“QƏRBİN MƏQSƏDİ TÜRKİYƏNİ DAĞITMAQDIR“

    6

    Sərdar Cəlaloğlu: “Türkiyəni dağıtmaq, islam dünyasını dağıtmaq deməkdir”

    “Türkiyə ya islamdan imtina etməlidir, ya da heç vaxt Avropa Birliyinə inteqrasiya edə bilməz”

    “Bu gün Azərbaycan parlamentarizmə keçmədiyinə görə, tamamilə səhv istiqamətdə inkişaf edir”

    “Bu qərarlar Avropanın Türkiyə qarşısında gücsüzləşməsinin, zəifləməsinin və rəqabət gücünü itirməsinin bir reaksiyasıdır”

    Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Türkiyənin monitorinq altına alınması barədə qərar qəbul etməsinə, Avropa Birliyinin isə həftəsonu Türkiyə ilə üzvlük müzakirələrinin dayandırılması məsələsini müzakirəyə çıxarmaq barədə qərarına Türkiyə hakimiyyəti və müxalifəti ilə yanaşı, Azərbaycandakı siyasi qüvvələr də sərt etiraz etməkdədirlər.

    Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Reuters”ə müsahibəsində bəyan edib ki, AŞ PA-nın qərarı tamamilə siyasi mahiyyət daşıyır və Türkiyə belə bir qərarı tanımır. Ərdoğan vurğulayıb ki, Avropa İttifaqı 54 ildir Türkiyə ilə bağlı verdiyi sözlərin heç birini yerinə yetirməyib, səmimi olmayıb: “Suriyadan, İraqdan 3 milyonadək insanı ölkəmizə qəbul etdik. Həmin insanlar haradan qaçırdılar? Bombalardan qaçırdılar. Biz bunları hazırda ölkəmizdə qonaq qəbul edirik. Bəs Avropa İttifaqı bütün bunlarla əlaqədar bizə nə söz verdi? Avropa İttifaqı dedi ki, 2016-cı ilin iyulunda sizə 3 milyard avro verəcəyik. Verdimi? Xeyr. Hətta həmin il yenə 3 milyard avro verəcəyini bildirdi. Ancaq indiyədək cəmi 725 milyon avro verib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da 550 milyon dollar verib”.

    O cümlədən, Avropada yaşayan azərbaycanlılar da dünən Strasburqda, Avropa Şurasının binasının qarşısında etiraz aksiyası keçiriblər. Fransa, Hollandiya, Almaniya və Avropanın digər ölkələrindən gəlmiş çoxsaylı aksiya iştirakçıları AŞPA-nın Türkiyəyə qarşı qəbul etdiyi son qətnaməyə, Türkiyənin AŞPA-nın monitorinq mərhələsinə salınmasına qarşı şüarlarla çıxış ediblər. Eyni zamanda, AŞPA-nın Azərbaycan və Türkiyəyə qarşı apardığı ikili standart siyasətinə etiraz bildirilib.

    Maraqlıdır, Avropanın nüfuzlu beynəlxalq təşkilatlarının Türkiyəyə qarşı bu cür kəskin mövqeyinin arxasında hansı maraqlar var? Yaxın gələcəkdə bu münasibətlər hansı istiqamətdə inkişaf edə bilər? Bu və digər suallara ADP sədri Sərdar Cəlaloğlu ilə müsahibəmizdə aydınlıq gətirməyə çalışdıq.

    “Bu gün dünyada mədəniyyətlərarası qarşıdurma mövcuddur”

    – Sərdar bəy, sizcə, son vaxtlar bəzi Avropa ölkələrinin və nüfuzlu beynəlxalq təşkilatların Türkiyəyə qarşı təzyiqləri artırması nə ilə bağlıdır?

    – Əslində, bu gün Türkiyə-Avropa münasibətlərinə dar konteksdən yanaşsaq, hadisələrin mahiyyətinə aydınlıq gətirə bilməyəcəyik. Geopolitik və kontinental – qlobal nöqteyi-nəzərdən yanaşdıqda, məlum olur ki, sosializm və kapitalizm qarşıdurması dağılandan sonra dünyada yeni bir əksliklərin yaranması zərurəti var. Çünki bizim idrakımız da, mövcudluq da bu qanuna tabedir. Yəni insanlıq da bu qanuna tabe olursa, deməli, dünyada əksliklər olmalıdır. Bu da müxtəlif cəbhələşmələr şəklində meydana çıxır. Məsələn, əvvəllər kapitalizm və sosializm əksliyi var idi. Ondan qabaq feodalizm və quldarlıq əksliyi var idi. Ondan qabaq da başqa… Müasir dövrdə kapitalizmlə sosializm, yəni iqtisadi üsul idarəetmənin əkslikləri əqidə, dünyagörüşü əksiliyinə keçib. Buradan da müsəlmanlıq və ümumi şəkildə desək, xristanlıq cəbhəsi meydana gəlib. Buna mədəniyyətlərarası toqquşma, mədəniyyətlərarası qarşıdurma da deyirlər. Yəni bu gün faktiki olaraq dünyada mədəniyyətlərarası qarşıdurma mövcuddur və çox güclü inkişaf edir. Ən maraqlısı odur ki, mədəniyyətlər qarşıdurmasında birinci hədəfdə olanlar sərhəd dövlətləri, yəni hər hansı bir mədəniyyətin digər mədəniyyətlə təmas nöqtəsidir. Bu hansıdır? Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Aralıq Dənizinin cənub sahilində – Tunis, Əlcəzair, Mərakeş, Suriya, o cümlədən də İran. Mərkəzi islam dövlətlərinin heç birində Avropanın, Amerikanın destablizəedici fəaliyyəti yoxdur. Amma tutaq ki, Əfqanıstan Rusiya və Hindistanla sərhəddir, buradakı problemlər bizə bəllidir.

    Biz görürük ki, islam dövlətlərinin hamısında çox ciddi konfliktlər var. Bu da göstərir ki, doğrudan da, artıq islam və xristian cəbhələşməsində bir ziddiyyət inkişaf etməyə başlayıb və bu, konfliktə doğru gedir. Ona görə də, bu gün dünyada münaqişə olan ölkələrin arasına bir qırmızı xətt çəksək, görəcəyik ki, hamısı xristian dövlətləri ilə təmasda olan müsəlman dövlətləri, yaxud da qeyri-müsəlmanlarla müsəlmanlardır. Məsələn, buddistlərlə müsəlmanlar. Birmada, Kəşmirdə olan hadisələr göstərir ki, xristianlar dolayısı ilə həm də buddistlər vasitəsilə müsəlmanlara qarşı cəbhə açır. O tərəfdən də yəhudilər. Yəni Fələstin hadisəsi, Hindistanda Kəşmir hadisəsi, Birmada buddistlərlə müsəlmanların münasibəti və geniş bir cəhbədə xristian aləmi ilə islam aləminin qarşıdurması – bu, bir təbii prosesdir. Ona görə də baş verənləri təbii qarşılamaq lazımdır.

    “Heç bir halda Türkiyə Avropa Birliyinə qəbul edilə bilməz”

    – Hesab edirsiniz ki, Avropa Birliyi ilə Türkiyə arasındakı gərikinlik də burdan qaynaqlanır?

    – Əslində, bu konkteksdən yanaşanda, Avropa Birliyi ilə Türkiyənin müttəfiqliyi dünyanın müasir qütbləşməsinin məntiqinə ziddir. Heç bir halda Türkiyə Avropa Birliyinə qəbul edilə bilməz, bunu hətta istəsələr belə. Təbii qanunauyğunluq var – mədəniyyət cəbhələşməsi. Bu mədəniyyət cəbhələşməsi buna imkan verə bilməz. Bunun bir tək yolu var – Türkiyə islamdan imtina etdiyi gündən artıq Avropa Birliyinin üzvüdür. Odur ki, Türkiyə ya islamdan imtna etməlidir, ya da heç vaxt Avropa Birliyinə inteqrasiya edə bilməz. Özümüzü aldatmaqla deyil. Çünki dünyada təbii, sosial qanunlar var ki, o qanunları prezidentlər, dövlətlər, parlamentlər, BMT həll etmir. Ümumi təbii qanunlar kimi bir də sosial qanunlar var ki, Allahın iradəsi altındandır. Avropa ölkələrinin rəsmiləri də dəfələrlə deyiblər ki, Avropa Birliyi xristian klubudur, Türkiyənin burda nə işi var. Yəni bunun özü də göstərir ki, mənəviyyətlərarası qarşıdurma mövcuddur, Türkiyə və digər islam dövlətləri ilə Qərb qarşıdurma vəziyyətindədir. Bu gün Ermənistanla Azərbaycan qarşıdurma vəziyyətindədir. Bu, dünyanın qütbləşməsi, yeni bir dünya nizamının əmələ gəlməsi ilə bağlıdır. Bundan əvvəl necə ki, Amerika ilə Rusiya, Şərqi Avropa ölkələri ilə Qərbi Avropa ölkələri qarşıdurma vəziyyətində idi, Afrikada sosialistyönlü dövlətlərlə, kapitalistyönlü dövlətlər vuruşurdu, eyni şey indi mədəniyyətlər müstəvisinə keçib, müsəlmanlar və qeyri-müsəlmanlar arasında qarşıdurma var. Bu günkü dünyanın mənzərəsi budur.

    “Rusiya xristian dövlətlərinin təmsilçisi olmaq istəyir”

    – O halda Amerika ilə Rusiya arasındakı ziddiyyət nə ilə bağlıdır?

    – Bilirsiniz, mədəniyyətlər qarşıdurmasında bir dövlət həmin mədəniyyətin təmsilçisi kimi çıxış edir. Yəni bütün islam dövlətlərinin hamısı – Azərbaycan da, Qətər də, başqa dövlətlər də dünya qütbləşməsində söz sahibi olmur. Bu dövlətlərdən biri söz sahibi olur, dolayısı ilə digər dövlətlərin maraqlarını ifadə edir. Xristian dünyasının məhz belə bir dövləti Amerikadır, amma Rusiya da bu təmsilçiliyə iddia edir. Yəni Rusiya da supergücə çevrilərək, xristian dövlətlərinin təmsilçisi olmaq istəyir. Amerika ilə Rusiyanın arasındakı ziddiyyət bununla bağlıdır.

    İranla da Türkiyə arasındakı ziddiyyət Rusiya ilə Amerika arasındakı ziddiyyətə bərabərdir. Rusiya ilə Amerika arasındakı ziddiyyət nədən meydana çıxırsa, İranla da Türkiyə arasındakı ziddiyyət ondan meydana çıxır. Yəni həm İran, həm Türkiyə dünyda islam dövlətlərinin təmsilçisi olmaq istəyir. Rusiya ilə də Amerika xristian dünyasının təmsilçiliyi uğrunda mübarizə aparır. Bu zaman, təbii ki, hər ikisi də müsəlman dövlətlərinə qarşı çıxış edir. Yəni Rusiya və Amerika həm Türkiyə, həm də İrana qarşıdır, Türkiyə və İran gizlində həm Rusiya, həm də Amerikaya qarşı çıxır. Hətta İran üzdə gedib Rusiya ilə, Türkiyə Amerika ilə əməkdaşlıq etsə də, təbii şəkildə daxili qarşıdurma var.

    İndi Avropanın xristian cəbhəsinin qarşısına bir məqsəd qoyulub – islam dünyansının bir cəbhə kimi formalaşmasının qarşısını almaq. Çünki islam dünyası bir cəbhə kimi formalaşarsa, bu zaman necə ki, vaxtilə kapitalizmlə sosializm yanaşı yaşayırdı, bu dəfə müsəlmanlarla xristianların dinc, yanaşı yaşaması məsələsi ortalığa çıxmalıdır. Yəni dünyada mövcud olan, bütün islam dünyasında yaradılan süni münaqişlərin hamısı aradan qalxmalıdır. Əfqanıstan, Kəşmir, Birma, Qarabağ, Bosniya, Yaxın Şərq, Fələstin münaqişəsi və s.

    “Yaxın Şərqin açarı Amerikanın, Avropanın əlindədir”

    – Qeyd etdiniz ki, xristian aləmi ilə islam aləmi arasındakı qarşıdurmanı təbii qarşılamaq lazımdır. Amma belə aydın olur ki, mədəniyyətlərarası toqquşmalar heç də təbii proses deyil…

    – Yox, bu Qərbin yaratdığı bir prosesdir. Xristian dünyasının gizli qüvvələri var, hansı ki, onlar mədəniyyətlərarası qarşıdurmanı idarə edirlər. Məsələn, Rokfeller açıq deyir ki, biz Türkiyəni dağıtmaq istəyirdik. Yəni 1900-cü ildən başlayaraq xristian dünyasnının həmin o gizli qüvvələri formalaşıb, müəyyən miqdarda da yəhudilərdən ibarətdir. Əslində, bilrsiniz ki, xristianlıq da yəhudiliyin davamıdır. Xristian-yəhudi cəbhəsinin gizli bir təşkilatlanması var ki, məqsədi müsəlman aləminin bir cəbhə kimi formalaşmasına imkan verməməkdir. Ona görə də, bütün müsəlman dünyasında nə qədər münaqişə varsa, bu münaqişələrin səbəbləri də Qərbdən gəlib, onların idarə olunması da Qərbin əlindədir. Niyə biz deyirik ki, Qarabağın açarı Rusiyanın əlindədir?! Qarabağ Azərbaycan torpağıdırsa, niyə onun açarı Rusiyanın əlində olmalıdır?! Çünki münaqişəni yaradan Rusiyadır. Yaxın Şərqin açarı Amerikanın, Avropanın əlindədir. Çünki Avropa yaradıb o hadisəni. Və yaxud Əfqanıstandakı hadisəni Avropa, Amerika yaradıb. Onlar geri durmurlarsa, bu o deməkdir ki, heç vaxt bu münaqişələr həll edilə bilməz.

    “Türkiyəni dağıtmaq, islam dünyasını dağıtmaq deməkdir”

    – Deməli, Türkiyədəki proseslər də idarə olunur…

    – Qərbin hədəfində olan dövlətlərdən biri də Türkiyədir. Türkiyə son illər, xüsusən də SSRİ dağılandan sonra iqtisadi və siyasi cəhətdən elə bir ciddi fiqura çevrilib ki, İranla müqayisədə islam dünyasının özək dövləti olmağa daha çox iddialıdır. Yəni təbii şəkildə. Niyə? Dünyada 1,5 milyard müsəlman var, bunun yalnız 300 milyonu şiədir. Deməli, İran bu müsəlmanlardan yalnız 300 milyonun lideri ola bilər. Amma Türkiyənin şansı var ki, 1,2 milyard müsəlmanın təmsilçisi olsun. Ərdoğanın Afrika, İndoneziya səfərləri, Pakistana yardımı, hətta İranı müdafisə etməsi, Qəzza məsələsində aktiv şəkildə çıxış etməsi və s. onu göstərir ki, Türkiyə islam dünyasının özək dövləti olmasının startına iddia edir. Mədəniyyətlərarası toqquşmada hansısa cəbhəni iki cür məhv etmək olar, bir, cəbhəyə hücum edirsən, bir də cəbhənin liderini vurursan. Məsələn, cəbhənin liderini vurdun, cəbhə dağıldı. Türkiyəni dağıtmaq, islam dünyasını dağıtmaq deməkdir. Məsələ budur. Yəni Türkiyə məsələsi sadəcə olaraq bir türk dövləti məsələsi deyil.

    Bundan da qabaq eyni iddia ilə Səddam Hüseyn, Bəşər Əsəd çıxmışdı. Onlar “birləşmiş ərəb” ideyasını vermişdilər. İstəyirdilər ki, bütün ərəb ölkələri birləşsin, 300 milyonluq ərəb dövləti yaransın, həmin ərəb dövləti əvvəlki kimi – Məhəmməd Peyğəmbərin vaxtındakı kimi islam dünyasının təmsilçisi olsun. Buna görə, Səddam Hüseyni öldürdülər, Bəşər Əsədi izolə etdilər. Qəddafi də o ideyaya dəstək verirdi, onu öldürdülər, Camal Əbdül Nəsir ona dəstək verirdi, onu da adi bir masajla öldürdülər. Yəni ərəblərin “birləşmiş ərəb” ideyasını müdafiə edən istənilən liderə terror oldu və o dövlətlərdə münaqişələr yaradıldı.

    İndi qalır İranla Türkiyə. Pakistanın elə bir iddiası yoxdur. Çünki xristian dünyası ilə sərhəd dövləti deyil. Buddistlərlə sərhəd dövlətidir, xristianlar üçün ikinci dərəcəli əhəmiyyətə malikdir. Deməli, burda geopolitik nöqteyi-nəzərdən Türkiyə və İran qalır. İranın şansı Türkiyə qədər yoxdur. Ona görə də İranı blokadaya alsalar da, başını fırlatsalar da, İranın daxilində münaqişə yaratmırlar. Məsələn, Türkiyədən fərqli olaraq İranda daha çox münaqişə salmaq olar. Orda 40 milyondan çox Azərbaycan türkü var, heç bir hüququ yoxdur, heç kürdlərə verilən dəstək onlara verilmir. Əvvəllər kürdlərə dəstək verilirdi, sonra Amerika başa düşdü ki, İranı dağıtmaq olmaz, çünki İranın özü islam dünyasını dağıdan bir faktordur. Beləliklə, diqqət Türkiyənin üstünə yönəldi. Nəyin bahasına olur-olsun Türkiyəni dağıtmaq. Türkiyəni dağıtmaq üçün nə etmək lazımdır –sərhədlərində münaqişə yaratmaq, sonra həmin münaqişəni Türkiyəyə transfer etmək. Çünki politologiya elmi də sübut edir ki, bir təşkilatı dağıtmaq üçün ya onun periferiyasında bir problem yaradıb gətirirsən mərkəzə, ya da mərkəzində problem yaradıb aparırsan periferiyasına. Bunlar mərkəzdən, yəni Türkiyənin daxilindən problem, parçalanma yarada bilmədilər. İstəyirdilər PKK və s təşkilatlar vasitəsilə yaratsınlar, baş tutmadı. İndi də xaricindən – 4 tərəfindən münaqişə yaradıb, onu Türkiyəyə gətirmək istəyirlər. Türkiyə bu münaqişənin qarşısını aldığına görə Qərbin siyasəti uğursuz olub. Qərb görür ki, Türkiyənin qarşısında acizdir. Məsələn, FƏTÖ-nu Türkiyəni daxildən dağıtmaq kimi nəzərdə tutmuşdular, alınmadı. PKK daxildən dağıtmaq üçün nəzərdə tutulmuşdu, alınmadı. İndi xaricdən dağıtmaq üçün PYD-ni yaradırlar ki, Suriyada əvvəlcə muxtar respublika yaransın, sonra Bərzani ilə birləşdirilsin, sonra orda bir kürd dövləti olsun və həmin kürd dövləti ilə Türkiyəni vuruşdursunlar. Beləliklə, Türükiyə qalsın iki cəbhə arasında – kürdlərlə avropalıların arasında. Bu da Türkiyədə Rəcəb Tayyib Ərdoğanın apardığı siyasətə qarşı Qərbin və Amerikanın verdiyi indiki reaksiyalara səbəb olub. Fikir verin, FƏTÖ-nun Türkiyədəki dövlət çevrilişi cəhdinə Avropa heç bir reaksiya vermədi. Halbuki ondan qat-qat aşağı nüfuzlu bir dövlətdə çox əhəmiyyətsiz bir hadisəyə Qərb dərhal reaksiya verir. Amma Türkiyədə bu qədər hadisə oldu, reaksiya vermədi. Çünki çevriliş planı Avropanın idi. PKK-nın özünü uzun müddətdir Avropa müdafiə edir. Ona görə, Avropada olan PKK terrorçularını Türkiyəyə qaytarmır. Yəni Türkiyənin daxilində bu plan işə düşmədiyinə görə, xaricində ikinci bir güc yaradıb, onun içəri gətirmək istyirlər. Türkiyə də buna qarşı çıxır…

    “Qərbin Türkiyəyə qarşı heç bir ciddi addım atmaq imkanı yoxdur”

    – Amma son vaxtlar Qərb Türkiyəni İran kimi blokadaya almaq istəyir…

    – Bunu ala bilməz. Çünki Türkiyənin xüsusən də sünni islam dünyası ilə çox sıx əlaqəsi var. Türkiyə hətta izola olunmuş şəkildə belə, yaşaya bilər. Necə ki, Yaponiya, Koreya, İran və s. bütün dünyadan izolə olunmuş şəkildə yaşayır. O biri tərəfdən də hələ Türkyənin türk dünyası, Rusiya ilə əlaqələri var. Qərbin Türkiyəyə qarşı heç bir ciddi addım atmaq imkanı yoxdur.  Ona görə də Qərblə bağlı əlaqələrində bu cür bəyanatlar verir. Əslində, bu, Qərbin özünün özü ilə bağlı əndişəsindən xəbər verir. Ki, Türkiyə əgər Qərbin siyasətini pozursa, Qərb Türkiyənin qarşısında aciz olacaq. Bu baxımdan, Avropa Birliyinin, Avropa Şurasının ki, monitorinq qərarı var, bütün bu qərarlar Avropanın Türkiyə qarşısında gücsüzləşməsinin, zəifləməsinin və rəqabət gücünü itirməsinin bir reaksiyasıdır. Yoxsa bunun Türkiyə ilə heç bir əlaqəsi yoxdur. Sadəcə olaraq Türkiyə güclənir, iradə qoyur ortaya, açıq şəkildə bilir ki, mədəniyyətlərarası toqquşmada Türkiyənin başına nə oyun gətirəcəklər, həmin oyunu müvəfəqqiyyətlə pozur. MHP-nin də referendumda AKP-yə dəstək verməsində yeganə məqsəd budur. Bir tək burda CHP baş verən hadisələri anlamır.    

    “MHP aşkar şəkildə Türkiyəyə qarşı aparılan planı dərk edir”

    – Anlamır, yoxsa CHP də Qərbin marağına oynayır?

    – Ya Qərbin marağına oynayır, ya da üzdə Qərbin marağına oynayır, daxildə AKP-yə dəstək verir. Yaxud da, anlamır. Bu 3 variantdan biridir. Sadəcə, hələlik mən CHP-ni təhlil etmirəm. Amma MHP aşkar şəkildə Türkiyəyə qarşı aparılan planı dərk edir və AKP-yə dəstək verir. Ölüm cəzasına da dəstək verir, prezident üsul-idarəsinə keçidə də. Prezident üsul-idarəsinə keçmək nə deməkdir – ölkənin sərt idarə edilməsi. Ölkə hansı hallarda sərt idaretməyə keçir – müharibə vaxtında. Məsələn, müharibə vaxtında Amerikanın prezidenti ali baş komandan olur, bütün dövlət strutukturları fəaliyyətini dayandırır. Amma Türkiyədə bundan əvvəlki rejim buna imkan vermirdi. Ona görə də Türkiyəni dağıtmaq mümkün idi. Niyə prezidentliyə gedəndən, “EVET”dən sonra bu şey meydana çıxdı? Artıq Qərb başa düşür ki, Türkiyə mərkəzləşmiş bir dövlətdir, parlamentə adam salıb, yersiz diskussiyalar yaratmaq mümkün olmayacaq. İndiyə kimi Türkiyədə 53 hökumət dəyişib. Niyə? Çünki hökumət parlamentdən çıxırdı, parlamentdə də Qərbin adamları, qüvvələri, müdaxiləsi var idi, o qüvvələr vasitəsilə məsələləri həll edirdi. Prezidentləri də, çox ciddi səlahiyyətləri olmadığına görə, bu və ya başqa şəkildə ələ alırdı. Beləliklə də Türkiyəni özləri bildiyi istiqamətdə inkişaf etdirirdi. Ərdoğanın bu addımı Qərbin parlamentar idarəetmə vasitəsilə Türkiyənin daxili həyatına müdaxiləsinin qarşısını aldı. Yəni daxildən FƏTÖ və PKK, bu tərəfdən də PYD əldən çıxır. Parlament də bir tərəfdən əldən çıxır.

    “Parlament üsul-idarəsi böyük dövlətlərin dağılmasına gətirən bir faktordur”

    – Hesab edirsiniz ki, parlament üsul-idarəsi uğursuz bir seçimdir?

    – Əslində, parlament üsul-idarəsi böyük dövlətlərin dağılmasına gətirən bir faktordur. Bunu mən demirəm. Bunu siyasi fəlsəfədən xəbəri olan istənilən adam bilir ki, böyük dövlətlərdə parlamentarizm destablizasiyaya, kiçik dövlətlərdə prezident üsul-idarəsi avtoritarizmə gətirib çıxarır. Şimali Koreyada, Azərbaycanda və digər kiçik bir dövlətdə prezident üsul-idarəsi zəruri olaraq diktaturaya gətirib çıxaracaq. Amma Amerikada, Türkiyədə, Rusiyda parlamentarizm olsa, bu dağılmalıdır, başqa variantı yoxdur. Ona görə də böyük dövlətlər prezident üsul-idarəsi ilə işləməlidir, ifrat mərkəzləşmə yaratmaq üçün, kiçik dövlətlər parlamentarizmə keçməlidir. Yəni bu gün Azərbaycan parlamentarizmə keçmədiyinə görə, tamamilə səhv istiqamətdə inkişaf edir. Türkiyə isə düz yolda inkişaf edir. Hətta Türkiyə çoxdan prezident üsul-idarəsinə keçməli idi. Bu baxımdan Qərb də buna reaksiya verir. 

    “Türkiyədə yanlışlıq ordan qaynaqlanır ki, guya Avropa Birliyinin üzvü olmadan vesternizasiyaya getmək olmaz”

    – Sərdar bəy, bir halda ki, Avropa Birliyi xristian klubudur, o halda Türkiyənin israrla bu quruma qəbul olmaq siyasəti nə dərəcədə doğrudur?

    – Əslində, bu siyasət vaxtilə Qərb tərəfindən Türkiyədə hakimiyyətə gətirilən adamlar vasitəsilə ifadə olunurdu. Yəni Qərb əvvəlcə Türkiyəni idarə etmək üçün öz adamlarını yerləşdirib, həmin adamlar da “biz Avropaya inteqrasiya edəcəyik” deyə, belə bir şüar atıblar ortaya. Amma Türkiyədən başqa Avropa ilə sərhəd olan digər ölkələrin heç biri Avropaya inteqrasiya məsələsini ortalığa qoymayıb. Halbuki Avropa dövlətlərinin Türkiyədən daha çox marağında olan ölkələr var. Məsələn, Fransanın Əlcəzairdə marağı var, vaxtilə müstəmləkəsi olub. O cümlədən də Mərakeşdə. Adama deyərlər ki, nə əcəb Aralıq Dənizinin cənub sahili ölkələrinin heç biri, o cümlədən Misir Avropa Birliyinə inteqrasiya etmək istəmir, ancaq Türkiyə edir?! Çünki Türkiyənin rəhbərliyinə vaxtilə gətirilən adamlar Avropanın özünün diktəsi ilə Avropa Birliyinə inteqrasiya məsələsini ortaya qoyub. Təbii ki, burda iki ciddi problem var. Biz Avropa Birliyi ilə vesternizasiyanı qarışdırmamalıyıq. Vesternizasiya – qərbləşmə Qərbin özünü də azad edən, firəvan edən, güclü bir qüvvəyə çevirən bir həyat stilidir. Bunu Qərbdə olan dövlətlərlə əməkdaşlıq etmədən də yaratmaq mümkündür. Məsələn, Malaziyada buna oxşar bir rejim yaradılıb, halbuki Qərblə heç bir əlaqəsi yoxdur və Uzaq Asiyada yerləşir. İndoneziyada bunu yaratmaq olar. Və yaxud Yaponiyanın Avropa ilə heç bir əlaqəsi yoxdur, amma Yaponiyanın da üsul-idarəsi eynilə Avropadakı vesternizasiyaya uyğundur. Bəs onda necə əmələ gəlib? Yəni mütləqmi Avropa Birliyinin üzvü olmaldır? Yaponiya Avropa Birliyinin üzvü deyil. Bəs niyə onda Yaponiya inkişaf edir?

    Türkiyədə yanlışlıq ordan qaynaqlanır ki, guya Avropa Birliyinin üzvü olmadan vesternizasiyaya getmək olmaz. Yəni Avropa Birliyi ilə vesternizasiya arasında bərbarəlik qoyulub. Əksinə, bu gün Avropada gedən proseslər onu göstərir ki, Avropda vesternizasiydan geriyə getmə var. Məsələn, Avstriyda faşistlər hakimiyyətə gəldi. Bu gün Fransada faşist partiyaları prezident seçkilərində mübarizə aparır. Hollandiyada faşist qüvvələr kifayət qədər aktivdir və s. İngiltərə Avropa Bielityindən niyə çıxdı?! İngiltərə açıq şəkildə gördü ki, Avropa özü getdikcə vesternizasiydan kənara çıxır. Çünki iki dünya müharibəsinin səbəbkarı olan Almaniya açıq şəkildə Avropada hegemonluğu ələ alır. Almanların isə ümumiyyətlə milli xüsusiyyəti destruktivliyə meyllidir. İki dünya müharibəsi yaradıblar, üçüncü dünya müharibəsini da yaratmaları bu gün-sabahlıqdır…

    – Hesab edirsiniz ki, üçüncü dünya müharibəsi qaçılmazdır?

    (Ardı var)

    Ayxan İLDIRIMTÜRK