Şirkətlə dövlət qurumunun “Halal ət” qovğası

    6

    Dövlət Xidməti isə qanuni tələbə görə şirkəti “böhtançı” adlandırır

    Ekspertsə bildirir ki, heyvanların adları kodlaşmayınca problem davam edəcək

    Dövlət Baytarlıq Xidməti Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, Elçin Rüstəmovun rəhbərlik etdiyi “Elba“ MMC-yə məxsus heyvan kəsimi və emalı fabrikinə baxış keçirən zaman orada mənşəyi bəlli olmayan heyvan ətlərini aşkar etməsi barədə Hurriyyet.org xəbər vermişdi.

    Məsələ ictimailəşəndən sonra sosial şəbəkələrdə “Elba” MMC-nin Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “halallıq sertifikatı” ilə təmin edilməsi vurğulanıb və DBNX-nin insanlarda “halallıq inamı”nı şübhə yaratdığı tənqid edilib.

    Sonra isə şirkətin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Səbuhi Cahangirov mətbuata açıqlama verərək deyib ki, “Elba” MMC artıq 2016- cı ilin avqust ayında fəaliyyətini dayandırıb və şirkətin Daşkəsən kəsim zavodundakı ərazisi icarəyə verilib: “Hazırda fiziki şəxs olan İlham Qarayev və hüquqi şəxs olan “Meat treding” şirkəti həmin yeri icarəyə götürüb. “Meat treding” şirkəti öz məhsullarını oradakı soyuducuda saxlayır. Həmin gün də Baytarlıq Xidməti şirkətin məhsullarını müsadirə edib. Müsadirə edilən məhsulların heç birinin “Elba” şirkətinə aidiyyatı yoxdur. Bunu icarədarlar da təsdiqləyə bilərlər.

    Sadəcə olaraq, Baytarlıq Xidməti heç bir analiz aparmadan elə həmin gün ət məhsullarının yararsız olması haqqında informasiya verib. Halbuki bir ət məhsulunun yararsız olub-olmadığını müəyyənləşdirmək üçün laboratoriyada analiz edilməsi üçün 3-6 gün müddət lazımdır. Hansı səbəbdənsə qurum bunu etməyib və şirkətimizin bağlanmasana baxmayaraq, adımızdan istifadə edərək qara piar kampaniyasını həyata keçirib. 17 ilə yaxın fəaliyyət göstərən şirkətimizin imicinə zərbə vurublar. Biz bununla bağlı Dövlət Baytarlıq Xidmətini yaxın günlərdə məhkəməyə verəcəyik”.

    Daha sonra o, vurğulayıb ki, şirkət bağlandığına görə, təbii olaraq QMİ-dən “halallıq sertifikatı”nı yeniləmək üçün müraciət etməyiblər.

    Cahangirov həmçinin əlavə edib ki, hazırda şirkətin yenidən fəaliyyətinin bərpa edilməsi istiqamətində işlər aparılır: “Bizim İran və Rusiya şirkətləri ilə müqavilələrimiz var. İstəyirik ki, bundan sonra şirkət olaraq daha çox ixrac məhsullarına üstünlük verək”.

    DBNX isə bu ittihama bu gün belə cavab verib. DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli Hurriyyet.org-a deyib ki, Səbuhi Cahangirovun iddialarının əsası yoxdur: “Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən “Elba“ MMC-yə məxsus kəsim və emalı fabrikində 26 apreldə Daxili İşlər Nazirliyinin Daşkəsən Rayon Polis Şöbəsi tədbir həyata keçirib. Daşkəsən Rayon Polis Şöbəsinin müraciəti əsasında Daşkəsən Rayon Baytarlıq İdarəsinin əməkdaşları Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi  “Hundai“ markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilindən və Daşkəsən rayonu Quşçu qəsəbəsinin inzibati ərazisində yerləşən, “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikində aşkarlanan mənşəyi məlum olmayan, sağlamlığına dair heç bir sənədi olmayan sümüksüz ətlərdən nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

    Tədbir keçirilən zaman Daşkəsən Rayon Polis Şöbəsinin, Daşkəsən Rayon Baytarlıq İdarəsinin və “Elba” MMC-nin nümayəndələrinin iştirakı ilə akt tərtib edilib. Polis şöbəsinin əməkdaşları tərəfindən dəvət edilən və “Elba” MMC nümayəndəsi kimi özlərini təqdim edib akta imza edənlər  “Elba” kəsim və ət emal fabrikinin iş icraçısı İlham Qarayev, “Elba” MMC-nin nümayəndəsi Səbuhi Cahangirov və “Elba” MMC kəsim və ət emal fabrikasının anbardarı Rafiq Xəlilov olub (aktın sürəti əlavə edilir).

    Özlərini “Elba” MMC nümayəndəsi kimi təqdim edən hər 3 nəfər tədbirdə iştirak edib və aktı imzalayıblar.

    Aktda adları qeyd edilən “Elba” MMC-nin nümayəndələri tədbir keçirilən zaman ərazinin icarəyə verilməsi və digər hallarla bağlı heç bir məlumat və sənəd təqdim etməyiblər.  

    ““ 

    Bildirilən ərazinin “Meta” şirkətinə və fiziki şəxs İlham Qarayevə icarəyə verilməsi və orada onlar tərəfindən heyvan kəsiminin aparılması ilə əlaqədar Daşkəsən Baytarlıq İdarəsində də heç bir məlumat və qeydiyyat mövcud deyildir.

    Aktda həmin ətlərin mənşəyinə və sağlamlığına dair heç bir sənədin olmadığı və ətlərin “Elba” MMC-yə məxsus olması qeyd edilib və böhtan xarakterli məlumatı yayan Səbuhi Cahangirov da  özü şəxsən akta imza atıb.  

    “Elba” MMC rəhbərliyi qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə bu cür şər, böhtan xarakterli fikirləri mətbuat səhifələrinə çıxarır. 

    Dövlət Baytarlıq Nəzarəti Xidməti 27 aprel 2017-ci il tarixli məlumatında da tədbirin Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən aparıldığını qeyd edib. Eləcə də Daşkəsən  Rayon Polis Şöbəsinin müraciəti əsasında aşkar edilmiş mənşəyi məlum olmayan ətlərin, ət məhsullarının mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürulərək müayinə üçün Respublika Baytarlıq Laboratoriyasına göndərildiyi vurğulanıb.

    Müvafiq araşdırmalar Daşkəsən  Rayon Polis Şöbəsi tərəfindən aparılır.

    Tərtib olunmuş akta və aşkar olunan faktlara istinad edərək bir daha bildiririk ki, aşkarlanan ətlərin Daşkəsən Rayon Baytarlıq İdarəsi tərəfindən mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq arayışı verilməyib və ətlərin üzərində heç bir baytarlıq möhürü olmayıb. Sexdə aşkarlanan ətlərin mənşəyinə və sağlamlığına dair heç bir müvafiq sənəd olmadığı üçün həmin ətlər mənşəyi məlum olmayan ətlər kimi sənədləşdirilib, mənşəyini və sağlamlığını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. 

    Respublika Baytarlıq Laboratoriyasına göndərilən nümunələrin müayinəsi başa çatmış, müayinələrin nəticəsinə əsasən Əliyev Natiq Rüstəm oğlunun idarə etdiyi  “Hundai“ markalı 99-KV-790 dövlət nömrə nişanlı yük avtomobilində aşkar edilən ətlərdən götürülən nümunələrin hamısının ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətlərinin olması müəyyən edilib. Həmçinin həmin ətlərin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunub (Ekspertiza N 0501, L-4/434, 29 aprel 2017-ci il).

    “Elba” MMC-yə məxsus kəsim və emalı fabrikinin soyuducu kameralarında aşkar olunan ətlərdən götürülən nümunələrin 5-nin ölmüş və ya aqoniya vəziyyətində kəsilmiş at ətləri olması, digər nümunələrin isə aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvan ətlərinin olması müəyyən edilib. Həmçinin həm at ətinin, həm də iribuynuzlu heyvan ətlərinin insan sağlamlığına, səhhətinə zərər yetirən bakteriyalarla çirkləndiyi müəyyən olunub (Ekspertiza N 0501, L-4/434, 29 aprel 2017-ci il). 

    Laboratoriya ekspertizalarının nəticələri müvafiq araşdırmalar aparan Daşkəsən  Rayon Polis Şöbəsinə göndərilib.

    Respublika Baytarlıq Laboratoriyasının müvafiq ekspertizalarının nəticəsi nəzərə alınaraq insan səhhətinə ağır zərər yetirən, bakterioloji çirklənməyə məruz qalan, aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş, heyvan ətləri (at və iribuynuzlu heyvan ətləri) haqqında qanunvericiliyə uyğun tədbir görüləcək.

    Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, heç vaxt qərəzli mövqe tutmamış, bu günə qədər “Elba”MMC-lə də heç bir qərəzli münasibətdə olmayıb  və qara piarla məşğul olmayıb. Bu iddialar özlərini müdafiə etmək, təmizə çıxartmaq məqsədi daşıyır və heç bir əsası yoxdur.

    Dövlət Baytarlıq Nəzarəti Xidməti haqqında yazılan bu məlumatlar heç biri həqiqəti əks etdirmir, qərəzli və əsassızdır.

    Əksinə, Dövlət Baytarlıq Nəzarəti Xidməti mənşəyi məlum olmayan, insan qidası üçün yararsız olan ətləri gizli yolla satışa çıxaranlara qarşı daim mübarizə aparır, onların bu hərəkətlərinin qarşısını almaq üçün mütəmadi nəzarəti tədbirlərini müvafiq qurumlarla birlikdə davam etdirir. Aşkar edilən mənşəyi məlum olmayan, insan qidası yararsız ətlər KİV nümayəndələrini iştirakı ilə zərərsizləşdirilib”.

    Qeyd edək ki, murdar ət biznesi kimi çirkin bir işlə məşğul olanların şəbəkəsi böyükdür. Bu haqda dəfələrlə yazmışıq. Amma son vaxtlar bu mövzu daha da aktuallaşıb və DBNX bu istiqamətdə demək olar ki, hər həftə fakt aşkarlayıb, ictimailəşdirir. Amma iş ondadır ki, bu məsələdə kimin haqlı, kimin haqsız olmasında çaşqınlıq yarandığına görə  həqiqətən də əhali inamsız durumda qalır.

    Ekspert Vahid Məhərrəmov isə bildirir ki, “heyvanların identifikasiya”sı deyilən bir anlayış var, hər bir inəyin, camışın, qoyunun öz kodu olur ki, həmin koddlara da uyğun bu sahəni nəzarətdə saxlamaq mümkündür. Bu heyvanlar kodlaşdırılandan sonra nəzarətə götürülür və onların sağlamlığı haqqında məlumat bazası yaradılır. Başqa ölkələrdə bu üsul tətbiq olunsa da bizdə heyvandarlıqla məşğul olanların əksəriyyəti məmur olqarxlar olduğuna görə identifikasiya prosesi məqsədli şəkildə gecikdirlir və bu işlə məşğul olmaq istəmirlər: “Ona görə ki, o məmur oliqarxların həm qoyun ferması, həm də iri buynuzlu mal-qara ferması var. Bunlar identifikasiyanı qəsdən gecikdirirlər ki, kimsə fərdi qaydada heyvan kəsimi, satışı ilə məşğul olurlarsa, onları əvvəlcə sıradan çıxarsınlar. Ölkədə istehlakçılar hesabına nə qədər baha qiymətə süd, ət, digər heyvandarlıq məhsulları satmaq olar? İmkan verilməlidir ki, bu işi bacaranlar o işlə məşğul olsunlar”.

    DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli isə hələ bir neçə ay əvvəl bildirmişdi ki, heyvanlarının identifikasiya olunmasıyla bağlı proqram hazırlanması nəzərdə tutulub, amma onu da xahiş etdi ki, bu mövzuya hələlik (?!) toxunmayaq.

    Yəqin ki, başqa şərhə ehytiyac yoxdur.

    Nigar, Hurriyyet.org

    ““ 

    ““ 

    ““ 

    ““ 

    ““ 

    ““ 

    ““