İŞİD rəhbərliyi Rakkanı tərk edir – ABŞ şəhəri yaratmaq istədiyi kürd regionuna vermək niyyətindədir

    3

    Terror adı altında aparılan III Dünya müharibəsindən sonra hansı dövlət qurulacaq?

    Hurriyyet.org xəbər verir ki, qondarma İraq Şam İslam Dövləti – İŞİD separatçıları “öz paytaxtlarını” Rakkadan Deyr-əz-Zora köçürüblər. Buna səbəb Suriyada Vaşinqtonun dəstəklədiyi dəstələrin hücumlarının və aviazərbələrin artmasıdır. Məlumatı ABŞ Müdafiə Nazirliyinə istinad edən “Foks Nyus” telekanalı yayıb.

    Amerika hərbçilərinin informasiyasına görə, onlar pilotsuz uçuş aparatlarının köməyi ilə, son iki ay ərzində yüzlərlə İŞİD “məmurunun” Rakkanı tərk etməsini müşahidə ediblər.  Onlar Deyr-əz-Zordan bir qədər cənubda, Fərat sahilində yerləşən Məadin şəhərinə yollanıblar.

    Bildirilir ki, ABŞ-ın rəhbəri olduğu koalisiya qüvvələri yaxın gələcəkdə Rakkaya hücumları gücləndirməyə çalışırlar və şəhər uğrunda döyüş qaçılmazdır. Lakin İŞİD rəhbərliyi artıq orada deyil.

    Rakka – Suriyanın şimalındakı şəhərdir, 2014-cü ildə İŞİD terrorçuları tərəfindən tutulub və qruplaşmanın qeyri-rəsmi paytaxtı hesab edilir.

    Martın axırında bildirilmişdi ki, kürd qruplaşmaları Rakka şəhərinin terrorçulardan azad edilməsindən sonra öz muxtariyyətlərinə daxil elmək istəyirlər. Amerikanın da planı elə bundan ibarət idi: İŞİD “islam” mutasiyasını yaradaraq, ona qarşı vuruşmaq bəhanəsi ilə Yaxın Şərq regionuna daxil olmaq, bölgədə dinc yaşayışın mümkün olmadığı hərbi-dağıdıcı şərait yaradaraq, əhalini yerindən-yurdundan didərgin salmaq, sonra yenə də özünü  yaratdığı “kürd” (əslində bir qismi erməni) terrorçuları İŞİD-dən və yerli əhalidən “təmizlənmiş” məntəqələrdə özünün çaldığı ilə oynayan yeni dövlətciklər, Rusiyanın süni şəkildə tarixi Azərbaycan ərazilərində yaratdığı Ermənistan kimi forpost kürd dövləti qurmaqdır. Nümunə olaraq, Menbiçi göstərə bilərik. Menbiç İŞİD-dən təmizləndikdən sonra PKK-nın Suriya qolu olan YPG-PYD birləşmələri şəhərə girərək qeydiyyat sənədlərinin – “kupça”ların yerləşdiyi dövlət idarəsini yandırmışdı. Ötən ilin avqustunda koalisiya qüvvələrinin havadan dəstəkləməsi və Ərəb Koalisiyası ilə bağlı olan qüvvələrin köməyi ilə Menbici ələ keçirən PYD əhalinin qeydiyyatı ilə məşğul olan və torpaq sahələrinin qeydiyyatının yerləşdiyi idarələri atəşə tutaraq yanğın törətmişdi. Menbicdəki yerli mənbələrdən alınan məlumata görə, bu yanğınları törəmətməkdə məqsəd bölgənin demoqrafik quruluşunu dəyişmək və daşınmaz əmlakı ələ keçirməkdir. PKK-nın Suriyadakı qolu RYD-nin İŞİD-in rayonu tərk etməsindən sonra evlərinə geri qayıtmaq istəyən ərəb və türkmənləri İŞİD-in evlərə mina döşədiyi bəhanəsi ilə rayona buraxmadığı bildirilmişdi. Suriya müxalifətçi və inqilabçı güclər beynəlxalq koalisiyası üzvü Usame Telcu “Anadolu Ajansı”na verdiyi açıqlamada demişdi ki, yanğının qeydiyyat sənədlərinin yerləşdiyi mərtəbədə baş verməsi şübhə doğurur və onun qəsdən törədildiyinə işarə vurur. Telci demişdi: “Biz PYD-dən şübhələnirik. Çünki bu qrup həmişə deportasiya və etnik təmizləmə siyasəti yeridib. Üstəlik, bu hadisədən – sənədlərin yandırılmasından sonra PYD-nin rayondakı əmlakı ələ keçirməsini asanlaşdıracaqdır”. PYD-nin rəhbərlik etdiyi Suriya Demokratik Qüvvələri sıralarında döyüşməyən ailələrin Membicə qayıtmalarına icazə vermədiyini söyləyən Telcu demişdi: “Bu vəziyyət PYD-nin rayonda demoqrafik dəyişikliklər planlaşdırığını göstərir”.

    Həqiqətən də Suriyada böyük demoqrafik dəyişiklik olub, milyonlarla əhali qaçqın düşüb, on minlərlə insan həlak olub. 

    I Dünya müharibəsində ermənilər, II Dünya müharibəsindən sonra isə yəhudilər tarixdə ilk dəfə dövlət sahibi oldular.

    Elan edilməmiş III Dünya müharibəsi ABŞ-ın “Böyük Yaxın Şərq” layihəsinin gerçəkləşməsidir, terrorçular tərəfindən aparılır və hədəfi kürd dövlətinin yaradaraq, Suriya, İraq və Türkiyə dövlətlərini parçalamaqdır.

    Türkiyənin cənubunda separatçı bölgə, terror dəhlizi yaradılmasının qarşısını ancaq Türkiyənin özünün sərhəddən cənubda “Fərat qalxanı” kimi əməliyyatlar aparması ala bilər.

    Xatırladaq ki, 2003-cü ildə Amerikanın İraqı işğal elədiyi zaman şimali İraqdakı kürd yaraqlıları ilk növbədə Kərkük şəhərinin dövlət idarələrində yerləşən qeydiyyat sənədlərini yandırmışdılar. Türkiyədə dərc olunan “Vətən” qəzetində 2003-cü ilin aprelin 10-da “İlk işləri sənədləri ələ keçirmək oldu” başlıqlı yazı dərc edilmişdi: “Şimali iraqlı kürd qruplar dünən Kərkükə giriblər. İlk hücum elədikləri yerlər isə vətəndaşlıq vəziyyətlərinin qeydiyyata alınması şöbələri oldu, sənədləri yandırdılar. 1991-ci ildəki kimi, məqsədləri türkmənlərin izini itirməkdir Mülki kürdlər də saxta sənədlərdən istifadə edərək maşın karvanı ilə şəhərə daxil oldular.

    Bağdad təslim olduqdan, Səddan taxtdan salınandan sonra bütün nəzərlərin dikildiyi Şimali İraqda qorxulan oldu və kürd qruplar Kərkükə daxil oldular. Amerika qüvvələri və Cəlal Talabaninin lideri olduğu İraq Kürdistan Yurdsevərlər birliyi (KYB) milisləri səhər erkən saatlarda Kərkükə qarşı hücuma keçdi. Növbə ilə Mahur, Altın-köprü ve Hanekız regionlarını ələ keçirərək Kərkükün qapısına dirəndilər…”

    Materialda daha sonra yazılır:

    “Rəsmi sənədləri yandırdılar.

    Kürd milislərin ilk işi VVAQ idarələrinə axın eləmək oldu. Bütün qeydiyyat sənədləri və məhkəmə binasındakı bütün rəsmi sənədlər bir baxçada toplanaraq yandırıldı, bir qismi isə yük maşınlarına yüklənərək aparıldı. 1991-ci ildə də regiona girən kürdlərin ilk hücum elədiyi yerlər vətəndaşlıq vəziyyətinin qeydiyyata alınması idarələri idi. Məqsəd şəhərdəki türkmən və ərəb əhalisinə məxsus bütün qeydiyyatların silinməsi və Kərkükün kürd şəhəri olduğu iddialarına zəmin hazırlamaq idi. CNN-in  verdiyi xəbərə görə, kürd milislər bir nəfəri Kərkük valisi elan edərək şəhərin idarəsini ələ keçirdiklərini bildiriblər” (bax: http://www.gazetevatan.com/ilk-isleri-tapulari-yagmalamak-oldu-7751-irak-krizi/).

    Əslində isə, Mosul və Kərkük Türkiyənin tarixi hüququ olan ərazilərdir (bax: http://hurriyyet.org/xeberlenti/14590-mosul-ve-kerkukun-kupchalari-turkiye-arxivlerinde-saxlanilir.html).

    Bəzən ruhdan düşür, indi dəbdə olan termində deyildiyi kimi, “tükənmişlik sindromu” yaşayırıq. Lakin Dəmir Qapı Dərbənddən tutmuş Kərkükə, Borçalıdan, İrəvandan tutmuş, Təbrizə, İstanbula, Kərkükə, Mosula qədər hər yerdə vətənə ana deyilən, ərazisində neçə-neçə dövlət qurulan böyük bir yurdun övladı olduğumuzu və bu yurda onlarla dövlətin, dünya güc qütblərinin, milyonlarla terrorçunun hücum etdiyini dərk etdikdə, əslində  nə qədər şanlı bir tarixin varisi olduğunu anlayarıq.

    Hurriyyet.org