AMEA Naxçıvan Bölməsində cari ilin I rübünün yekunlarına dair hesabat dinlənilib

    6

     

    AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən Hurriyyet.org-a verilən məlumata görə, tədbiri Bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq aparılan elmi-tədqiqat işlərinin Naxçıvanın tarixi, maddi və mənəvi mədəniyyəti, mədəni mühiti, təbii sərvətləri, sosial-iqtisadi inkişafı, coğrafi şəraiti, potensial enerji mənbələri, biomüxtəlifliyi, qədim əlyazmaları, günəş sistemi cisimlərinin tədqiqinə həsr edildiyini bildirib. Qeyd edib ki, cari ilin I rübündə Bölmə əməkdaşlarının 1 dərsliyi, 4 monoqrafiyası, 4 kitabı, 131 elmi məqaləsi, 15 konfrans materialı və 1 tezis olmaqla 156 elmi əsəri nəşr edilib. Əsərlərdən 30 elmi məqalə və 12 konfrans materialı olmaqla 42 əsər xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 14-ü impakt faktorlu jurnallarda çap olunub. Eyni zamanda əməkdaşların 20 monoqrafiya, 8 kitab, 1 dərslik və 232 məqaləsi hazırlanaraq müxtəlif nəşriyyatlara təqdim olunub, qalan kitab və monoqrafiyalar üzərində işlər davam etdirilir. 3 patent hazırlanaraq aidiyyatı qurumlara təqdim olunub.

    Akademik 2017-ci ilin birinci rübündə bölmənin “Xəbərlər” jurnalının Humanitar və İctimai Elmlər seriyasının, eləcə də “Axtarışlar” jurnalının birinci nömrələrinin çapdan çıxdığını diqqətə çatdırıb. Bildirib ki, hesabat dövründə, həmçinin “Gülüstan türbəsi” (üç dildə) məqalələr toplusu nəşr olunub. O, cümlədən “Qarabağlar Türbə Kompleksi” (üç dildə) məqalələr toplusu, eyni zamanda (üç dildə) 392 səhifədən ibarət “Dədə Qorqud yurdu –Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas hazırlanıb, “Naxçıvan coğrafiyası” ikicildliyi üzərində işlər davam etdirilir. Bundan əlavə, bölmə tərəfindən hazırlanan “Naxçıvan tarixi” çoxcildliyi kitabı bu ilin fevral ayında Naxçıvan Muxtar Respublikası mükafatına layiq görülüb.

    Akademik “İslam həmrəyliyi İli” çərçivəsində bölmədə bir sıra tədbirlərin keçirildiyini, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dini Qurumlarla İş üzrə İdarəsi ilə birgə “İslam mədəniyyəti abidələri” fotoalbomunun və “İslamda müdrik kəlamlar” kitabının hazırlanmasına başlanıldığını söyləyib.

    Qeyd olunub ki, məkrli düşmənlərimiz Naxçıvanın tarixi, abidələri, ərazisi ilə bağlı saxta və uydurma fikirlər irəli sürür, bunları müxtəlif saytlarda yerləşdirir və İNTERNET vasitəsilə dünyaya yayırlar. Tədbirdə bildirilib ki, Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun və İncəsən, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları bu materialları izləyib, onları obyektiv dəyərləndirib və cavab veriblər.

    Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənov çıxış edərək bölmə inistitutlarının zəruri cihaz və avadanlıqlarla təmin olunduğunu bildirib. Əli Həsənov AMEA Naxçıvan Bölməsində verilən tapşırıqların icrası istiqamətində bir sıra işlər görüldüyünü lakin bütövlükdə yaradılan şəraitdən lazımınca istifadə edilmədiyini qeyd edib. Aparatın rəhbəri elmi tədqiqatların praktikada tədbiqinin vacibliyini vurğulayıb.

    İclasda Bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Taryel Talıbov, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev çıxış edərək görülən işlər barəsində məlumat verərək cari ildə qarşıya qoyulan vəzifələri yüksək səviyyədə yerinə yetirəcəklərini bildiriblər.

    Hurriyyet.org