Paxıllıq, yaltaqlıq və ədalətsizlik

    6

     

    …biz bu dünyada  bütün xalqlardan seçilən yaltaqlarıq

    Bir dostum yana-yana deyirdi:

    – Niyə bütün Türkiyəni gəzsən, bir nəfər də səninlə Azərbaycan türkcəsində danışmır və danışmaz da. Bu hələ çox şeydə bizə oxşayan osmanlı qardaşlarımızdır. Amma bizdə  hamı – uşaq da, böyük də, fəhlə də, alim də, kişi də, arvad da hər hansı osmanlı türkünə rast gələn kimi o saat onunla sındırıb tökə-tökə osmanlı ləhcəsində danışmağa başlayacaq.  Axı niyə belə?

    – Çünki biz bu dünyada  bütün xalqlardan seçilən yaltaqlarıq.

    – Axı  nədən,  niyə  belədir?

    – Ləyaqətsizlikdən. Biz nəinki milli ləyaqətdən, ümumiyyətlə ləyaqətdən məhrum xalqıq. Əgər bizi xalq adlandırmaq mümkünsə.

    – Yəni mümkün deyil?

    – Qətiyyən. Çünki bir-birimizə  heç bir xalqda, heç bir millətdə mümkün  olmayan dərəcədə paxıllarıq. Bir dostum var. Az-az görüşsək də, demək olar ki, çox yaxınıq. Mən onlarda, o da bizdə çox olub. Onlarda da, bizdə də çox çörək yemişik. Amma açıq-aşkar hiss olunur ki, bu yazıq bizim görüşüb-söhbətləşməyimizə dözə bilmir. Səbəbkarı isə, əlbəttə mənəm. Çünki özünü çox savadlı hesab edən onunla nə barədə  müzakirə aparırıqsa, bu zaman onun mühakimələrinin yanlış olduğu üzə çıxır. Belə olanda o, əlbəttə daxilən pərt  olur. Bəs mən yazıq neyləyim? Neyləyim ki, onun hadisələrin dərinliyini  və səbəblərini anlamaq qüdrəti yoxdur. O yalnız faktları sadalayır və 100-dən 99 halda onları düz izah edə bilmir. Mübahisəyə girib axırda  səhv düşündüyü məlum  olur. Bu isə kimin xoşuna gələr? Ona görə ayda, ildə bir dəfə görüşürük.  Bu hələ ümumiyyətlə, qanan, savadlı, ən başlıcası isə, ləyaqətli və ədalətli  adamdır. Xalq isə 60 faizi diplomlu olsa da, amma özündən və ağlından razı adamlardır. Bu özündənrazılıq  əsassız  və  aşkar olanda o, quduza dönür. Bütün ölkələrdə mübahisə edənlərin   “məğlubu”  “qaliblə”  barışır, əksinə ona daha artıq hörmətlə yanaşır. Bizdə isə  bu yoxdur. Bizdə hörmət yox, nifrət əmələ gəlir. Bu nifrətin adı isə  P A X I L L I Q D I R.

     – Yaxşı, bunu da başa düşdük. Təbiətimiz belədir, anadan belə doğuluruq və qəbirə də belə gedəcəyik. Yaxşı, bəs axı hətta Bakıda doğulub yaşayan ruslarla  da niyə rusca danışırıq? Niyə onlar illərlə bizimlə qapı qonşu olub yenə öz dillərində, amma biz də onlarla  onların dilində  danışırıq. Axı dünyanın heç yerində belə şey yoxdur. Kim gedib hansı ölkədə yaşayırsa, onların dilində danışmağa məcbur olur. Çünki onunla ancaq öz dillərində danışacaqlar və danışırlar. Bizdə isə tamamilə əksinə. İş o dərəcədə rüsvayçı həddə çatıb ki, məlum olduğu kimi Bakıda demək olar ki, artıq rus yoxdur. Rus dili də dövlət dili deyil. Amma onlarla  orta və ali məktəblərdə minlərlə oğlan və qız təhsil alır. Bəs bu niyə belə?

     – Çünki  valideynlərdə nəinki milli ləyaqət anlayışı, hətta belə bir hiss yoxdur, ümumiyyətlə, mində bir faizimizdə də  ləyaqət hissi yoxdur. İnsan ləyaqətsiz bir iş görəndə utanar, məsələn, yalan danışanda qızarar. Bizdə isə artıq utanmaq və qızarmaq yerli-dibli yoxdur. Əksinə, zərrə qədər faydası olsa, ləyaqətsizliyimizlə  fəxr edirik. İnsanın ki, ləyaqət hissi olmadı, yaltaqlıq peşəkarı oldu, ondan nə desən gözləmək olar. Belə adam hətta satqınlığa belə, hazır olar. Məsələn, mənim yadımdadır ki, sovet dövründə elə bir adam tapmaq olmazdı ki, KQB-nin (DTK-nın)  xəbərçisi olmaq təklifindən imtina etsin. Hətta bunun üçün heç nə verilməsə belə. Mən məsələn, dünyanın ən pis milləti olan erməniləri demirəm, hətta ermənilərdə də kimə isə bu cür xəbərçilik təklifi edilərsə, əgər əvəzində heç nə verilməyəcəksə, heç kim razı olmaz. Bizdə isə hamı bunun üçün sinov gedirdi və gedir.

    Ona görə bizdə  üç insan eybi, bu üç yaramazlıq tüğyan edir. Bizim başqa xalqlardan fərqimiz budur. Təkrar edirəm, hətta İrəvanda belə heç bir dənə “russkoyazıçnı” ev, ailə tapmaq olmaz. Bizdə isə yüzlərlə belə ailələr var.

    Müsahibim pörtüb xeyli fikrə gedəndən sonra boğula-boğula, – hə elədir, – dedi.

    – Əlbəttə, bizim içimizdə də paxıllıq və yaltaqlıq nədir bilməyən ləyaqətli və alicənab nüsxələr və şəxsiyyətlər var. Amma təəssüf ki, çox azdır. Əlbəttə, insan mürəkkəb, ziddiyyətli məxluqdur. Bizdə isə bu ziddiyyət əndazəsizdir. Amma bir şey də var ki, məsələn, min il qabaq bəsirətli Keykavusun dediyi kimi – yaxşılarımızın dünyada tayı-bərabəri yoxdur. Dünyanın heç bir ölkəsində Üzeyir bəy kimi nə bir büllur insan, nə bir dahi sənətkar, nə də maaşını 40 nəfərə paylayan bir alicənab var. Eləcə də Hacı Zeynalabdin Tağıyev kimi. Bu da belə.

    Sizə şəxsən mənə aid olan iki paradoks vəziyyət təsvir edəcəyəm.

    – Buyurun, eşidirəm.

    – Mənim hazırda söhbətləşməyə, fikir bölüşməyə, hardasa  bir, yaxud  iki belə adam varsa,  onlarla da görüşə bilmirik. Çünki həm uzaqdadırlar, həm gərgin məşğuldurlar, həm də mənim bu istəyimdən xəbərsizdirlər. Amma əgər mən Platon, Aristotel və ya Monten,Nitşe və daha başqa mütəfəkkirlərlə yanaşı yaşasaydım, onların icazəsi, istəyi olardısa, az qala hər gün görüşər, söhbətləşər, onlardan öyrənər və  bununla da xoşbəxt olardım. Amma aydındır ki, mən başqa dövrdə və başqa insanlar arasında yaşamağa məcburam, elə bil əfilər və ya tülkülər arasında yaşayıram. Və taleyimlə barışmağa və düşündükərimi havaya söyləməyə, öz-özümlə bölüşməyə məcburam. Tamamilə tək-tənhayam. Əgər ayda bir-iki dəfə görüşdüyüm üç-dörd tələbəmi nəzərə almasaq.

    İkinci situasiya: Mənim son povest və romanlarım – “Artakserks və Midiya türkləri”, “Ehram”,  “Sasanilərin sonu”   “Azadlıqdan doyanlar”, “Təqib”    və s. demək olar ki, alınmır və oxunmur. Bu məni fərəhləndirir. Özümə inamımı, öz missiyamda və mövqeyimdə əminliyimi təmin edir. Məni daxilən xoşbəxt edir. Mənə kim və nə olduğumu dərk etdirir.  Bu, əlbəttə görünməmiş dərəcədə böyük lütf və xoşbəxtlikdir.

    Lakin axı eyni zamanda məni  firavanlıqdan məhrum edir. Ehtiyac içində yaşamağa məcbur oluram. Ona görə necə istəyirəm, mənim də Çingiz Abdullayev və Elxan Elatlının romanları kimi bir əsərim olaydı. Minlərlə  alıcısı  olar və mənə maddi firavanlıq bəxş edərdi. Amma mən həmin  romanı yaza bilmirəm. Axı mən necə dönüb primitiv olum. Bu  xoşbəxtlik mənim üçün əlçatmazdır. Ona görə  necə çətinliklə yaşadığımı təsvir etməkdə acizəm. Əlbəttə sizə aid olmayan bir şeir oxuyum: 

    Lampa çöldə nur saçır

    Sənsə evdə zülmətdə,

    Ləzzət ilə oturub

    Məmnunsan cəhalətdə.

    Lampaya paxıllığın

    Hakim olub beyninə.

    Beynin bu paxıllıqdan

    Sərməstdir ləzzət alır,

    Güc alır, qüdrət alır.

    Lampa çöldə xoşbəxtdir

    Boşluqlara nur saçır.

    Evdə zülmət içində

    Paxıllıq mələyilə,

    Sevgi aləmindəsən.

    Əlisa  NİCAT

    P.S. Məsələyə  birbaşa  dəxli olmasa da, qeyd edim ki, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına cəhalət (Ədəbiyyat)  İnstitutunda bütün yazdıqları  sovet ideologiyası, sosializm-realizm ənənəsi, Lenin-Stalin – Kommunist  Partiyasının təbliğindən ibarət olan Səməd Vurğun yaradıcılığına dair beynəlxalq simpozium keçirilib. Beynəlxalq dərəcədə kütbeyinlik və qanmazlıq simpoziumu. Doğrudan da gülməlidir. Xa-xa-xa-xa.