AZƏRBAYCANI İNTİHARLAR ÖLKƏSİNƏ ÇEVİRƏN SƏBƏBLƏR…

    6

    Nazim Bəydəmirli: “Hökumətin insanların yaşayışını təmin etmək öhdəliyi var”

    Əkrəm Həsənov: “İntiharların sayının artmasının əsas səbəbi elə borc problemidir”

    Azad İsazdə: “İntiharlarla bağlı qurum yaradılımalıdır ki, statistikanı analiz etsin”

    Acı da olsa, artıq intihar hadisələri günümüzün reallığına çevrilib. Azərbaycan kimi kiçik ölkədə elə bir gün yoxdur ki, KİV-də 5-6 nəfərin intihara cəhd və yaxud intihar faktı yayılmasın. Təəssüf ki, hər gün bu acı xəbərləri izləyirik. Həyatdan zövq almayan, bəxtsiz taleyi olanlar, borc içində yaşayanlar bu yolu seşməklə canlarını qurtarmağı düşünürlər. Amma eynilə onlar kimi tale yaşayan insanlar da bu tip xəbərləri eşitdikcə intihara sürüklənirlər…

    İntihar xəbərlərinin bu qədər artması həyacan siqnalıdır ki, bu məsələyə ciddi diqqət yetirilsin, aidiyyatı qurumlar insanlara psixoloji dəstək olsunlar. Əslində, psixoloji dəstək vacib olsa da,  intihar edən insanların problemlərinin kökündə əsasən sosial problemlər durduğu üçün bu sahəyə ciddi diqqət yetirilməlidir.

    “Sosial problemlərə qatlaşa bilməyən insanlar bu son yola əl atırlar”

    ““

    Keçmiş millət vəkili Nazim Bəydəmirli Azərbaycanı “intiharlar ölkəsi”nə çevirən səbəblərlə bağlı Hurriyyet.org-a açıqlamasında bildrdi ki, o da həm bir vətəndaş, həm də ictimai həyatda olan bir şəxs kimi intiharların sayının çox olmasından narahatdır: “Analiz etdikdə və səbəblərinə baxdıqda, görürük ki, mütləq əksəriyyəti sosial problemlərə qatlaşa bilməyən insanlar bu son yola əl atırlar. Hesab edirəm ki, hökumət üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Çünki 2009-cu ildə referendum keçirilən zaman Azərbaycan dövləti sosial dövlət elan olunub. Sosial dövlət anlayışına görə, hökumətin insanların yaşayışını təmin etmək öhdəliyi var. Ona görə, ünvanlı sosial yardım institutu yaranmışıdr ki, heç olmasa, ehtiyacı olan insanlara el arasında danışılıan o “dilənçi pulu”  verilsin. Bu insanların zəruri istehlakı, yəni lazım olan yeməkləri ala bilməsi üçün hökumət bu kateqoriyadan olan insanları təmin etməlidir ki, sosial ehtiyaca görə insan özünə qəsd etməsin”.

    “Televiziyalar, saytlar şou əhlinin, siyasətçilərin, məmurların övladlarının və yaxud özlərinin dəbdəbəli həyat sürmələrini təbliğ edirlər”

    Bəydəmirli qeyd etdi ki, intiharların artmasının bir səbəbi də cəmiyyətdə maarifləndirmə işinin çox zəif olmasııdır: “Çox təəssüf edirəm ki, kütləvi informasiya vasitələri, televiziyalar, saytlar müxtəlif insanların, daha çox şou əhlinin, siyasətçilərin, məmurların övladlarının və yaxud özlərinin dırnaqarası yaxşı həyatını, necə dəbdəbəli həyat sürmələrini təbliğ edirlər. Bu da istər-istəməz xəyal qırıqlıqlarına gətirib çıxarır və kapitalizm dövründə bu tipli məsələlər gəncləri əyri yolla, oğurluqla və yaxud dələduzluqla, qanunları pozmaqla tez bir zamanda dırnaq arası varlanmağa sövq edir. Ancaq belə həyat doğru deyil”.

    “İnsanların sosial-psixoloji-mənəvi durumunun zədə almasının səbəbi ölkədə olan inhisarçılıqdır”

    Bəydəmirlinin fikrincə, maarifləndirmə verilişləri daha çox olsa, intiharların sayı azalar, insanların psixoloji durumu normal ola bilər: “Ona görə, hesab edirəm ki, bu yöndə hökumət daha çox fəaliyyətini artırmalıdır. Bunun da hamısı nəticə etibarilə rəqabətli mühitdən keçir. Çünki inhisarçılıq hər tərəfi tutub. Vətəndaş istəyir yaxşı təhsil alsın. Yaxşı təhsil alır, ancaq sonda ona münasib iş tapa bilmir. Çünki kiminsə bacarıqsız oğlu və yaxud qohumu o işlərə təyin olunur. Yəni iqtisadiyyatda məmur sahibkarlığı olduğu kimi, idarəetmədə də məmur təbəqəsindən olan insanlar rüşvətin, yerlibazlığın müqabilində işə təyin olunurlar. Bu da gəncləri çox xəyal qırıqlıqlarına uğradır. İnsanların sosial-psixoloji-mənəvi durumu çox zəifləyib, ciddi zədə alıb. Bunun da səbəbi ölkədə olan inhisarçılıqdır. Mən dəfələrlə öz çıxışlarımda tövsiyyə edirəm ki, bu aradan qaldırılmalıdır”.

    “Kişini ailəsinin gözünün qabağında söyürlərsə, alçaldırlarsa…”

    ““

    Tanınmış hüquqşünas Əkrəm Həsənova görə, ölkədə intiharların sayının artmasının əsas səbəbi elə borc problemidir: “Heç də vacib deyil ki, bu borc banklara olsun. Bəzən vətəndaşın başqa vətəndaşa da borcu olanda, təəssüf ki, intihara əl atır. Əlbəttə, əsas problem banklara və bank olmayan kredit təşkilatlarına olan borclardır. Mən hələ eşitmədim ki, qadınlar borca görə intihar etsinlər. Əsasən, intihar edənlər kişilərdir, bu da kı, aydındır. Çünki milli mentalitetimizə uyğun olaraq kişini vurmağa ehtiyac yoxdur, elə sadəcə gəlib, kişini ailəsinin gözünün qabağında söyürlərsə, alçaldırlarsa, bu artıq Azərbaycan kişisi üçün kifayətdir, o, özünü alçalmış hiss edir. Bu işi həm banakların öz işçiləri, həm də kollektorlar edirlər. Vətəndaşlara zəng edirlər, qorxudurlar, evinə gəlir söyürlər, bəzən elə hallar var ki, tutub saxlayırlar, döyürlər. Buna görə də vətəndaş özünü çıxılmaz vəziyyətdə hiss edir və intihar edir.

    Təəssüf ki, bəzən bizim icra məmurları, məhkəmlər də bu prosesə qoşulur. Düzdür, az hallarda olur, amma belə hallar da var ki, vətəndaşı qanunsuz olaraq 10-15 sutkalıq inzibati qaydada həbs edirlər, qorxudurlar. Təbii ki, belə halda vətəndaş da intihara əl atır”.

    “Bəzən icra məmurları da vətəndaşlarla çox kobud davranırlar”

    Ə.Həsənov hesab edir ki, bu vəziyyətdən çıxış üçün birinci növbədə vətəndaşlarımızın biliyini artırmaq, maarifləndirmə işi aparmaq lazımdır: “Kimsə borcunu verə bilmirsə, ona heç kəs heç nə edə bilməz. Kimsə onu qorxudursa və alçaldırsa, o polisə müraciət etməlidir. Heç kəsin buna ixtiyarı yoxdur. Polis orqanları vətəndaşlara belə davrananlara qarşı tədbir görməlidir. Çünki vətəndaş intihar edirsə, onu intihar həddinə çatdırmış adamın da cinayət məsuliyyəti var. Təəssüf ki, bəzən icra məmurları da vətəndaşlarla çox kobud davranırlar, qorxudurlar. İcra məmurlarından polisə şikayət mümkün olmasa da, məhkəməyə, Ədliyyə Nazirliyinə şikayət etmək olar. Çünki kiminsə borcu varsa, ödəməyəcək və ona heç kəs heç nə edə biməz”.

    ““Müflisləşmə və iflas haqqında” qanunumuz var”

    “Qanunmuzda olan boşluq odur ki, borclu vətndaşın özünü müflis elan etmə proseduru yoxdur. Amma bu o demək deyil ki, mümkün deyil. Əslində, 1997-ci ildə qəbul olunmuş “Müflisləşmə və iflas haqqında” qanunumuz var. O qanunda vətəndaşın özünü müflis elan etmə imkanı təsdiq edilib və biz artıq bu işlərə də başlayırıq. Bununla bağlı vətəndaş məhkəməyə müraciət edə bilər, fərqi yoxdur borc kimədir, vətəndaşa, yoxsa banka. Vətəndaş müraciət edir ki, mənim heç bir gəlirim yoxdur, əmlakım yoxdur və yaxud gəlirim varsa belə, o mənim və ailəmin yaşayış minimunu təmin edir, xahiş edirəm məni müflis elan edin. Məhkəmə də bu halda onu müflis elan etməlidir. Müflis etdiyi halda, onun bütün borcları üzərindən götürülür. Məhkəmə gedə-gedə isə heç kəsin zəng etməyə, evinə gəlib onu dəng etməyə ixtiyarı yoxdur. Kiminsə kiməsə borcu varsa, ancaq onu məhkəməyə verməlidir. Vətəndaşlarımız bunu bilmədikləri üçün onlara belə gəlir ki, kimə borcu varsa, o, gəlib onunla  bu tərzdə danışa bilər. Xeyr, belə şeyə ixtiyarı yoxdur”, – dedi hüquqşünas.

    “Ən zəif insanlar intihar edirlər, bəziləri sadacə içinə salır, min cür xəstəliklər tapır”

    Ə.Həsənov dedi ki, o da intihar hadisələrini mətbuatdan oxuyur: “Bir neçə dəfə mətbuatda oxumuşam ki, filan banka borclu şəxs intihar edib. Bu yaxınlarda ən son xəbər intihar deyildi, vətəndaş “Dəmir Bank”ın flialına gedib, ordaca ölmüşdü. Bu, təxminən ki, ay əvvəl olmuşdu. Düzdür, sonra da intihar hadisələri haqda oxuyuram, ancaq bunların səbəblərini demirlər. Mən istərdim ki, bu mövzuya belə dar baxmayaq. Ən zəif insanlar intihar edirlər, bəziləri sadacə içinə salır, min cür xəstəliklər tapır. “Rak”, ürək, infarkt xəstəlikləri məhz bu stressdəndir. Heç də vacib deyil ki, vətəndaş özünü öldürsün, bu xəstəliklərə tutulub ölməsi halları da var”.

    “Borc problemləri ailələri də dağıdır”

    Əkrəm Həsənov onu da əlavə etdi ki, borc problemləri ailələri də dağıdır: “Çünki kişi belə vəziyyətdədirsə,  ailəsi qarşısında da nüfuzdan düşür, arvadından, hətta bəzən övladlarından da pis sözlər eşidir, bununla da ailədə münasibətləri pozulur. Biz kişiləri deyirik, hətta bəzən borclu qadınlarla da kobud danışırlar. Mənə bir saat bundan əvvəl bir xanım zəng etmişdi. Deyir, bilmirəm kimdi, mənə zəng etdi, çox alçaldıcı ifadələrlə danışır. Mən də tövsiyyə etdim ki, 102-yə zəng vurun, polisə şikayət edin, deyin ki, mənə belə sözlər deyirlər.

    Bundan əlavə, uşaqların da hüquqları pozulur. Uşaqlar görürlər ki, evlərinə kimlərsə gəlir, zəng edir, çox kobud şəkildə danışırlar. Bu problem də var. Yəni uşaqların da psixikası pozulur, oxuya bilmirlər. Çünki ata və analar borcludursa, onları dolandırmağa pul tapmırlar, elə borc axtarırlar ki, onu versinlər”.

    “Borclu şəxs hətta dövlətimizə xəyanət edə, hansısa bir xarici təşkilatın quluna çevrilə bilər”

    “Həhayət, bu problemin digər tərəfini də görürəm. Lap tutaq ki, insan intihar etmədi, heç xəstələnmədi, belə hallar ailəsinə pis təsir göstərmədi. Elə vətəndaş var ki, borcu qaytarmaq üçün başqa yollar axtaracaq ki, bu borcdan çıxsın. Borclu şəxs oğurluq, quldurluq edə, kimisə öldürə, hətta dövlətimizə də xəyanət edə, hansısa bir xarici təşkilatın quluna çevrilə bilər. Yəni onlardan pul alıb dövlətimizə qarşı çıxışlar edə bilər”, -deyə hüquqşünas qeyd etdi.

    “Müflisləşmə prosesislərini qanunda daha yaxşı əks etdirib və tezliklə bu proseslərə başlamaq lazımdır” 

    Ə.Həsənov hesab edir ki, bu problemlərə görə, müflisləşmə prosesislərini qanunda daha yaxşı əks etdirib və tezliklə bu proseslərə başlamaq lazımdır:  “Biz artıq belə iddialar veririk. Kimin ki, doğrudan da imkanı yoxdursa, o, vətəndaş müflis elan edilməlidir. Bunun dövlətə və cəmiyyətə xeyri var. Çünki hamı biləcək ki, filankəs müflisdir, heç kəs ona borc verməyəcək. Müflis elan edilmək yalnız borclunun üstünlük əldə etməsi deyil, həm də bunun cəmiyyətə, o cümlədən bank sisteminə də xeyri var ki, artıq o şəxsə heç kəs borc verməyəcək, hamı onun adını biləcək. Digər tərəfdən də polis orqanlarına tapşırılmalıdır ki, belə müraciətlər olanda borclu şəxləri hədələyənlər cinayət məsuliyətinə cəlb edilməlidir. Fərqi yoxdur bu bank işçisidir, yaxud kollektordur”.

    “İntihar hadisələrinin artması xəbərlərini devalvasiyadan sonra eşidirik”   

    Hüquqşünas onu da diqqətə çatdırdı ki, intihar hadisələrinin artması xəbərlərini devalvasiyadan sonra eşidirik: “Ondan əvvəl Azərbaycanda tək-tək olurdu. Adətən də səbəb gənclərin bir-birini sevdiyi üçün olurdu. Amma son vaxtlar görürük, intihar edənlər ailəli adamlardır, özləri də bir qayda olaraq kişilərdir. Hətta psixoloq Dəyanət Rzayevin inithar etməsi də sonradan məlum oldu ki, borca görədir. Görün, hələ bu adam psixoloq, ali təhsilli, özünü müdafiə edən biri idi. Amma görünür ki, bu hallar insanlara çox pis təsir edir. Təəssüf ki, hələ dövlət bu problemlərlə ciddi məşğul olmur. Halbuki bu problem elə cəmiyyətdə sosial gərginliyin və ictimai-siyasi sabitliyin potensial pozulması nöqteyi-nəzərindən dövlət üçün təhlükəlidir. Buna görə də bu halların qarşısı alınmalıdır. Qeyd etdiyim kimi, həm də borclu vətndaşlardan mənfi istiqamətdə istifadə edilir”.

    “Təəssüf ki, intiharlarla bağlı məlumatı ancaq KİV-dən alırıq”

    “Картинки

    Psixoloq Azad İsazadə təəssüflə bildirdi ki, biz intiharlarla bağlı məlumatı ancaq KİV-dən alırıq: “Halbuki intiharlarla bağlı qurum yaradılmalıdır ki, statistikanı analiz etsin, səbəblərini dəqiqləşdirsin, formalarını, cins və yaş qruplarını müəyyənləşdirsin. Təəssüflər olsun ki, belə bir qurum olmadığına görə, bu gün intiharların qarşısını almaqla bağlı tədbirlərdən danışmaq mümkün deyil. Əslində, hər qrupa uyğun məsləhətlər verilməli, tədbirlər, təlimlər keçirilməldir. Bununla peşkarlar məşğul olmalıdır və ilk növbədə statistika öyrənilməlidir. Təəssüflər olsun ki, belə qurum Azərbaycanda olmadığına görə, peşəkar formada yardım ancaq fərdi müraciət edən insanlara göstərilir”.

    “Hansı amilin təsiri daha çoxdur, bunu araşdırmaq lazımdır”

    “İntiharların artmasına sözsüz ki, psioxloji, sosial, məişət və digər təsir edən amillər çoxdur. Ancaq hansı amilin təsiri daha çoxdur, hansı daha təhülkəlidir, bunu araşdırmaq lazımdır. Biz ancaq fərziyyə edə bilərik ki, bəlkə bu problemdən intiharların sayı artır. Bunu araşdırmaq mümkün olmadığı üçün dəqiq məlumatımız yoxdur” – deyə psixoloq vurğuladı.

    “İntiharlarla məşğul olan yeganə qurum polis orqanlarıdır”

    A.İsazadə qeyd etdi ki, hökumətin intiharların qarşısını almaqala bağlı heç bir tədbirdən məlumatı yoxdur: “Hələlik bu, sıfır dərəcəsindədir. Obyektiv danışsaq, intiharlarla məşğul olan yeganə qurum polis orqanlarıdır. Onlar heç olmasa araşdırır, isitintaq aparır, səbəblərini öyrənir. Deməli, Daxili İşlər Nazirliyi nəzdində intiharlarla məşğul olan var. Amma bu daha çox hüquqi yardımla bağlıdır. Psioxoloji baxımdan isə pərakəndə şəkildə ya poliklinikalarda psixiatrlara, ya da hansısa mərkəzlərdə psixoloqlara müraciət edirlər. Bundan başqa heç bir iş görülmür. “Psixoloji yardım haqqında” qanun hələ ki, layihədir, üzərində işləyirlər. Sözsüz ki, bu çoxdan lazım olan qanundur. Hələ bu qanunla bağlı konkret heç nə demək mümkün deyil”.

    “İndi intiharların sayı çoxalır”

    A.İsazadə xatırlatdı ki, ölkəmiz vaxtilə azsaylı intihar olan ölkələrdən bir idi: “İndi intiharların sayı çoxalır, doğrudur, hələ kritik nöqtəyə çatmayıb. Amma bu, o demək deyil ki, biz oturub gözləməliyik ki, krikit nöqtəyə çatsın. İndidən tədbirlər görülməlidir”.

    Şamo EMİN, Hurriyyet.org