“Referendumun nəticələri Türkiyəyə qarşı olan gücləri qane etməyib” – POLİTOLOQ

    9

    “Türkiyəni cəzalandırmaq üçün bu cür siyasi qərar verilib”

    AŞPA-nın dünənki sessiyasında “Türkiyədə demokratik təsisatların” fəaliyyəti adlı sənəd layihəsi müzakirə edilib və qardaş ölkənin qurumun monitorinqi altına almaq haqda olduqca ədalətsiz bir qərar çıxarılıb. Çünki bu monitorinq 2004-cü ildə bitib.
    Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Şurası Parlament Assambleyasının Türkiyənin monitorinq altına qaytarılması barədə qərarını tənqid edib.

    Ərdoğan bununla bağlı yazılı açıqlama yayıb. Açıqlamada qərarın siyasi olduğu bildirilib: “Türkiyə ilə bağlı qəbul edilən qərar tamamilə siyasidir. Bu qərarı tanımırıq, istədikləri qədər qərar qəbul etsinlər”.

    “Avropa Şurasının bu qərarı Türkiyədə keçirilən referendumun nəticələri ilə bağlıdır”

    Politoloq Natiq Miri Hurriyyet.org-a bildirdi ki, Avropa Şurasının bu qərarı tamamilə siyasi bir qərardır: “Bu, Türkiyədə keçirilən referendumun nəticələri ilə bağlıdır. Hiss olunur ki, referendumun nəticələri Türkiyəyə qarşı olan gücləri qətiyyən qane etməyib. Buna görə, Türkiyəni cəzalandırmaq və  Avropanın monitorinq nəzarəti altında tutmaq üçün bu cür siyasi qərar verilib. Hansı ki, Türkiyə artıq illərdir ki, monitorinq mərhələsini adlayıb”.

    “Bu cür addımlar Avropa Birliyi ilə Türkiyə arasında münasibətlərə çox ciddi xələl gətirir”

    Mirinin fikrincə, yenidən Türkiyəni montorinq mərhələsinə qaytarmaq və Avropanın nəzarətində saxlamaq istəyi Türkiyə Avropa Birliyi arasında çox böyük gərginlik yaşadacaq: “Düşünmürəm ki, elə bir monitorinq qrupunun Türkiyəyə gəlməsinə Türkiyə rəhbərliyi razı olacaq. Türkiyə rəhbərliyi buna razı qətiyyən olmayacaq və bu nümuyəndələr Türkiyəyə buraxılmayacaq. Çünki bu yöndə həm Türkiyənin siyasi qüvvələri, o cümlədən Milliyyətçi Hərəkat Partiyası bəyan etdi ki, Avropa Şurasının bu qərarı Türkiyə üçün yox hökmündədir. İkincisi, Türkiyə Xarici İşlər Naizirliyi və Türkiyənin prezidenti Ərdoğan da belə bir qərarı tanımadıqlarını bəyan etdi. Bu da o deməkdir ki, bu qərarın qəbul olunmasına rəğmən, bunun icraatı mümkün olmayacaq. Sadəcə olaraq Avropa Birliyi bəzi qüvvələrin geosiyasi maraqları kontekstində addım atmalıdır. Bu cür addımlar təbii ki, Avropa Birliyi ilə Türkiyə arasında münasibətlərə çox ciddi xələl gətirir”.

    “Avropa Şurasının bu qərarı “öz ayağına atəş açmaq” kimi qəbul olunmalıdır”

    Politoloq hesab edir ki, proses bu cür davam edərsə, Türkiyə gələcəkdə Avropa Birliyinə üzv olub- olmamaqla bağlı referendum keçirmək məcburiyyətində qalacaq: “Böyük Britaniyanın Avrapa Birliyindən çıxması kimi, Türkiyənin də belə referendum keçirməsi Avropa Birliyinin özündə mərkəzdən qaçma prosesini gücləndirə bilər. Əslində, Avropa Şurasının bu qərarı öz ayağına atəş açmaq kimi qəbul olunmalıdır. Artıq Avropa Birliyində Türkiyə əleyhinə olan qüvvələr o qədər güclənib ki, Avropa rəhbərliyi hətta elmentar bəzi geosiyasi reallıqları hesablaya bilmir. Son qəbul olunan qərarı da Avropa adına çox yanlış bir qərar hesab edirəm”.

    Şamo Emin, Hurriyyet.org