Azərbycanı Şimail Koreyadan ayıran 18 ölkə – MƏTBUAT AZADLIĞI SAHƏSİNDƏ BİABIRÇI GÖSTƏRİCİ

    6

    Yadigar Məmmədli: “Heç bir ölkədə hər bir şey yüz faiz normal deyil”

    “Sərhədsiz reportyorlar” (Reporters Without Borders) beynəlxalq təşkilatının dünən açıqladığı hesabatda Azərbycan mətbuat azadılığı reytinqində 180 ölkə arasında 162-ci yerdədir. Hesabatda Azərbaycan hakimiyyətinin televiziyaları və çap mətbuatını tam nəzarətdə saxladığı, internetə müdaxilə etdiyi, jurnalistlərin həbs və təqib olunduğu qeyd edilir. 

    Qonşu ölkələrdən Gürcüstan reytinq siyahısında 64-cü, Ermənistan 79-cu, Rusiya 148-ci, Türkiyə 155-ci, İran 165-ci yerdədir.

    ABŞ-ın 43-cü olduğu siyahıda ilk yerləri Norveç, İsveç və Finlyandiya tutur.

    Siyahının sonunda isə Suriya (177), Türkmənistan (178), Eritreya (179) və Şimali Koreya (180) dövlətləridir. 

    “Azərbaycanda söz, mətbuat azadlığı sıfır dərəcəsindədir”

    “Картинки

    “Sərhədsiz reportyorlar” təşkilatının siyahsına münasibət bildirən “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev Hurriyyet.org-a dedi ki, əslində, Azərbaycan layiq olduğu yerdədir: “Azərbaycanda demək olar ki, söz, mətbuat azadlığı sıfır dərəcəsindədir. Ölkədə demək olar ki, azad media institutu qalmayıb. Bunun üçün nə iqtisadi, nə də hüquqi şərait var”.

    “Bütün telekanallar televiziya haqqında qanunu çox pis pozurlar”

    M.Əliyev qeyd etdi ki, Gürcüstanda azad media və inkişaf var: “Bizdə yoxdur, axı. Bizdə müstəqil telekanal var? Heç olmasa ictimai televiziya öz funksiyasını yerinə yetirirmi? Hamısı qanunazidd əməllərlə məşğuldur. Bütün telekanallar televiziya haqqında qanunu çox pis pozurlar, yəni plüralizm, obyektivlik, balans yoxdur. Bu artıq ciddi qanun pozuntusudur. Saytları, qəzetləri götürsək, eyni vəziyyətdədir. Bizim KİV azad deyil. “Azadlıq” saytı, “Meydan” TV-nin bağlanması ilə bağlı məhkəmə gedir. Bunlar hamısı onun göstəriciləridir. Hakimiyyətin media ilə davranşı bu formadadır. Ya pul verirəm sən mənə işlə, mənim dediklərimlə otur-dur, ya da səni məhv edirəm, dağıdıram, qadağan edirəm – Azərbaycanda media ilə dövlət arasında münasibətlər bundan ibarətdir. Başqa bir münasibət yoxdur”.

    “Azərbaycanda müstəqil media orqanı saxlamaq mümkün deyil”

    M.Əliyev sual etdi ki, sizin qəzet – “Hürriyyət” müstəqildirmi: “Mən deyərəm ki, yox, ola bilməz. Çünki Azərbaycanda müstəqil media orqanı saxlamaq mümkün deyil. İlk növbədə, iqtisadi cəhətdən hər şeyi əlimizdən alıblar”.

    “Azərbaycan o sıralamada tutduğu yeri haqq etmir”

    ““

    Demokratik Jurnalistlər Liqasının sədri Yadigar  Məmmədli bildirdi ki, bu mövzu yeni deyil: “Hər dəfə beynəlxalq təşkilatlar mətbuat azadlığı ilə bağlı hesabat açıqlayanda, bu Azərbaycanda birmənalı qarşılanmır. Əslində, burada birmənalı qarşılanmayan məqamlar çoxdur. Təbii ki, hər bir təşkilatın özünün indeksləri var. İndekslər əsasında formlaşdırırlar ki, həmin ölkədə hər hansı məsələ hansı səviyyədədir. O səviyyəni özləri müəyyənləşdirirlər. Mənə elə gəlir ki, həmin indekslərdə yanlışlıqlar var. Azərbaycan doğrudan da o sıralamada tutduğu yeri haqq etmir. Azərbaycanda elə vəziyyət var ki, öndə olan ölkələrdə təbii ki, o məsələlər xeyli irəlidədir, inkişaf edibdir. Heç bir ölkədə hər bir şey yüz faiz normal deyil. Bunun olması mümkün deyil. Ona görə ki, demokratiya nə qədər varsa, daha çox azadlıqlar əldə edilməlidir, irəliyə can atmaq lazımdır. Bu azadlığın əldə edilməsi ilə bağlı çox işlər görülməlidir. Amma o da faktdır ki, bu sahədə qanunvericilik var, bütün qanunlar qəbul olunub, onların icra olunmasında  müəyyən önəmli məsələlər ola bilər”.

    “Bu monitorinq qərəzli aparılır”

    Y.Məmmədlinin fikrincə, Azərbaycanı qonşu ölkələrlə müqayisə etmək düzgün deyil: “Deməzdim ki, bizdə olan söz, mətbuat azadlığı  Ermənistan və Gürcüstandan iki dəfədən də çox pis vəziyyətdədir. Doğrudan da, bu, insafla deyil. Bu mütləq mənada şübhələr yaradır. O şübhələr də özünü doğultmur. Bu işlə məşğul olan bir insan kimi deyirəm ki, bu monitorinq qərəzli aparılır. Bu qərəz indekslərin formlaşdırılmasındadır. Elə indekslərlə formalaşdırırlar ki, o istər-istəməz bu mənzərəni ortaya qoyur. Mən özüm də çoxlu sayda monitorinq keçirmişəm. Montorinqlərdə qoyulan suallar hədəfi müəyyənləşdirir. Məqsəd doğrudan da ümumi mənzərəni ortaya qoymaqdırsa, orada belə mənzərə çıxmamalıdır. Yəqin ki, orada suallar tamamilə başqa formada qoyurlar ki, belə bir mənzərə ortaya çıxır”.

    Şamo Emin, Hurriyyet.org