AVROPA NƏ İSTƏYİR?

    9

    Şərqi Avropalaşdırmaq yolu düzgün deyil

    Bütün ölkələrdə haqq, ədalət öz yerində olsa, xalqlar inkişaf yolunda olsa, Avropanın ölkələrə müdaxiləsinə, öz talançılıq siyasıtini yerinə yetirməsinə hansı bəhanəsi olar?

    Avropanın xalqlara Avropa demokratiyası, insan haqları bəxş etmək vədinə heç zaman inamım olmayıb. Avropanın başqa ölkələrin varına, dövlətinə, maddi və mənəvi sərvətlərinə göz dikdiyini, talan etmək hərisliyini görmüşəm. “Demokratiya”, “İnsan haqları” deyimləri başqa ölkələri talan etmək üçün müdaxilə bəhanəsidir. Bütün ölkələrdə haqq, ədalət öz yerində olsa, xalqlar inkişaf yolunda olsa, Avropanın ölkələrə müdaxiləsinə, öz talançılıq siyasıtini yerinə yetirməsinə hansı bəhanəsi olar?

    Bizdə bir çoxları zaman-zaman Avropadan demokratiya, insan haqları payı umublar və özü də bu payı indinin özündə də səbrsizliklə gözləyənlər var. Bir qism siyasətçilər öz çıxışlarında, müsahibə və yazılarında Avropaya xoş gəlmək üçün hər sözbaşı “demokratiya”, “insan haqları” deyimlərindən dönə-dönə, yana-yana söz açırlar və ya açmaqdadırlar. Hər dəfə bicbala avropalılar gül ağızlarını açıb söz deyəndə, “özümüzü yaxşı aparsaq” bu gün-sabah bizim də “demokratiya”, “insan haqları” payımızın təptəzə təyyarələrlə gətirilib özümüzə çatdırılacağını göz önünə gətirib, xoş xəyallara dalanlar olub. Mən isə həmişə demişəm (mətbuatda da qalır): avropalılara ölkələrin sərvətləri lazımdır, ölkələrin haqq-ədalət içində yaşaması yox! Onlar bu sərvətləri ələ keçirmək üçün bəs ölkələri, xalqları tora başqa nə adla, necə sala bilərdilər? Təbii, “sizdə demokratiya yoxdur”, “sizdə insan haqları pozulur” deyərək ölkələri şantaj etməli, oraya müdaxilə etmək bəhanəsinə malik olmalı idilər.

    Müdaxilə ediləcək ölkələrdə demokratiyanın olmaması, insan haqlarının pozulması, hərc-mərcliyin baş alıb getməsi bicbala avropalıların başlıca bəhanələridir. Azərbaycan isə maddi və mənəvi sərvətləri bol olan ölkə, həm də müsəlman ölkəsi olduğundan, onlar üçün “yağlı tikə”dir. İşğal olunmuş torpaqlarımızın işğaldan azad olunmasına, qaçqın və köçkünlərimizin öz yurdlarına qayıtmasına əngəl törədən Avropa gəlib bizlərə demokratiya dərsi keçir. Biz torpaqlarımızın azad olunmasını istəyirik, onlarsa ölkəmizi viran qoyub onun sərvətlərinə yiyə çıxmağı. Belə deyilmi? “Keçi can hayında, qəssab piy axtarır”.

    Onların bizə demokratiya, insan haqları gətirəcəyinə ümid bəslənilməsi ağıllılıq göstəricisi sayıla bilməz. Əzrayıla yaxşı deyiblər: “Mənim balama dəymə, sənin verdiyin bala mənə lazım deyil”. Biz bicbalalara deyirik: “Bizim olanlarımıza dəymə, sənin verdiyin bizə gərək deyil”. 

    Mən bunları deyəndə bir çoxları gözlərini ovuşdura-ovuşdura “hə-hə” desə də, bunları həzm edə bilməyib, düşünüb, hamı “Avropa demokratiyasından”, “Avropa insan haqlarından” dəm vurur, gör, bu nə danışır?! Avropanın xalqlarda demokratiya, insan haqları və azadlıqları istəyi belədir: onun dediyi ilə oturub-dursan, istədiyi sərvətləri ona versən, olursan demokrat, azadlıqsevər, əks halda…

    Avropalılar İraqın, Liviyanın, Misirin altını üstünə çevirəndə,  “diktator” adıyla Səddam Hüseyni, Müəmmər Qəzzafini məhv edəndə, Hüsnü Mübarəki zindana atanda bizdə buna sevinənləri görməyim mənim üçün ağır keçdi. Onlar deyirdilər: “Diktatorları məhv edib yerinə demokrat əkəcəklər”. Bunu görən bicbala avropalılar isə, arxalarını bizlərə çevirib əl çala-çala avamlığımıza o ki var, gülürdülər!

    “Diktatorlar”ın, ölkələrini belə Avropalıların darmadağın etməsinə sevinənlər bu məzmunda çıxışlar edir, müsahibələr verir, yazılar dərc elətdirirdilər. Onlara etiraz edərək deyirdim, a kişilər, bunlar Əfqanıstanı, İraqı, Liviyanı, Misiri, sonrası, Suriyanı talamaq üçün bu “diktator şəbehi”ni çıxardırlar. Bir qədər ətraflı düşünsək, görərik, onlar viran qoyduqları ərəb ölkələrini və Əfqanıstanı xoşbəxtliyə çıxartmaq fikrində olmayıblar, bu ölkələrin var-yoxunu talamaq, ağıllılarını, mərdlərini, cəsarətlilərini məhv etmək üçün gəliblər. Ölkələr varlı, onların başçıları Səddam Hüseyn, Müəmmər Qəzzafi, Hüsnü Mübarək güclü, təcrübəli, bacarıqlı dövlət xadimləridirlər. Onlar öz xalqlarını dünya xalqlarının hamısından firəvan dolandırırdılar. Elə şəxslərin yetişməsinə yüz illərcə zaman lazımdır. Hanı yüksək həyat səviyəsi olan Liviya, İraq, Misir, bu gün isə, Suriya…?! Bicbala Avropa bunları daha xoşbaxt həyata qovuşdurdumu? Bu ölkələrin gələcək dirçəlişləri üçün azca ümid belə, yoxdur. Çünki bicbala Avropa onların var-dövlətini talan edib, özlərini quru yurd üstdə qoymaqları ilə yanaşı, ağıllılarını məhv edib sıradan çıxartdı, öz aralarında məzhəbçilik, tayfaçılıq, düşmənçilik, qisasçılıq toxumu səpdi, gələcək talelərini zülmətə döndərdi.

    İndi də Türkiyənin Avropanın qoltuğuna girməsini, Avropanın əmrinə müntəzir olmasını təkcə istəmirlər, həm də bunu Türkiyədən təkidlə, qırmızı sifətcəsinə tələb edirlər. Bicbala Avropanın Hollandiyası Türkiyənin nazirlərini Uluslararası qanunları, öz ölkələrinin qanunlarını pozaraq ölkəyə buraxmır, öz ölkələrinin vətəndaşı olan türklərin üstünə atlarla, itlərlə hücum edir, “demokratik” adlanan başqa Avropa dövlətləri də hollandların hərəkətlərini dəstəkləyir, Türkiyənin nazirlərinə qarşı heç bir qanun çərçivəsinə sığmayan aşağılama, hörmətsizlik edən haqsız Hollandiyanı deyil, haqlı Türkiyəni qınayır, haqsız Hollandiyanın yanında olacaqlarını bəyan edirdilər.

    Qəribəsi odur ki, bizlərdən də Türkiyəni ittiham edənlər, bicbala Hollandiyanın yanında olacaqlarını dilə gətirənlər arasında Türkiyəni sevən, milliyətcə türk olanlar vardı. Bu cür bəyanatları eşitmək çox ağır olurdu. Avropalılar Avropa Parlament Assambleyası vasitəsilə indi özlərindən çox qüdrətli Türkiyə üçün daha müdhiş bir tor qurublar.

    Bizlərin yaşadığı tarixdə Avropa heç zaman haqqa deyil, hər zaman zora söykənib, həmişə istilaçılıqla, talançılıqla məşğul olub. Buna əmin olmaq üçün tarixi faktlara diqqət yetirmək yetərlidir. Avropa uzun zaman xalqları özünün “demokratiya”, “insan haqları” və buna bənzər başqa yuxugətirən vasitələrilə yuxuya verərək, onların maddi və mənəvi sərvətlərini sümürüb aparmaqla, ağıllı, bacarıqlı, bilikli insanlarını öz elmini, mədəniyyətini inkişaf etdirməyə cəlb etməklə, terrorçu örgütlər yaradaraq ölkələrə bombalar yağdırmaqla, xalqları parçalayıb insanları bir-birinə qırdırmaqla məşğul olmuşdur. İndi artıq xalqlar yuxudan ayılmış, Vətənlərinin, sərvətlərinin talan edildiyini, quru yurd üstdə qaldıqlarını, Avropanın “demokratiya”, “insan haqları” vədlərinin mahiyətini anlamış, anladıqlarını onların özlərinə də anlatmışlar.

    “Avropaya inteqrasiya”  tezisinə uyanlar uduşlu yolla getmirlər. Onlar bunu bic tərpənib Avropadan elm, mədəniyyət, texnologiya “qopartmaq”, bu yolla ölkəni irəlilətmək anlamında başa düşürlər. “İnteqrasiya” qaynayıb-qarışmaq anlamını verir. Avropa ilə qaynayıb-qarışmaq özünkülərə “tüpürüb” Avropanın diktələrinə müntəzir olmaqdır. Elə bu lap yaxın keçmişdə “eynicinslilərin nigahı” haqqında qanun qəbul edilməsini bizim parlamana tövsiyə edirdilər. Haqqında qanunlar qəbul etdikləri “eynicinslilərin nigahı” qanunu böcəklərdə, at və eşşəklərdə, it və pişiklərdə, canavar, çaqqal, ayı, aslan, pələng kimi vəhşi heyvanlarda belə, yoxdur. Mədəniyyətləri ilə öyünən Avropa ölkələrinin çoxu böcəklərin, meşə heyvanlarının özlərinə “sığışdırmadıqları” “eynicinslilərin nigahı” haqqında, “cinsi azlıqlar (nigahda olan “eynicinslilər”) haqqında qanunlar qəbul ediblər. Ona görə də “Avropaya inteqrasiya” carçılığına, çağırışlarına səs verməyə ehtiyac varmı? Avropa belə çağırışları eşidəndə ehtiyatlı olur, çalışır, bu çağırışlardan faydalansın, istifadə edib daha bic tərpənsin, daha çox qazanc götürmək imkanı qazansın, ölkələri geri itələyənlərini, özləri üçün yaramayanlarını yad, avam, geridə qalmış ölkələrə sırısın, kütbeyinlərə bağışlasın. Bununla, “Avropaya inteqrasiya” aşiqlərini daha dərin quyuya salsın. İndi bunu görməyənlər, anlamayanlar çox deyil.

    Avropaya inteqrasiya etmək istəyənlərə Avropa özəllikcə müsəlman ölkələrinin yüzillərcə qərarlaşmış mənəviyyatını, gələnək-görənəklərini dağıdan mənəviyyatını sırımağa, geri qalmış texnologiyalarını satmağa çalışır. O bu işlərinə eynicinslilərin nigahından başladı. Televiziyalarda ayrı-ayrı Avropa dövlətlərinin bu məzmunda qanun qəbul etdiklərini təbliğ etməyə başladılar. Bunun onlar üçün müsbət sonuc vermədiyini, özlərinin lağa qoyulduqlarını gördükdə televiziyalara azyaşlı uşaqlar üçün maraqlı və pozucu gücə malik, özlərində qadağan olunmuş cizgi filmlərini yaymağa başladılar. Bu filmlər vasitəsilə onlar azyaşlıların psixolojisində, tərbiyəsində, sağlamlıq durumunda, mütaliəsində, bilik qazanmasında, dərslərlə, idmanla məşğul olmasında açıq-aydın problemlər yaratmağa başladılar. Saytlar vasitəsilə nigah üçün qan qohumluğuna, bacı-qardaşın, ən yaxın qan qohumlarının belə, nigaha girməsinə sərhəd qoymamağı təbliğ etməyi qarşılarına məqsəd qoydular. İndi avropalılar yüz cür fəndlərlə türk xalqlarını, geniş anlamda müsəlmanları öz mənəviyyatlarından, öz mənəviyyatına sadiq qalan başqa Şərq (Doğu) xalqlarını maddi sərvətlərindən ayrı salmağa, onlara güc yolu ilə sahib çıxmağa çalışırlar.

    Zamanında başbilənlərimiz də inkişaf üçün Avropaya üz tutmağı, inteqrasiya etməyi, Avropadan, inkişaf üçün onun elmindən, texnikasından, çağdaş texnologiyalarından bəhrələnməyi lazım (lap vacib!) biliblər. Biz Avropanın vurğuladığım inkişaf amillərinə ümid bağlasaq, Avropa çalışacaq, ixtiralar, kəşflər edəcək, biz isə bunlardan istifadə edəcəyik, başqa sözlə, Avropa inkişafda olacaq, biz də onun arxasınca sürünməli olacağıq. Ona görə də  Avropa elmindən, mədəniyyətindən, yeni texnologiyalarından yararlanmaq yolu ilə inkişaf etməyə ümid bağlamaq yanlış yoldur. Hər xalq öz yolu ilə inkişaf etməyə çalışsa, ixtiralara, kəşflərə nail olar və inkişaf yoluna çıxar, inkişaf edə bilər.  

    Son zaman olayları avropalıların başqa xalqları, başqa dövlətləri demokratikləşdirmək planının heç zaman olmadığını, vədlərinin aldadıcılığını və gələcəkdə də olmayacağını üzə çıxartdı. Avropalıların türk xalqlarına, özəllikcə müsəlman dünyasına qarşı münasibətləri həmişə bugünkü kimi olub. Ancaq avropalıların bu münasibətlərinin ortaya çıxarılmasına gerçək səbəblər üzündən nail olunmayıb. Artıq indi türk xalqları, eləcə də islam dünyası oyaqdır, dirçəlib, dünyada söz sahibi olmaq iddiasını gerçəkləşdirmək yolunda addımlamaqdadır.

    Mənim məqsədim Avropanı yamanlamaq, gözdən salmaq deyil, Avropa mənəviyyatının, Avropaya alüdəçilik meyllərinin ziyanlarını göstərməkdir. Şərqi Avropalaşdırmaq yolu düzgün yol deyil. Qoy, Avropa Avropalığında qalsın, məsələn, Şərq də Şərqliyində. Fransız fransız kimi, alman alman kimi, türk türk kimi, yapon yapon kimi yaşasın. Avropa ilə dost münasibətdə olmaq, dostcasına davranmaq gərəkdir. Qoy, Avropa başqa xalqların maddi və mənəvi sərvətlərindən zorakı yolla, talançılıq yoluyla deyil, dostluq yoluyla, mərdcəsinə faydalansın.   

    26.04.2017 

    Bəhmən SULTANLI