Qan donduran hesabat! Qərb koalisiyası İraq və Suriyada yüzlərlə dinc insanı “səhvən” öldürüb!

    3

    Etiraf etdikləri rəqəm 396 nəfərdir, müstəqil müşahidəçilər isə 3016 nəfər dinc sakinin bombalandığını yazır

    Hurriyyet.org xəbər verir ki, ABŞ Mərkəz Qüvvələr Komandanlığının (CENTCOM) məlumatına görə, ABŞ-ın başında durduğu İŞİD-ə qarşı koalisiya qüvvələrinin fəaliyyətə başladıqları 2014-cü il avqust ayından bu ilin martına qədər “səhvən” 396 nəfər mülki vətəndaşın həlak etdikləri bildirilir.

    CENTCOM İŞİD-ə qarşı koalisiya İraq və Suriyadakı hava hücumlarında həyatını itirən mülki vətəndaşların sayı ilə bağlı mart ayına qədər olan hesabatı açıqlayıb.

    Hesabatda İŞİD ilə mübarizəyə başlanan gündən indiyə qədər ABŞ-ın lideri olduğu beynəlxalq koalisiyanın “səhvən” 396 nəfər mülki vətəndaşın ölümünə səbəb olduğu bildirilib. Eyni müddət içərisində İraq və Suriyada 20 205 hava hücumu təşkil edildiyi bildirilir. Bundan əvvəlki ayın hesabatlarında bu rəqəm 229 olaraq göstərilmişdi.

    Müstəqil mənbələr ölənlərin sayının 3 min nəfərdən artıq olduğunu göstərib

    Lakin yerli mənbələr və koalisiyanın hava hücumlarını yaxından izləyən bir çox müstəqil qeyri-hökumət təşkilatları, İŞİD-ə qarşı koalisiyanın hava hücumları zamanı İraq və Suriyada daha çox mülki vətəndaşın həlak olduqlarını iddia edirlər.

    Suriya və İraqdakı hava hücumlarını daha çox yerli mənbələrdən izləyən “Airwars” adlı informasiya saytı isə koalisiyanın fəaliyyətə başladığı gündən indiyə qədər həlak elədiyi mülki vətəndaşların sayının 3016 olduğunu qeyd edib.

    Hurriyyet.org