“Maliyyə Bazarlarına Nəzarət Palatasının da ciddi heç bir addımı gözə dəymir” – Keçmiş maliyyə naziri

    6

    Hurriyyet.org xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri Fikrət Yusifov açıqlama verib.

    “Bank bağlamaq islahat deyil, bu heç bank sistemini sağlamlaşdırmaq da demək deyil”

    “Öncə manatın yersiz möhkəmləndirilməsinə yönəlik siyasət illərlə ixrac potensialının formalaşmasına ciddi zərbə vurmaqla maliyyə sistemində dollarlaşmanı son həddə qədər yüksəltdi. Bu vəziyyətdə Mərkəzi bankın milli valyutanının iki dəfə ucuzlaşmasına səbəb olan iki kəskin devalvasiyaya getməsi isə onun tam səriştəsiz bir pul-kredit siyasəti apardığını bir daha ortaya qoydu. Keçən ilin yekunlarına həsr olunmuş Nazirlər Kabinetinin iclasında “Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olmuşdur” deyən dövlət başçısı çox haqlı olaraq bankların fəaliyyətinə qeyri-kafi qiymət verdi. Təəssüf ki, bu sferada mövcud olan problemləri həll etmək üçün yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasının da fəaliyyətində vəziyyəti normallaşdıra biləcək ciddi heç bir addımı gözə dəymir. Bank bağlamaq islahat deyil, bu heç bank sistemini sağlamlaşdırmaq da demək deyil”.

    “Bankların özünə dəstək verən gərəkdir”

    Yusifov nəzərə çatdırıb ki, bu gün iqtisadiyyat üzünü banklara tutub onlardan dəstək diləyir: “Banklar isə elə bir duruma düşüblər ki, onların özünə dəstək verən gərəkdir. Bu vəziyyətdə xarici bankları bazara buraxıb onlardan öyrənmək və öyrənə-öyrənə bank sisteminin sağlamlaşmasına nail olmaq vəziyyətdən çıxışın bir yoludur. Digər yol isə özümüzün kordinal addımlar atmaqla bank sistemində sağlamlaşmağa nail ola bilməyimizdir. Təəssüf ki, bu gün bank sistemində islahat adı altında aparılan işlər vəziyyəti düzəltmək əvəzinə, onu bir qədər də ağırlaşdırır”.

    Şamo, Hurriyyet.org