“İdlib və ətraf ərazilər Turkiyənin təsir dairəsinə verilir” – POLİTOLOQ

    6

    Natiq Miri: “Hətta təxribat xarakterli bir uçuş olarsa, bu birbaşa Rusiyanın üzərinə düşəcək”

    Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan ilə Rusiya preizdenti Valdimir Putinin Soçi şörüşündən sonra Suriyanın yeni xəritəsi cızıldı, Suriya ərazisində 4 təhlükəsiz bölgə elan olundu. Yeni xəritəyə əsasən, İdlib vilayəti, Humus şəhərinin şimalı, Şəqri Quta və Suriyanın cənubu təhlükəsiz bölgələr hesab olunur. Bu regionlar xəritədə həm də yaşıl rəngdə qeyd edilib.

    Hazırda həmin təhlükəsiz bölgələr siyasi şərhçilərin müzakirə mövzusudur və dünya mətbuatı da bu məsələni gündəmdə saxlayır.

    “Amerika Birləşmiş Ştatları düşünür ki, İran sülh prosesinə zərər verir”

    “Suriyada bu gün hərəkətverici, yəni fəaliyətdə olan güclər Rusiya, Türkiyə və İran dövlətidir” – deyən politoloq Natiq Miri Hurriyyet.org-a bildirdi ki, Suriyada atəşkəs mexanizmlərindən tutmuş, son Astana qərarına qədər, əsasən fəaliyyətdə olan və bu yöndə qərarlar qəbul edən məhz bu 3 ölkədir: “Atəşkəsin təmin olunması yönündə qarantor ölkələr də məhz bu ölkələrdir. Doğrudur, son Astana görüşündə Amerika Birləşmiş Ştatları da öz nümayəndəsi ilə çıxış etdi və belə bir açıqlama verdi ki, Suriyanın təhlükəsizlik bölgələrinə, yəni 4 təhlükəsizlik bölgəsinə bölünməsinə etiraz etmir, əksinə bu qərarı dəstəkləyir. Ancaq İranın qarantor dövlət olaraq bu prosesdə iştirakına qarşı olduğunu da xüsusi vurğulayıb. Çünki ABŞ düşünür ki, İranın bu prosesdə iştirakı bütövlükdə sülh prosesinə zərər verir və bir növ İran dağıdıcı bir ünsür kimi dəyərlədəndirilir”.

    “Suriyada 4 təhlükəsiz zonanın yaradılması qərarı çox müsbət bir haldır”

    N.Miri hesab edir ki, Suriyada 4 təhlükəsiz zonanın yaradılması qərarı və bu yöndə memerandumun bu ölkələr arasında, xüsusilə də Suriya hakimiyyət ilə müxalifətinin də iştirak etdiyi toplantıda imzalanması özü-özlüyündə çox müsbət bir haldır: “O mənada ki, Türkiyə təhlükəsizlik bölgəsinin yaradılmasında təkliflər irəli sürürdü, ancaq çox təəssüf ki, Suriyada olan güclər, yəni Rusiya, İran, eyni zamanda ABŞ-ın qəbul etdiyi koalisiya bu təklifi qəbul etmirdi. Sonunda, çox maraqlıdır ki, Rusiyanın belə bir təkilflə çıxış etməsi, Suriyada belə bir qərarın qəbul olunması mümkün haldır. Burada fərqli cəhət ondan ibarətdir ki, Türkiyə sadəcə bir təhlükəsizlik bölgəsinin yaradılması, xüsusilə də uçuşa qadağan zonalar təklif edirdi. Artıq Rusiya bu cür bölgələrlə bağlı təkilflər verir və uçuşa qadağan zonası elan edilir”.

    “Bu bölgələrdə yalnız Rusiyanın kosmik hava qüvvələri uça bilər”

    “Doğrudur, bütün ölkələr, eyni zamanda ABŞ-ın rəhbərlik etdiyi koalisiya bu zonalarda uçuş məsələsində müəyyən məhdudiyyətlərlə qarşılaşacaqlar. Yeganə istisna hal budur ki, bu bölgələrdə yalnız Rusiyanın kosmik hava qüvvələri uça bilər. Bu da Rusiyanın üzərinə böyük bir məsuliyyət götürməsi anlamına gəlir. Çünki tez-tez Suriyada bu cür təxribat uçuşları davam edir. O mənada ki, heç bir qeydə alma nişanəsi olmayan təyyarələr müəyyən bögələri, mülki insanları bombardman etməklə aradan çıxırlar. Sonradan Suriyada olan qüvvələr bir-birini qarşılıqlı ittiham edirlər. O baxımdan, Rusiyanın bu məhdudiyyətdən kənarda qalması Kreml üçün müəyyən məsuliyyət yaradır. Çünki istənilən bir uçuş olarsa, hətta təxribat xarakterli bir uçuş olarsa, təbii ki, bu birbaşa Rusiyanın üzərinə düşəcək.

    Onu da nəzərə almaq lazımdır ki, bu, həm də Suriyanın müəyyən təsir bölgəsinə bölünməsi anlamna gəlir”, – dedi politoloq.

    “İdlib və onun ətraf əraziləri Türkiyənin təsir dairəsinə verilir”

    N.Miri qeyd etdi ki, İdlib və onun ətraf əraziləri, yəni Turkiyənin terrordan azad etdiyi ərazilər də daxil, bu ərazilər Türkiyənin müəyyən mənada təsir dairəsinə verilir: “Eyni zamanda digər bölgələr var ki, bu bölgələr də müəyyən mənada Amerika Birləşmiş Ştatlarının təsir dairəsinə, eyni zamanda İran, Rusiya və Suriya hakimiyyətnin də təsir dairələrinə bölünür. Bunu da qətiyyən diqqətdən qaçırmaq lazım deyil. Doğrudur, burada əsas hədəf atəşkəsi təmin etməklə, bütövlükdə savaşı dayandırmaq və sülh prosesinə başlamaqdan ibarətdir”.

    “Terror ünsürlərinə qarşı bombardman hərkətləri qadağan olunmur”

    “Digər tərəfdən terror ünsürlərinə – İŞİD və Əl- Qaidə, Ən-Nüsra cəhbəhəsi kimi terrorçulara qarşı mübarizə dayandırılmır və onlara qarşı istənilən bombardman hərkətləri də qadağan olunmur”, – deyə politloloq əlavə etdi.

    “Avropa da bu məsələdən müəyyən mənada məmnundur”

    N.Mirinin fikrincə, bu proses həm də Avropa ölkərlərini müəyyən mənada qane edir: “Əks təqdirdə ABŞ bu yöndə əks reaksiya vermiş olardı. Əslində, bu gün Avropa Suriyada sülhdən yanadır. Çünki Suriyada sülh olarsa, Suriyadan və Afrika ölkələrindən Avropaya miqrasiya edən insanların sayı azalar. Ona görə, düşünürəm ki, Avropa da bu məsələdən müəyyən mənada məmnundur”.

    “Türkiyə həm Rusiya, həm də Amerika ilə müəyyən bazarlıqlara getmək imkanı qazancaq”

    N.Mirinin fikrincə, təhlükəsizlik zonaların yaradılması Türkiyənin maraqlarına xidmət edir: “O mənada ki, birinci Türkiyə təhlükəsizliyi təmin etmək üçün imkanlar qazanır. İkincisi, Türkiyə qaçqınların və məcburi köçkünlərin tədricən həmin bölgələrə yerləşdirilməsi məsələsində müəyyən rahatlıq tapacaq, humanitar yadımların daşınmasında Türkiyə və beynəlxalq aləm yeni imkanlar qazanacaq. Eyni zamnda Türkiyə bu proses çərçivəsində kürd terrorçuları ilə bağlı həm Rusiya, həm də Amerika Birləşmiş Ştatları ilə müəyyən bazarlıqlara getmək imkanı qazancaq. Çünki Türkiyə bir neçə cəbhədə mübarizə aparmalı olur, həm canlı insan itkiləri, həm də böyük maliyyə itkiləri ilə üzləşir. Belə bir savaş dayandırılarsa və bu cür təhlükəsizlik bölgələri yaradlılarsa, təbii ki, bu Türkiyənin marağı çərçivəsində olan davranış kimi dəyərləndirilməlidir. Çünki Türkiyə istəmir ki, sərhədləri ətrafında bir savaş çıxsın. Hansı ki, Türkiyənin bütün sərhdləri, yəni həm İraq,  həm də Suriya boyu savaş gedir və bu savaşlar getdikcə təbii ki, Türkiyənin təhülükəsiziliyini təhdid edir. Çünki savaş yönündə həm silahlanma, həm də terror ünsürlərinin inkişafına şərait yaranır”.

    Şamo Emin, Hurriyyet.org