Misir Əbilovun komandası Mingəçevirdə qoçuluq edib

    6

    Aprelin 21-də Mingəçevirdə baş tutan qarşılaşmada nələrin yaşandığına aydınlıq gətirmək üçün oyunun hakim-inspektoru Qabil Nərimanovu aradıq. Qabil bəy insidentə “Bakılı”nın futbolçularının səbəbkar olduğunu bildirdi: “Həmin an qonaq komandanın futbolçuları hakimə təzyiq edir, əlini cibinə salıb vərəqə çıxarmasına belə imkan vermirdilər. “Bakılı”nın futbolçuları özlərini meydanda çox pis apardılar. Hətta deyərdim ki, tərbiyəsizlik etdilər. Adi oyun vəziyyətində qayda pozuntusu oldu. Həmin vaxt qonaq komandanın qapıçısı təxminən 60-70 metr qaçıb hakimlə mübahisə etməyə başladı. Ravil Məmmədov futbolçuya yaraşmayan hərəkətlərə yol verdi. Başa düşmürəm, bunlar futbolçudu, yoxsa “razborşik”. Ümumiyyətlə, “Bakılı”nın oyunçuları çox aqressiv idi. “Energetik”in də “çərçivə qoruyucusu”, həm də kapitanı Elçin Qasımov da meydandan qovuldu. O da özünü kapitana yaraşan formada aparmadı. Bu iki futbolçunun yaratdığı dava-dalaşa o birilərinin də qoşulduğunu görüncə baş hakim Qorxmaz Eldarovla qərara gəldik ki, belə şərtlər altında matçı davam etdirmək daha ağır fəsadlara yol aça bilər. Bilmək olmazdı, həmin an oyun davam etdirilsəydi, nələr olardı. Çünki artıq əsəblər tarıma çəkilmişdi, futbolçular bir-birinə qəzəbli idi. Eldarov görüşü yarımçıq saxlamaq haqda qərarı təkbaşına verməyib. Bu məsələdə mənim də fikrimi nəzərə aldı. Baş hakimin cəzalanmasına gəlincə, İntizam Komitəsi artıq qərar qəbul edib və bundan sonra mənim nəsə deməyim artıqdı. Yəqin ki, komitə üzvləri belə məsləhət bilib”. /football-plus.az/
    RƏŞAD