Məhəmməd Rzanın ibrət alınmayan ibrətamiz taleyi

    3

    Əlisa NİCAT

    (Əvvəli bu linkdə: http://hurriyyet.org/xeberlenti/26088-mhmmd-rzanin-ibrt-alinmayan-ibrtamiz-taleyi.html)

    Elə ki, İran bir-birinə dəydi, bütün şəhərlərdə yüz minlərlə insan küçələrə axışıb “şaha ölüm!” şüarlarıyla bağırmağa başladı, tiran məzlum günə qaldı.  R.Kapuşinski yazır:  “Özünü itirən hökmdar soruşur:  «Axı mən nə etmişəm, onların içinə niyə cin girib?»

    O, başa düşmürdü ki, insanların səbrindən sui-istifadə etmişdi. Bəs bu səbrin həddi hardadır? Onu necə müəyyən etmək olar?  Lakin hakimiyyət bilməlidir ki, ehtiyatsız bircə söz onun yıxılmağına səbəb ola bilər. O, bunu bilirmiş kimi görünür, daim ayıq-sayıq olur, amma elə bir an gəlir ki, özünü qoruma hissi yox olur, həddən artıq xülyaya dalmış, özünə əmin, təkəbbürlü vəziyyətdə səhvə yox verir və öz məhvinə yol açır. 1978-ci il 8 yanvarda hökumət qəzeti  «ETTELAAT»da  Xomeyniyə hücum edən məqalə çıxır. O zaman Xomeyni  Parisdə mühacir kimi yaşayıb şaha qarşı mübarizə aparırdı. Müstəbid tərəfindən təqib olunan və ölkədən sürgün edilən Xomeyni hələ avam xalqın sevimlisi və vicdanı idi. Xomeyni mifini məhv etmək, alçaldılmış və təhqir edilmişlərin ümidlərini qırmaq, onların müqəddəs bildiyi bir şeyi murdarlamaq demək idi. Məqalənin məqsədi də bu idi.”

    …Daha sonra Kapuşinski hadisələrin ardını təsvir edərək yazır: “Küçələrdə polislə xalq üz-üzə durdu. Polis adamlara dağılmağı əmr etdi. Polis qışqırmaqda davam etsə də, heç kim qaçmadı. Bunu görən polis susdu. Araya bir anlıq səssizlik çökdü. Biz bilmirik polis və kütlənin ucundəkı adam nə baş verdiyini artıq dərk edir, ya yox. Amma məsələ bundadır ki, həmin artıq qorxusu yoxdur. – İNQİLAB DA MƏHZ BU ZAMAN, MƏHZ BU MƏQAMDA BAŞLAYIR. İndiyə qədər bu iki şəxs bir-biriylə qarşılaşanda üçüncü fiqur dərhal onların arasına girirdi. Bu üçüncü fiqur  QORXU idi. Qorxu polisin müttəfiqi, kütlədəki adamın düşmənidir.

    Qorxu bizim içimizdə yaşayan yırtıcı, acgöz heyvandır. O daim bizə mövcudluğunu xatırladır. O, bizi içəridən yeyir  və bağırsaqlarımıza dolaşır. O davamlı olaraq qida tələb edir və hər zaman ən dadlı təamları seçir. Onun sevimli yeməkləri bədxahlıq, dedi-qodu, pis xəbərlər, təşviş yaradan fikirlər, gecə kabuslarıdır.

    …Şah da dəstəyə ehtiyac duyur. Ona görə Təbriz qətliamının son qurbanları dəfn ediləndən sonra şəhərdə şaha dəstək nümayişləri təşkil edilir. Şahın partiyası  «Rastaxiz»in fəallarını şəhərin əsas meydanlarına toplayırlar.

    …Lakin, artıq gecdir. Şah yenə qaçmaqdan başqa çarə görmür. ŞAH SARAYINI TƏRK EDƏRKƏN AĞLAYIRDI. HAVA LİMANIDA DA AĞLAYIRDI.

    Sonrakı hadisələr artıq hamıya məlumdur. Lakin bəsirətli Rişard Kapuşinski  «Keyhan» qəzetinin müxbirinin bir nəfərlə müsahibəsini dərc edir. Bu adam heykəl uçurandır.

    Şah lap əvvəldən həm atasına, həm də özünə heykəllər qoymağa başlamışdı. Buna görə uçurulması lazım olan xeyli heykəl yığılmışdı. Müxbir heykəluçurandan soruşur:

    – Siz bütün heykəlləri uçurmusuz?

    – Bəli, axırıncısına kimi. Şah hələ Mosəddiq zamanında yenidən İrana qayıdanda artıq ölkədə bircə dənə də Pəhləvi heykəli qalmamışdı. Amma qayıdandan sonra şah yenə atasına və özünə yeni heykəllər ucaltmağa başladı.

    – Siz uçurursunuz, o isə yenisini ucaldır. Onun ucaltdığını siz yenidən təzədən uçurursunuz. Demək ki,  sizin çox maraqlı peşəniz var.

    – Bu peşə deyil, vəzifədir. Mən tiranın heykəllərini yıxmaqla qürur duyuram.

    Despotun yaratdığı sistem ancaq özünü müdafiə eyməyə qadir idi, insanları  razı salmağı bacarmırdı və ya bunu məqsəd kimi qarşısına qoymamışdı. Bu sistemin ən zəif cəhəti və qəti məğlubiyyətinin ən əsas səbəbi idi. Belə sistemlərin psixoloji təməlində rəhbərin öz xalqına  nifrəti, eləcə də nadan xalqı davamlı vədlərlə aldatmağın mümkünlüyünə inam dayanır.

    ““

    Bu elə bir dünyadır ki, qanun insanı müdafiə vasitəsi kimi yox, rəqibi məhv etmək aləti kimi başa düşülür. Bəli, bu çox qəddar səslənir. Bu  dəhşətli və amansız qəddarlıqdır. Lakin eyni zamanda dövrümüzün reallığıdır.

    Despot gedə bilər, ancaq heç bir diktatura despotun gedişi ilə bitmir. Diktatura öz mövcudluğuna görə kütlələrin cəhalətinə borcludur, ona görə də bütün diktatorlar cəhaləti təşviq etmək üçün xeyli əziyyət çəkirlər. Vəziyyəti dəyişmək, işıqlığa  çıxmaq üçün nəsillərin dəyişməsi lazımdır. Bu baş vermədikdə isə, diktatoru devirənlər özləri onun varisləri kimi hərəkət edirlər, məhv etdikləri dövrün və şəxsin davranış və fikir tərzini davam etdirirlər”.

    Nə qədər dahiyanə və realist hökmdür. Xomeyni və başqa ayətollalar məhz elə də etdilər.

    Mərhum Rişard Kapuşinskinin kitabı beləcə siyasi, amma super realist nağıl kimi oxucuya ləzzət verir. Çünki ustad yazıçı və publisist  konflikt, hadisə  və  qəhrəmanların mahiyyətini  görünməmiş bir ustalıqla təsvir edib.