“Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?” – POLİTOLOQ

    3

    “Azərbaycan əhalisinin artması tendensiyası Ermənistanı narahat edir”

    “Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər”.

    Hurriyyet.org xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Müdafiə Nazirliyinin ön cəbhədəki əsgər çatışmazlığının qarşısını almaq üçün “10 min dollar ölüm” təklifini şərh edərkən yazıb. Siyasi şərhçi bunun obyektiv səbəblərinin olduğunu bildirib.

    “Bunun obyektiv səbəbləri var. Birincisi, gənclər Ermənistanı tərk edirlər, onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedirlər, ya da Qərb dövlətlərinə mühacirət edirlər. İkincisi, Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın isə əksinə, artır, yaxınlarda sayımız 10 milyona çatacaq. Bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər. Ermənistan mülki müdafiə naziri Viqen Sarkisyan bu vəziyyətdən çıxış yolu kimi yeni ideya irəli sürüb: “Könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödənəcək”. Başqa sözlə, Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir. Bu ideya yaxınlarda parlamentdə qanun şəklinə gələcək. Görək, Ermənistanda 10 min dollara nə qədər gənc ölümə hazır olacaq?” – deyə politoloq sual edir.

    “Azərbaycanın insan potensialı kifayət qədərdir”

    “Bir məqama da diqqət yetirməyi lazım bilirəm ki, Azərbaycanın insan potensialı kifayət qədərdir, döyüş bölgəsində xidmət problemimiz yoxdur. Aprel döyüşləri də göstərdi ki, az qala bütün əhali döyüşə atılmaq istəyirdi”, – deyə politoloq vurğulayıb.

    Şahinoğlunun fikrincə, biz də cəbhə bölgəsində xidmət keçənlərə xüsusi imtiyazlar haqqında düşünməliyik: “Doğrudur, aprel döyüşlərində şəhid olanların ailələrinə və yaralanan hərbçilərə böyük diqqət göstərildi. Ancaq bunun qanun şəklinə gətirilməsinə bizdə də ehtiyac var”.

    Şamo, Hurriyyet.org