüm nəticə alınıb, onlardan 3-ü Biologiya və tibb elmləri bölməsi üzrə AMEA-nın mühüm nəticələri sırasına salınıb.

    Fiziologiya İnstitutunun İctimaiyyətlə əlaqə üzrə məsul əməkdaşı Ülviyyə İsrafilovanın “Hürriyyət” qəzetinə verdiyi məlumata görə, uzunömürlülərdə sakitlik vəziyyətində baş beyinin bioelektrik aktivliyinin tədqiqi, beyin qabığının funksional fəallığının aşağı səviyyədə olmasını göstərib. Bu fakt beynin qeyri-spesifik sistemlərinin yüksələn sinxronlaşdırıcı təsirlərinin üstünlük təşkil etməsi ilə bağlıdır və aktiv fəaliyyətə hazırlıq vəziyyətində qoruyucu tormozlanma mexanizmlərinin güclənməsini əks etdirir: “Uzunömürlülərin yaxın qohumlarında (45-60 yaş) qabıq nahiyələrinin elektrik aktivliyinin struktur təşkilində @-ritmin oral fokusu müşahidə edilib”.

    Ülviyyə İsrafilovanın elmi izahı qəliz olduğuna və bu yeniliyin oxucularımız üçün anlaşılan olmasına görə “Uzunömürlülüyün fiziologiyası” laboratoriyasının əməkdaşı,  biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova ilə söhbət etdik.

    Beyində ömür uzadan ritm var

    ““Sevinc Hüseynova dedi ki, hələ sovetlər dönəmində Qafqaz xalqları arasında ən uzunömürlü insanlar Azərbaycanda olub və bu fakt indi də mövcuddur. Uzuznömürlülüyün isə genetik, coğrafi məkan, ətraf mühit, ekoloji amillərlə bağlılığı var. Bir amil isə beyinin xüsusiyyətindən asılıdır.

    Azərbaycanlı fizioloq alimlərin də uzunömürlüklə bağlı tədqiq etdiyi məhz bu xüsusiyyətin, beyindəki  alfa-ritmlərin vəziyyətini öyrənməklə bağlı olub

    Uzunömürlülərin beynində alfa ritm, zəkalıların beynində betta ritm çox vurur

    Fizioloqun sözlərinə görə, bir növ beyinin istirahət guşəsi olan  @-ritmin tezliyi hansı insanda çoxdursa, onun beynində gərgin oyanma yox, əksinə, sakitlik müşahidə edilir, tormozlanma və oyanma qabiliyyəti tarazlıqda olur. Uzunömürlü olmayanların isə beyinində daim oyanıqlıq, gərginlik, davranışında əsəbilik, stress müşahidə olunur. “Beyindəki ritmlərin hərəsinin bir funksionallığı var. Ritmlər beyinin elektrofizioloji durumudur. Məsələn, betta ritm beyində yaddaşın, düşüncənin güclü olmasının göstəricisidir. Alfa ritm də beyinin rahatlıq ritmidir.

    Alfa ritm ən çox uşaqlarda güclü olur, bir də qocalarda. Çünki uşaqlarda düşünmə qabiliyyəti, gərginlik güclü olmadığına görə, alfa ritmi üstünlük təşkil eləyir. Uşaq beyninə  @-ritm vacib lazımdır ki, beyin tez-tez dincəlsin. Yaradan da elə tənzimləyir ki, uşaq və qocalıq dövründə bu ritm intensivləşir. Məsələn, 50-60 yaşa qədər adamlarda betta ritm güclü olur. Amma yaşlılarda alfa ritm betta ritmi üstələyir. Müxtəlif yaş dövründə beyində müxtəlif funksional dəyişiklik gedir. Əgər 60 yaşdan sonra beyində bu rahatlıq ritmi intensivləşirsə, bu yaxşı göstəricidir. Uzunömürlülərdə isə bu ritm daha güclü olur”.

    Azərbaycanda çox yaşayanlar niyə dünyadakılardan fərqlənir?  

    Fizioloq dedi ki, dünyanın az ölkəsində uzunömürlülər yaşayır. Keçmiş postsovet məkanında da Azərbaycan uzunömürlülük indeksinə görə fərqlənir. Bu fərqə görə də Azərbaycanda uzunömürlülük amilinin tədqiqi dünya üçün maraqlıdır: “Amma bu sahədə tədqiqat çox az aparılıb. Uzunömürlülər ən çox Yaponiyadadır. Çox yaşayanlar Avropanın Skandinaviya ölkələrində də var. Amma onların uzunömürlüləriylə bizimkilər fərqlənir. Onlar arasında alstqeymerlər çoxdur, amma bizimkilər aktivdirlər, əksəriyyəti yatağa bağlı deyil. Çox maraqlıdır ki, biz uzunömürlülərimiz arasında apardığımız tədqiqatda bir dənə də olsun  alstqeymer xəstəsinə rast gəlməmişik. Yaş kateqoriyasına görə, demək olar ki, hamısının hafizəsi normaldır.  Bu da onun göstəricisidir ki, bizim uzunömürlülərimizin beyni bu yaşa sağlam vəziyyətdə gəlib çıxıb. Hətta biz Lənkəranda 100 yaşında qadının beynini tədqiq eləmişdik, gördük ki, funksional vəziyyəti çox normaldır. Beyin ritmlərinin müəyyən tezlikləri var ki, bu müəyyən yaş üçün normadır. Alfa ritmin çox yaşayanlarda normada olması uzunömürlülüyün səbəblərindən 40 faizini təşkil eləyir. Bizim yaşlılarda xüsusən alfa ritm çox yüksək dalğalarda olur. Beyinlərində oyanma, gərginlik, qıcıq yoxdur. Ümumiyyətlə, uzunömürlülər çox sakit, həlim adam olurlar. Onlar arasında aqressiv adama çox az rast gəlirsən”.

    Beyinin ənsəsində yerləşir…

    Alimin sözlərinə görə, alfa ritmin tezliyinin çoxluğu bir növ uzunömürlülərin beyin ritminin göstəricisidir: “Yəni beyində nə qədər oyanma prosesi olarsa, ona adekvat olaraq, o qədər də tormozlanma prosesi gedir.  Uzunömürlü olmayanlarda beyin həmişə oyanıqlı vəziyyətdə olur”.

    Görünür bu səbəbdəndir ki, uşaqlar və yaşlı adamlar yatmağa çox meyilli olurlar.

    Sevinc Hüseynova dedi ki, bəli, alfa ritm beyinə tormozlayıcı təsir göstərir: “Alfa ritm beyin qabığının ənsə payında yerləşir”.

    Orqanizmi idarə edən baş sağlam olmayanda digər orqanlar başsız qalır 

    Alim onu da vurğuladı ki, beyin nə qədər rahatlıqda, istirahətdə olursa, o qədər sağlam vəziyyətdə olur və ona görə də digər orqanların da sağlamlığında əsas rol oynayan başın sağlamlığıdır: “Baş orqanızmi idarə edən orqandır.  Əgər beyin normal  fəaliyyət göstərirsə, bu o deməkdir ki, beyinlə orqanizmin digər orqanları arasında əlaqələr kəsilməyib, yəni beyin aşağı vegetativ orqanlara tam nəzarət eləyə bilir.

    Qocalma prosesi əslində o vaxt  başlayır ki, beyinin orqanlara nəzarəti zəifləyir. Yəni orqanlar başsız qalır, tənzimləmə prosesində pozuntular əmələ gəlir. Amma uzunömürlülərdə belə deyil. Mən uzunömürlülərdə ürək fəaliyyətinin elektrofizioloji vəziyyətini öyrənmişəm. Onların çoxunun ürəyi normal  qocalmaya uyğun fəaliyyət göstərir”.

    “Uzunömürlülər bizim üçün modeldir”

    ““Fizioloq alim hesab eləyir ki, uzunömürlülərin tədqiqatında məqsəd heç də təkcə alfa ritmlərin üstünlük təşkil etməsini öyrənmək deyil: “Biz onsuz da qocalmanın mexanizmlərini öyrənirik. Ona görə də uzunömürlülər bizim üçün modeldir. Yəni orqanizm onsuz da qocalır, hansı mexanizmlərdən istifadə eləmək olar ki, orqanizmdə patoloji xəstəliklərlə qocalma olmasın. Qocalma tam normal, fizioloji olsun. Ona görə də biz uzunömürlülərin qidalanmasını, ürək, beyin fəaliyyətini, hərəkətliliyiyini öyrənirik”.

    Uzunömürlülük Alahın insana lütfüdür

    Sevinc Hüseynovanın sözlərinə görə, konkret elə bir mexanizm mümkün deyil ki, onu tətbiq edib, insanın çox yaşamasına nail olasan: “Mən hesab edirəm ki, uzunömürlülük Alahın insana lütfüdür. Birinə gözəl səs, birinə gözəl qamət, birinə iti zəka bəxş edir. Uzunömürlülərə də sağlam qocalma lütf eləyir. Tədqiqatlarımızda ona da rast gəldik ki, uzunömürlülərin nəslində xeyirxahlar, əməli-salehlər, imanlılar üstünlük təşkil eləyir. Sanki Yaradan da bu cür insanların çox yaşamasını istəyir”.

    S.Hüseynovanın fikrincə, uzunömürlülüyü tədqiq eləyəndə ekoloji faktorun, yaxud genetik amilin öndə olmasını demək çətindir: “Bu ona bənzəyir: Toyuq əvvəl əmələ gəlib, yoxsa yumurta?  Əgər genetikada uzunömürlülük varsa, ekoloji mühit də münbitdirsə, bu amil özünü tam təsdiq eləyəcək. Kiminsə nəslində bu amil varsa, gəlib ekoloji çirklənməyə məruz qalan meqapolis şəhərdə yaşayırsa, onun sonrakı nəslində uzunömürlülük amilininin üzə çıxması böyük sual altında olur. Çünki ekoloji faktorlar ona imkan verməz ki,  Allahın ona verdiyi ömrü yaşasın, təbii qocalsın. Udduğu havanın, içdiyi suyun tərkibi çirklidirsə, o, necə çox yaşaya bilər? Dağda yaşayan insanın içdiyi suyla bizim içdiyimiz suyun tərkibi eyni deyil axı… Ona görə də beyinin alfa ritminin intensivliyilə ekoloji faktorlar üst-üstə düşsə, uzunömürlülük faktoru daha qabarıq özünü büruzə verəcək”.

    Fizioloq sonda onu da bildirdi ki,  Fiziologiya İnstitutunda “Təbii mənşəli heroprotektorların farmakologiyası” laboratoriyasında aparılan  tədqiqatda isə ömrü uzadan maddələr tədqiq olunur: “Ömrü uzadan maddələr var. Məsələn, zəfəran ekstraktı tədqiq olunur. Zəfəran antioksidantdır. Bu ekstrakt orqanizmdə gedən patoloji prosesin qarşısını alır”.

    Sevil HİLALQIZI, Hurriyyet.org