Mirmahmud Mirəlioğlu: “İnanmıram ki, Ramiz müəllimə Azərbaycanda kiminsə gücü çatsın”

    6

    Milli Məclisin dünən keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna əlavələr edilib. Layihəyə görə, idarəetmədə yeni strukturlar, habelə, inzibati və yardımçı vəzifələr yaradılır.

    İnzibati vəzifələr sırasına Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin vəzifəsi, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur, bölmənin rəhbərinin vəzifəsi, Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin vəzifəsi daxildir.

    Yardımçı vəzifələr sırasına isə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanın rəhbərinin müavini, Azərbaycanın Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini, habelə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi daxildir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun 11.1.1.1-ci maddəsindəki “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin vəzifəsi,” sözlərinin “orqanın rəhbərinin vəzifəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin vəzifəsi,” sözləri ilə əvəz edilməsi təklif olunur. Həmçinin “Azərbaycan Respublikası Dövlət müşavirlərinin” sözlərinin “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən orqanda müşavirlərin” sözləri ilə əvəzlənməsi istənilir.

    Bununla yanaşı, qanunun 11.1.2.1-ci maddəsindəki “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Administrasiya rəhbərinin müavini,” sözlərinin “orqanın rəhbərinin müavini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətini bilavasitə təmin edən struktur bölmənin rəhbərinin müavini,” sözləri ilə, “habelə həmin dövlət orqanlarında bölmə rəhbərlərinin vəzifələri” sözləri “həmin orqanlarda bölmə rəhbərlərinin vəzifələri, habelə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisinin vəzifəsi” sözləri ilə əvəz edilməsi təklif edilir.

    Qeyd edək ki, dünəndən bəri bəzi media qurumları “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsini “Prezident Administrasiyasının ləğv olunması” kimi təqdim edirlər.

    “Ölkədə xeyli millət vəkilləri var ki, birbaşa Ramiz müəllimin məsləhəti ilə işləyir”

    “"20

    KXCP sədr Mirmahmud Mirəlioğlu Hurriyyet.org-a bildirdi ki, dünən qəbul edilən qanun layihəsinin təqdimatına o da qulaq asıb: “Orada görünən adların dəyişdirilməsidir. Bir az əvvəl Prezident Aparatı adlanırdı, sonra adminstirasiya oldu. 2016-cı il 26- sentyabr referendumundan sonra ad dəyişiklikləri olur.

    Burada maraqlı başqa bir şey var. Böyük ehtimalla bu məsələlərdə yəqin ki, rəhbər olmayacaq, Azərbayanda da rəhbərsiz dolanmaq çətin məsələdir. Xüsusuilə də indiyə kimi, bu rəhbərliyi Ramiz Mehdiyev edibsə və onun vəzifəsi ixtisara düşübsə, onda vəziyyət qalmaqallı olur. Ölkədə xeyli millət vəkilli var ki, birbaşa Ramiz müəllimin məsləhəti ilə işləyir və ideyalarını gerçəkləşdirir. O yazıq millət vəkilləri neyniyəcəklər?”.

    “Bəs, rus başlılar parlamentdə neyniyəcəklər?”

    M.Mirəlioğlu qeyd etdi ki, dünən ondan maraqlı başqa bir şey olub: “Parlmentarilərdən biri təklif edib ki, Rusiya markalı maşınlar, yəni köhnə maşınlar küçəyə buraxılmasın. Gözəldir, mən onu təqdir edirəm. Bəs, rus başlılar parlamentdə neyniyəcəklər?  Rus maşınlarını küçəyə buraxmayaq, çox əla. Ona görə, onlar tüstü buraxırlar. Axı, rus başlılar da millətimizin, dövlətimizin əleyinə işləyirlər və bütün strukturlarda var. Administrasiyada, parlamentdə, hər yerdə var. Hətta onlar fərqləndirməkdən ötrü Rusiya özü onlara orden və medallır, dəmir-dümürlər verib, əsirgəməyib. Məncə, bu məsələlər ötəri məsələlərdi”.

    “Rəhbərin səlahiyyətləri alınırsa, onda Azərbaycanda böyük bir çevriliş baş verib”

    “Burada məsələnin ən ciddi tərəfi odur ki, bəs, Ramiz müəllimsiz Bakı və Azərbaycan neyniyəcək? Onda icra başçları neyniyəcəklər?  Vəziyyət bir az çətin olacaq. Hələ korrupsiyaya qarşı mübarizəni deməyək. Mənə elə gəlir ki, Azərbaycan mediası buna daha çox önəm verməlidir və diskussiyalar bu istiqamətdə aparılmalıdır. Aparat ləğv olunmur, adı təbii ki, yerində qalacq, binanı heç kəs ləğv etməyəcək. Amma binanın adı srağagün Prezident Aparatı, dünən adminstrasiya idi, sabah nə olacaq, özü bilər. Bu günlər hələ də diskussiya gedir. Ad yazıdır, dəyişəcəklər, planlaşdıracaqlar, əsas odur ki, mahiyyətdə böyük və müsbət dəyişikliklər olsun. Əgər rəhbərin səlahiyyətləri alınırsa, onda Azərbaycanda böyük bir çevriliş baş verib. Bəs, onda klanlarası mübarizəni kim aparacaq? Deməli, artıq Azərbaycan parlamentində dünən qəbul olunan layihə onlar deyənlər kimdirsə, diskussiya o cür gedirsə, çünki mən bilmirəm, onda artıq administrasiyada saray çevrilişi baş verib və bu nədənsə xəbər verir. Mən inanmıram ki, Ramiz müəllimə Azərbaycanda kiminsə gücü çatsın, hər hansı bir qüvvə onun fəaliyyətinə, vəzifələrinə və səlahiyyətlərinə son versin. Bu mümkünsüzdür. Onda Rusiya tamamilə sırdan çıxıbmı və yaxud Rusiya Azərbaycandan əl çəkdimi? Yoxsa Rusiyada böyük bir dəyişiklik baş verib, bizim xəbərimiz yoxdur”,  – dedi partiya sədri.

    “Bundan sonra başsız icra baçıları necə işləyəcək?” 

    M.Mirəlioğlu əlavə etdi ki, Azərbaycanda Prezident Administrasiyası rəhbərinin, yəni konkret Ramiz müəllimin kifayət qədər kadrları var: “Bu kadrlar bütün rayonlarda var. Sərəncamı, fərmanı dövlət başçısı imzalayır. Ancaq reallıq budur. Bəs, bundan sonra başsız icra baçıları necə işləyəcək?  Parlamentdə bütün siyahı onun tərəfindən tərtib olunur. Nə qədər adam var ki, nəinki onun sözünü, barmağının, gözünün işarəsini, jestini gözləyirlər. Bəs, onlar nə olacaq? Bu, çətin oldu. Bu, bir nəfərin səlahiyyətlərinin məhdudlaşdırılması deyil, xeyli adam iş yerini itirəcək. Bu, Azərbaycanda analoqu olmayan iqtisadi inişafa “stop kran”ın çəkilməsidir. Buna da mən hələ inanmıram”.

    “Kateqoriyalara bölünmək hakimiyyətin kütlədən və xalqdan ayrılması üsullarıdır”

    ““

    Hüquqşünas Namizəd Səfərov bildirdi ki, o, qanunla tanış deyil və əvvəlki qanundan fərqini araşdırmayıb: “Ancaq hər bir halda hesab edirəm ki, dövlətin vətəndaşlarını bu formada kateqoriyalara bölməsi düzgün deyil. Ölkənin bütün vətəndaşları eyni hüquqa malik olub, eyni imtiyazdan istifadə etməlidirlər. Əslində, bu kateqoriyalara bölünmək hakimiyyətin kütlədən və xalqdan ayrılması üsullarıdır. Dövlət qulluğunda olan koteqoriyalar olduqca üstün tutulur və onlara verilən əməkhaqqı yüksək olur. Bu, qanun vasitəsilə sanki qanunsuzluğun həyata keçirilməsidir. Ikincisi, dövlət  qulluğunda işləyənlərin koteqoriyalara bölünməsini tam ziyanlı bir şey kimi, mahiyyətindən asılı olmayaraq demokratiyaya zidd bir şey kimi qəbul edirəm”.

    “Qanunla nizamlanmalı yüzlərlə içtimai münasibətlər var ki, taleyin hökmünə buraxılıbdır”

    “Belə bir atalar sözü var “düzəlmişdi hər yarağımz, qalmışdır saqqal darağımız”. Bu dəqiqə qanunla nizamlanmalı yüzlərlə içtimai münasibətlər var ki, taleyin hökmünə buraxılıbdır. Guya ki, yeni institutların yaranması ilə bunlar digər dövlət srukturları ilə uzlaşdırılır. Yəqin ki, o vəzifə əməkhaqqları ilə bağlı olacaq. Heç bir dövlət əhəmiyyəti olmayan bir məsəldir. Ictimai münasibətlərin ən axırıncı nöqtəsidir. Yəni əhəmiyyətsiz bir qanun formasıdır. Yalnız əməkhaqlarının kateqoriyalara bölünməsində əhəmiyyət kəsb edən bir şeydir”, – dedi hüquqşünas.

    Şamo Emin, Hurriyyet.org